Jurnalistlərə ev verilməsi ətrafındakı müzakirələr davam edir. Xüsusi ilə də 525-ci qəzetin baş redaktoru Rəşad Məcidin ev alan jurnalistlər arasında olması bəzi həmkarlarımızın narazılığına səbəb olub. Dünən Rəşad Məcid KİV-ə müsahibə verərək ona qarşı səsləndirilən fikirlərə cavab verib. R.Məcid müsahibəsində “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın adını xüsusi qeyd edib. Bu gün isə Azər Ayxan sosial şəbəkə vasitəsi ilə baş redaktora cavab verib:
“R.Məcid ev alan digər baş redaktorların içində mətbuatın diqqətini daha çox cəlb edən qəzet rəhbəridir. Bu təkcə mənzil mövzusunda belə deyil. İstənilən mövzuda adı hallanan beş nəfərin içində R.Məcid varsa jurnalistlər hamıdan çox onu ələşdirirlər. Bu yanaşma haqlıdır, haqsızdır, başqa mövzunun söhbətidir. Fakt budur ki, Rəşad müəllim mətbuat üçün maraqlı personadır. Bu dəfə də “ənənə” pozulmadı. Ev alan baş redaktorların içində ən çox tənqidə məruz qalan, müzakirəyə çıxarılan məhz o oldu. Amma bu tənqidlərin kütləviləşməsinə və intensivləşməsinə, R.Məcid özü əsas verdi. Biz onu ev aldığına görə yox, ev alandan sonra evsiz qalan həmkarlarına sanki acıq verirmiş kimi davranış ortaya qoymasına görə qınayırıq. Adam özü-özünü qınaq və tənqid hədəfinə çıxarır, sonra bunun günahını başqalarında axtarır. Bir az təvazökar davransaydı, əsəbləri cırmaqlayan açıqlamalar verməsəydi, inanın ki, məsələ bu həddə çatmazdı. Bir-iki günə unudulub gedərdi. “Mənim üç oğlum var, ona görə ev almalıyam” deyəndə evsiz jurnalist, əlbəttə, “bizim uşaqlarımız dovşan deyil” cavabını verəcək. Bu bina hansısa baş redaktorun oğul-uşağı üçün nəzərdə tutulmayıb axı...
R.Məcid mənim bir statusumu bu qədər böyütməklə, haqqımda onun özünə yaraşmayan ifadələr işlətməklə, üstəlik, Rauf Arifoğlunun adını bu məsələlər qatmaqla yanlışa yol verir.
R.Məcid qafqazinfo.az saytına müsahibəsində deyir: “İndi Mətbuat Şurasının yeni üzvü, köhnə dostumuz Rauf Arifoğlu yaxasını qırağa çəkib. Əgər o müvafiq instansiyaları öz işçilərinin evə ehtiyacı olduğunun vacibliyinə inandıra bilməyibsə və buna çalışmayıbsa, nəticədə onun redaksiyasındakı iki xanım əməkdaş ev almayıbsa, bunun altını Rəşad Məcid niyə çəkməlidir? Qəribədir ki, onun işçisinin tərbiyəsiz ifadələrinə öz qardaşı, “Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan da qoşulur”.
Əvvəla, R.Arifoğlu qəzetin xanım əməkdaşlarından birinin ev alması üçün xeyli çalışdı. Lazımı instansiyalara, gərəkən şəxslərə müraciət etdi. Amma təəssüf ki, bu, mümkün olmadı. Ona görə də “yaxasını kənara çəkdi” ifadəsi doğru deyil. Rauf bəy rəhbərlik etdiyi kollektivin hər bir üzvünün istənilən probleminə olduqca həssas yanaşır. O problemin həllinə çalışır. Əksər hallarda buna nail olur. Təəssüf ki, bu dəfə alınmadı. Lakin redaksiyanın iki əməkdaşına bu binadan ev verildi. Qadir İbrahimli isə Mətbuat Şurasının xətti ilə mənzil aldı. Yəni üst-üstə 3 “Yeni Müsavat”çı ev-eşik sahibi oldu.
Mənə olan ittihamlara gəlincə, mən kimlərinsə tərbiyəsiz sözlərinə, haqsız mövqeyinə dəstək verməmişəm. Rəşad müəllimin yerinə olsaydım, belə yalanlar danışıb özümü daha da komik durumlara salmazdım. Əksinə, redaksiyanın xanım əməkdaşlarından xahiş və tələb etmişəm ki, ev alan baş redaktorlar haqda facebookda, mətbuatda sərt, təhqiramiz statuslar yazmasınlar, açıqlamalar verməsinlər. Bu tələbimə görə xanım əməkdaşlardan biri məndən incidi, bir gün işə gəlmədi. Yəni biz qarşısını almasaq, prosesə müdaxilə etməsək, R.Məcid haqda daha kəskin sözlər, statuslar yazılar sosial şəbəkələrdə.
R.Məcid məni müdrikləşməməkdə də suçlayıb. Görünür, Rəşad müəllimin müdriklik anlayışı xeyli fərqlidir. Biz də onun kimi müdrik olsaydıq, jurnalistlərin binasından oğlumuza ev alıb evsiz jurnalistlərə acıq verərdik...
O, həmçinin bir ifadə də işlədib: “Azər Ayxan özünü elə aparır ki, elə bil, mən onun sevdiyi, qiymətli bir xəzinəni əlindən almışam, adamın çığırtısından qulaq tutulur”.
Rəşad müəllimin nəzərinə: mənim üçün qiymətli nə varsa mənim özümdədir. Kimsə mənim əlimdən nəyisə ala bilməz. Hələ Rəşad Məcid heç ala bilməz. Qiymətini, dəyərini itirən nəsə olanda onları çöp qutusuna atıram. Kimsə də onu tapıb sevincək tozunu üstünə silib istifadə edirsə, halal xoşu olsun...
Qaldı ki guya mənim çığırtımdan qulağının tutulmasına... Mən onunla bağlı yuxarıdakı statusdan başqa heç nə yazmamışam, heç nə deməmişəm. Bəs onun qulağı niyə küyə düşüb görəsən? Ola bilsin, R.Məcid ona olan hücumlardan o qədər təntiyib özünü itirib ki, səsləri və adamları səhv salır, qarışdırır...
Allah Rəşad Məcidin oğullarını xoşbəxt eləsin. Ataları onlara jurnalistlər üçün tikilən növbəti binadan da ev alsın. Ata olmaq ciddi məsuliyyətdir. Başqalarının övladları kirayələrdə çürüsə də olar. Onlar R.Məcid qədər xidmət göstərməyiblər axı.
Azərbaycan mətbuatında çox ciddi mənzil çatışmazlığı sindromu yaşanır. Bunu aradan qaldırmaq mümkündür. Amma mətbuatımızda hökm sürən vicdan çatışmazlığı sindromu heç cür sağalana oxşamır. Əksinə, getdikcə daha da artan tendensiya ilə inkişaf edir. Allah bütün xəstələrə və xəstəliklərə çarə qılsın... Amin deyək”.