Milli Məclisin deputatı Azay Quliyev Şirvan şəhəridə seçiciləri ilə növbəti görüşünü keçirib. Lent.az-ın məlumatına görə, görüşdə sakinlər Şirvan şəhərindən bir neçə km aralıda yerləşən Bayramlı qəsəbəsinin spesifik problemlərinə toxunub, həlli istiqamətində görülən işlərdən danışıblar. Qeyd edilib ki, prezidentin xüsusi diqqəti və qayğısı ilə Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər görülüb. Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə ən çox tikinti və bərpa işlərini məhz Şirvanda həyata keçirib, daha çox ziyan dəymiş ev sahibləri yeni evlərlə təmin olunub, qəzalı vəziyyətdə olan evlər yenidən təmir edilib, bir çox ailələrə maddi yardım göstərilib.
Tədbirdə iştirak edən gənclərin nümayəndəsi gənclərin asudə vaxtının təşkili, Şirvan şəhərində reallaşan QHT layihələrinə qəsəbə gənclərinin də cəlb edilməsi təklifini irəli sürüb.
Qəsəbə dini icmasının nümayəndəsi milli mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsi haqqında millət vəkili A. Quliyevin fikirlərini dəstəkləyib.
Millət vəkili Bayramlı qəsəbə sakinlərinin digər müraciət və şikayətlərinə baxıb, onların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edib.