“Müvafiq dövlət qurumları QHT-lərin qeydiyyatı ilə bağlı fəaliyyətlərini təkmilləşdirməlidir”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev söyləyib. O hesab edir ki, QHT-lərin qeydiyyatı ilə bağlı müddətin azaldılması məsələsinə baxmaq olar. Quliyevin sözlərinə görə, QHT-lərin qeydiyyatı təkcə Bakıda yox, Ədliyyə Nazirliyinin regionlardakı bölmələrində də aparıla bilər.
Sədr qeyd edib ki, Şura illik maliyyə dövriyyəsi 10 min manatdan az olan QHT-lərin maliyyə hesabatından azad edilməsi üçün Maliyyə Nazirliyinə müraciət edib. Nazirlik məsələyə müsbət yanaşıb və bu istiqamətdə iş gedir.
Quliyev martdan etibarən Şuranın QHT-lərin hesabatlarını elektron qaydada qəbul edəcəyini də açıqlayıb. O bildirib ki, növbəti müsabiqə zamanı Şura layihələri də elektron formada qəbul edəcək. Sədr keçən il Şuraya 735 layihənin təqdim olunduğunu, 348 layihəyə maliyyə dəstəyinin verildiyini bildirib. Bu məqsədlə 2 milyon 31 min manat ayrılıb.