Aysel Əlizadə yazır: “Əbədi günahkar...” – 27-ci MƏKTUB
26 fevral 2013 22:26 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Əbədi günahkar...” – 27-ci MƏKTUB

A bala, qadının əlinə fürsət düşən kimi iki dəfə dalbadal Nobel alıb. Özünü hərəm gününə qoyma. Tarixə bax, uğur qazanan həmcinslərinə bax, öz içinə boylan. Əşşi lap heç nəyə baxma. Sadəcə yaşa, zövq al həyatdan.

 

Bir dəfə qızlarla yığışmışdıq. Gah fala baxdıq, gah şeir oxuduq, gah rəqs elədik, gah idman elədik, yemək bişirdik, internetdə eşələndik, dəbdən danışdıq. Yedik, içdik, pis-pis anekdotlar danışdıq, ölümünə gülüşdük, bir-birimizə sataşdıq. Birdən ağlıma belə bir sual gəldi: “Görəsən kişilər bir yerə yığışanda nədən danışırlar, vaxtlarını necə keçirirlər, necə əylənirlər?”

 

İnandırım səni, qadın oxucu, boş-boş şeylər, təkrarçılıq, cansıxıcılıq. Ən ciddi söhbətləri də bilirsən də nədi, ağartmıram. Bir də intellektual kişi söhbətləri var. İlahi, ondan heç danışmıram. Nə qədər oxuyurlar, öyrənirlər yenə öz qabları dolmur. Elə hey misallarla yaşayırlar. Dəhşətdi...

 

İndi intellekti olmayanın nələr danışdığını təsəvvür elə.

 

O bir-iki saatı necə maraqlı keçirdik qadınlarla. Kişinin heç 15 dəqiqəsi belə maraqlı olmur. Bütün günü sallana-sallana ora gedir, bura  gedir.

 

Gör nə qədər üstünlüyün var. Üstəlik ev işi bacarırsan, cürbəcür yeməklər hazırlayırsan, çöl işini də bacarırsan - istənilən yerdə işləyə bilirsən. Sevinə bilirsən, sevə bilirsən, əylənə bilirsən, təmizkarsan, səliqəlisən, rəhmlisən, kövrələ bilirsən, yazığın gəlir, doğursan, əzizləyirsən. Yaxşı həkim də olursan, alim də, müəllim də, yazıçı da, saç ustası da, satıcı da, kosmetoloq da, stüardessa, rəhbər işçi, nazir, millət vəkili, bağça müəllimi, rəssam, bəstəkar, dizayner, sürücü, evdar xanım, aşbaz... Bir cüt bir tək kişi aşbazı olur, tez gözümüzə soxurlar: “Ən yaxşı aşbazlar kişilərdi” . Görməmişin oğlu oldu... Biz heç Yelizavetanı onların gözünə soxmuruq.

 

Bir filosof yazıb ki, bircə dənə kişi üstünlüyü deyən adamın qarşısında bütün nəzəriyyəmi geri götürərəm. Sən də fikirləş, bəlkə tapdın.

 

Sözün düzü, bir az da onun təsirindəyəm. Ancaq bir məsələ var da, təsirdən partlayış olursa, demək mövzu çoxdan yetişib bir işarə gözləməkdədi.

 

İncidir səni, anlamır, diqqət yetirmir, aldadır? Rədd elə.

 

Sən onsuz elə gözəl yaşayacaqsan ki. O heç paltarını da ütüləyə bilmir, ay qadın. Bu adam öz alt paltarını sənə yudurdur.

 

Robot kimi işə gedib gəlməkdən başqa  bacardığı bir şey yoxdu. Yox, var, yaxşı alkaşlığı var, narkomanlığı var, saatlarla kafedə dostlarıyla oturub eyni şeylərdən danışmağı var. Vəssalam.

 

Dar ayaqda da səni günahkar bilir. İstəyirsən bir əhvalat da danışım. Bir ailə tanıyırdım. Kişi ömrü boyu gəzib dolandı özü üçün. Mer-meyvə alıb atırdı evə, gedirdi arvadbazlığa. Baxmadığı qadın, tamah salmadığı dişi yox idi. Bir gün də tamamən evdən getdi başqa qadının yanına.

 

Onu qınayanlara bilirsən nə dedi axırda? “Arvadım günahkardı”. Heç ağlımda qalmayan gic-gic səbəblər gətirdi. Qadına üç uşaq doğuzdur, illərlə xəyanət elə, hər tərpənən şeyə tamah sal, evdə düz-əməlli olma və axırda da de ki, arvadım günahkardı.

 

İstənilən kişini dindir, qadını günahkar biləcək. Guya qadın kişidən razıdı.

 

Fərq ondadı ki, sən ona yaşatdığı dəhşəti bağışlayıb dözürsən, o isə narazılığını xəyanətlə ödəyir, yalan satır gözlərinin içinə.

 

Özünə nə qədər hörmət eləmirsən...dəhşət.

 

Qadınların əbədi rəqabəti onların öz cinslərinə hörmətsiz, önəmsiz yanaşdıqlarına ən böyük sübutdu. Rəqabətin kökündə kişi faktoru var. Bir kişi üçün bir-birimizə “fahişə” deməyə hazırıq. Necə utancverici.

 

Uğurlu bir qadını ətrafda bütün qadınlar yamanlamağa çalışır. Nə var ki, kişilərin diqqətini daha çox çəkir. Nə var ki, adı hallanır. Nə var ki, öndədi. Olsun. Sən də çalış, sən də uğur qazan. Sən də öz cinsini önə çək, hallandır. Kişilər nə karədilər axı, öz həmcinsinə onlara görə bu qədər nifrət edirsən. Həmcinsinə nifrət özünə nifrətdi. Sənin qadın adlanan varlığa sayğın yoxdu. Dərk eləmirsən özünü. Deməli əslində özünə sayğın yoxdu. Dərk eləsən bütün qadınlara hörmətin olar. Bir yaxşı misal var: istedadlı adam heç vaxt hansısa istedada paxıllıq eləməz. Özünə hörmət edən qadın da öz cinsini sevən qadındı. O heç vaxt başqa qadına nifrət eləməz. 

 

Həmin bu altı il sevgilisinin arxasınca sürünən qız axırda oğlana ərə getdi. Uşağı da oldu. Amma!

 

Amması bu: heç nə dəyişmədi. Yenə eyni vəziyyət. Yenə kişi onu aşağıladı, heç vaxt xoş söz demədi, qayğı göstərmədi, həmişə narazı qaldı və qadın həmişə tək hiss elədi özünü. Sanki heç yanında bu adam yoxdu. İndi vəziyyət daha acınacaqlıdı. Əvvəl küsəndə öz evində olurdu, görüşmürdü, sakitləşə bilirdi. İndi bir evdədilər. Dəhşət və kabus yaşayır. Dəli kimi, hətta it kimi peşmandı. Vəziyyət dəyişməyəcəkdi. Ancaq bunu ona izah etmək mümkün deyildi. Ağlına qoymuşdu, vəssalam. Adamın xasiyyəti necə dəyişə bilər kökündən? Hansısa fikri dəyişər, hansısa inamı dəyişər. Amma bütünlüklə dəyişə bilməz. Əvvəldən onun münasibəti bəlli idi.  Belə də davam edir. Bütün günü dalaşırlar, söyüşürlər, yola getmirlər.

 

Və sən buna göz yummaq istəyirsən, nə var, nə var böyrümdə bir qanmaz olsun?

 

Öndə olmağa can atmır, istedadını, bacarığını qurban verir qadın. Məişət avadanlığına çevrilir. Halbuki həyatı çiynində daşıyır. İnsanlığın kökünü kəsilməyə qoymur. Sevgini yaşadır, duyğuları yaşadır.

 

Biz beləyik...Özümdən misal verə bilərəm. İllərdi yazıram. Bütün məktublar, fikirlər, tənqidlər, təriflər ancaq kişilərdən gəlir. İstisna hallar olur, amma mövzu bu deyil.

 

Çözülən, danışılan, müzakirə edilən - həddini aşıb problemə çevrilən vəziyyətdi. Mövzu - çoxluğa, küll halına, “doxsan faizə”, “əsasən”ə çevrilən vəziyyətdi; problem budu. İstisna mövzu deyil. 

 

Sənə demək istəyirəm ki, qadın oxucu, özünü ayaqlar altına atma. Dolu olmayan məxluqu dolu qəbul etmə, boş ver getsin...

 


[email protected]

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199
avatar

Oxşar yazılar