Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Tofiqqızının əməliyyat zamanı dünyasını dəyişməsi ilə bağlı yenidən baş prokuror Zakir Qaralova müraciət edib.
Lent.az-a daxil olan məlumata görə, jurnalist son müraciətində baş prokurorluğun E.Tofiqqızının ölümünün səbəbi ilə bağlı yaydığı məlumata istinad edərək bildirib ki, bu açıqlama faktiki olaraq əməliyyatda iştirak edən həkimlərdən yalnız anestezioloqun məsuliyyət daşıdığı haqqında rəy yaradır.
Jurnalist müraciətində bildirib ki, əməliyyatda iştirak edən həkimlər məsuliyyəti anestezioloqun üstünə yıxmaqla, özlərinin məsuliyyətdən yaxa qurtardıqlarını artıq bir neçə dəfə bəyan ediblər: “Hətta həmin şəxslərin cinayət işinin aparıldığı Nəsimi Rayon Prokurorluğu ilə “anlaşdığı” barədə qeyri-rəsmi məlumat aldığımı artıq ötən məktubumda sizin diqqətinizə çatdırmışam. Əlbəttə, həyat yoldaşımın vəfatının və iki körpə balamın anasız qalmasının birbaşa səbəbkarı həm də anestezioloqdur. Ancaq bu əməliyyatın zəruri olmadığı, bizim yalnız tamah məqsədi ilə aldadıldığımızı, məndən daha çox pul alınması üçün bu kiçik əməliyyatın böyüklüyü görüntüsü yaradıldığı, heç bir ehtiyac olmadığı halda əməliyyatın narkozla həyata keçirilməsində həkimlərin israr etdiyini bir daha vurğulayıram. Bununla bağlı Nəsimi Rayon Prokurorluğuna zərərçəkən kimi verdiyim iddialar üzrə bu vaxta qədər heç bir istintaq hərəkətinin aparılmaması təbii ki, məndə şübhələr yaratmaya bilməzdi və məhz buna görə də sizə müraciət etdim”.
A.Niftəliyev daha sonra müraciətində qeyd edib ki, bu hadisə əməliyyatda iştirak edən hər üç həkimin (onkoloq Mahir Məmmədov, asisstent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov) əlbir olaraq, tamah məqsədilə həyata keçirdiyi, ancaq öz iradələrindən asılı olmadan baş tutmamış dələduzluğun acı nəticəsidir: “Anestezioloqun əməliyyat zamanı heç də öz iradəsi və şəxsi qərarı ilə hərəkət etmədiyini müəyyənləşdirmək üçün müstəntiqin əlavə sorğu verməsinə də ehtiyac yoxdur – bunu özü də təsdiqləyə bilərdi. Bu əməliyyat üçün narkoz tələb olunmadığı halda, niyə narkozdan istifadə edilməliydi? Niyə həkimlər mənim və həyat yoldaşım Elnarə Tofiqqızının israrlarına baxmayaraq, narkozun vacib olduğuna bizi inandırdılar? Ümumiyyətlə, bu əməliyyatın aparılmasına ehtiyac vardımı? Niyə bizi aldadaraq “Medi Sina” klinikasında əməliyyat aparılmasına inandırdılar?”
Jurnalist bildirib ki, Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, cinayət işini aparan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev hələ də heç bir istintaq hərəkəti aparmır və ümumiyyətlə, yekun komisyon ekspertizanın rəyindən sonra həkimlərin məsuliyyətini müəyyənləşdirən sorğu göndərib, cavablar almayıb: “Əvəzində isə komisyon ekspertizanın yarımçıq, heç bir halda onu və istintaqı qane etməyəsi rəyi cinayət işinə əlavə olunub və bununla da istintaq öz yarımçıq işini bitmiş hesab edir?”
A.Niftəliyevin sözlərinə görə, dekabrın 11-də o, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsi tərəfindən dəvət edilib və ona işin birbaşa baş prokurorun nəzarətində olduğu bildirilib: “Mənə vəd olunan müddət hələ tamam olmayıb və inanıram ki, sizin şəxsi diqqətiniz bu işdə qısa müddətdə öz sözünü deyəcək, bu dələduz qatillərin hər biri ayrı-ayrılıqda layiq olduqları cəzanı alacaq və bu fakt da həkim terrorunun qarşısının alınmasına Respublika Prokurorluğunun, şəxsən sizin ən dəyərli töhfəniz olacaq.
Ona görə də cinayətdən yaxa qurtarmaq üçün çalışan və müxtəlif vasitələrlə istintaqa, komisyon ekspertizanın rəyinə təsir göstərən, nəticədə çoxlu suallar doğuran ekspertiza rəyini cinayət işinə daxil etdirməklə, əlavə araşdırmalara mane olan qatillərin də, nədənsə bu qatil həkimlərin istəyinə uyğun davranan hüquq-mühafizə orqanı əməkdaşlarının da hərəkətlərinə hüquqi qiymət verilməsi üçün bir daha tapşırıq verməyinizi və istintaqın ədalətli və sürətli keçirilməsini təmin etməyinizi sizdən xahiş edirəm”.
Qeyd edək ki, APA-nın bu gün yaydığı məlumata görə, aparılan ekspertiza ilə E.Tofiqqızı üzərində anestezioloqun düzgün anesteziya əməliyyatı aparmadığı müəyyən olunub. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.
1977-ci il təvəllüdlü E. Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.
Xatırladaq ki, A. Niftəliyev mətbuata açıqlamasında ekspertizanın ilkin rəyinə əsaslanaraq, E. Tofiqqızının həkim məsuliyyətsizliyi və səhlənkarlığı üzündən dünyasını dəyişdiyini bildirib.