Anar Məmmədov “İlin altun adamı” mükafatına layiq görüldü
14 iyun 2014 12:16 (UTC +04:00)

Anar Məmmədov “İlin altun adamı” mükafatına layiq görüldü

Mükafatı Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Mövlud Çavuşoğlu təqdim edib.

 

Türkiyədə “İpək Yolu” Beynəlxalq Media Qrupu tərəfindən təsis edilmiş nüfuzlu “İlin altun adamı” mükafatının builki laureatlarının adları məlum olub.

Lent.az-ın məlumatına görə, bu il “Garant Holding”in İdarə Heyətinin sədri Anar Məmmədov Azərbaycan-Amerika Alyansının rəhbəri olaraq Amerikada Azərbaycan mədəniyyətinin tanınması, Qarabağ və Xocalı məsələsinin gündəmə gətirilməsi, bu mövzuda lobbiçilik üzrə göstərdiyi uğurlu fəaliyyətə görə beynəlxalq “İlin altun adamı” mükafatına layiq görülüb.

Qeyd edək ki, nüfuzlu “İlin altun adamı” mükafatı artıq 11-ci ildir ki, təqdim olunur. Hər il müxtəlif ölkələrdən dövlət nümayəndələri, iş adamları, sənətçilərin toplaşdığı bu mükafata Türkiyə Cümhuriyyəti Baş nazirinin köməkçisi, Türkiyə Böyük Millət Məclisinin spikeri, millət vəkilləri, bələdiyyə rəhbərləri, müxtəlif sənət adamları, vətəndaş cəmiyyətinin nümayəndələri və media tərəfindən böyük maraqla qarşılanmaqdadır.

“İlin altun adamı” mükafatını hər il təqdim edən “İpək yolu” Media Qrupu media dünyasında 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Qəzet və televiziya mütəxəssisi Seyfullah Türksoyun qurduğu “İpək yolu” Media Qrupu indiyədək 10 böyük televiziya kanalında 3000 qədər proqram yayımlayıb.

Media qrupu müxtəlif 20 ildən çoxdur ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz töhfəsini verməkdədir. Media qrupu müxtəlif illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqqında reportajlar hazırlayıb, Qarabağ və Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün proqramlar təqdim edib. 

“İpək Yolu” jurnalı və “İpək Yolu” Strateji Araşdırmalar Mərkəzinin iş birliyinin nəticəsi olan 11-ci “İlin altun adamı” mükafatının builki təqdimetmə mərasimi iyunun 13-də İstanbulun “Gönən” otelində baş tutub.

Tədbirdə Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Mövlud Çavuşoğlu, meşə və su təsərrüfatı naziri Veysəl Əroğlu, Türkiyənin hakim “Ədalət və İnkişaf” Partiyasının baş katibi Haluk İpek, Qazaxıstanın səfiri Canseyit Tüymebayev, Azərbaycanın Türkiyədəki səfiri Həsən Sultan Zeynalov, Özbəkistanın Türkiyədəki səfiri Əbrar Qulamov, Rusiyada İlin iş adamı İlham Rəhimov, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Camal Yanğın və digər tanınmış dövlət və ictimai xadimlər, mədəniyyət nümayəndələri iştirak ediblər.

“İlin altun adamı” mükafatını Anar Məmmədova Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Mövlud Çavuşoğlu təqdim edib.

Mükafatlandırma mərasiminə Türkiyədən başqa ABŞ, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rumıniya, Kosovo, Hollandiya, İspaniya və digər ölkələrdən önəmli qonaqlar qatılıb. Mərasimə eyni zamanda bir çox nazir və millət vəkilləri ilə yanaşı bələdiyyə başçıları, akademiklər, iş adamları, STK təmsilçiləri, fikir, sənət, siyasət, idman, media dünyasının önəmli təmsilçiləri qatılıblar.

# 1160
avatar

Oxşar yazılar