AMEA-nın 82 yaşlı professoru vəfat edib
28 dekabr 2017 10:49 (UTC +04:00)

AMEA-nın 82 yaşlı professoru vəfat edib

AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru, professor  İlyas Atababa oğlu Babayev  uzun sürən xəstəlikdən sonra dekabrın 27-də 82 yaşında vəfat edib. AMEA-dan Lent.az-a verilən məlumata görə, mərhum professor İ.Babayev dekabrın 28-i, saat 13:00-da Quba rayonu Xanəgah kəndinin qəbiristanlığında dəfn ediləcək.

 

İlyas Babayev 1935-ci il martın 23-də Quba rayonunun Xanəgah kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirən İlyas Babayev Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışmağa başlayıb.

 

Tarix İnstitutunun arxeologiya şöbəsində çalışan İlyas Babayev 1962-ci ildə Leninqrada (Sankt-Peterburqa) aspiranturada oxumağa gedib. SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində İlyas Babayev dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, Leninqrad Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini də öyrənib.

 

O, 1965-ci ildə “Azərbaycanın antik və orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 1987-ci ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

2007-ci ildə AMEA-nın müxbir üzvü seçilən İlyas Babayev elimi-pedaqoji fəaliyyəti ilə yanaşı, respublikanın elmi-təşkilatı işlərində də yaxından iştirak edib. 2001-2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının üzvü, 2008-2009-cu illərdə Belçikada yerləşən beynəlxalq təşkilat İNTAS-ın tədqiqatlara qrantlar verilməsi üzrə qiymətləndirmə eksperti, 2008-ci ildən Azərbaycan Ensiklopediyası redaksiya heyətinin üzvü, 2010-cu ildən “AMEA-nın Xəbərləri”nin, Tarix, fəlsəfə, hüquq seriyasının Redaksiya Şurasının üzvü, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, 2013-cü ildən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Dissertasiyaların Müdafiəsi Şurasının üzvü olub.

 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi mərhum professor İ.Babayevin ailə üzvlərinə və əzizlərinə dərin hüznlə başsağlığı verir, görkəmli alim və səmimi insan İlyas Atababa oğlu Babayevin əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını bildirir.

 

 Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar