Ali təhsil və elm haqqında qanun layihələri ilə bağlı müəmma
23 yanvar 2013 18:40 (UTC +04:00)

Ali təhsil və elm haqqında qanun layihələri ilə bağlı müəmma

Komitə üzvü: “Tələbələrin yerləşdirilməsi qaydası dəyişə də, belə qala da bilər”

 

Milli Məclisin Elm və təhsil komitəsi yaz sessiyasında müzakirə olunmaq üçün parlamentə “Ali təhsil haqqında” və “Elm haqqında” qanun layihələrini təqdim edəcək.

 

Bunu Lent.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev söyləyib.

 

Millət vəkili deyib ki, bu qanun layihələri parlamentin bu ilki payız və yaz sessiyasının gündəliyinə də salınıb: “Ancaq təəssüflər olsun ki, “Ali təhsil haqqında” və “Elm haqqında” qanun layihələrinin hər sessiyadan əvvəl parlamentin iş planına salınmasına baxmayaraq, şəxsən mənə məlum olmayan səbəbdən həmin qanun layihələri parlamentdə müzakirəyə çıxarılmır. Bu qanun layihələri müəyyən mənada hazırdır. Ümumiyyətlə, təhsillə bağlı bir neçə qanun qəbul olunmalıdır. Bura “Orta ixtisas təhsili haqqında”, “Peşə təhsili haqqında” qanun layihələri də daxildir. Çünki biz “Təhsil haqqında” ümumi çərçivə qanununu qəbul etmişik. Ancaq sahələr üzrə ayrı-ayrı qanunlar qəbul edilməlidir”.   

 

Əhməd Vəliyev bu yaz sessiyasında da “Ali təhsil haqqında” və “Elm haqqında” qanun layihələrinin müzakirəyə çıxarılıb-çıxarılmayacağını söyləməkdə çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, ali təhsil müəssisələri “Təhsil haqqında” ümumi qanun çərçivəsində fəaliyyətlərini qurub, sadəcə, “Ali təhsil haqqında” qanunda müəyyən parametrlər nəzərə alınmalı, tam açıqlanmalıdır.

 

Əhməd Vəliyev Elm və təhsil komitəsinin təqdim etdiyi “Ali təhsil haqqında” qanun layihəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun necə nəzərdə tutulduğu barədə sualı da cavablandırıb: “Ali təhsil haqqında” qanun layihəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun müvafiq icra orqanının çıxardığı qərar, müəyyən etdiyi qayda əsasında tələbə qəbulunun aparılması nəzərdə tutulub. Bu gün demək olmaz ki, test bu şəkildə davam edəcək, tələbə yerləşdirilməsi də bu şəkildə aparılacaq. Tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi qaydası dəyişə də, belə qala da bilər. Bu, müvafiq icra orqanının verdiyi qərardan asılıdır. Bizə əsas o lazımdır ki, müəyyən mənada qabiliyyəti olan insanları üzə çıxara bilək. Eyni zamanda bu imtahanın nəticəsinə görə bilək ki, qəbul olun tələbəyə hansı proqram əsasında hansı səviyyədə tədris prosesini başlamalıyıq. Yoxsa nə fərqi var ki, tələbə qəbulunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK), ayrı-ayrı müəllimlər, yaxud universitet özü apardı. Bu, biliyin qiymətləndirilməsidir. Əsas tədris prosesinin qurulmasıdır. Təbii ki, dünyanın hər yerində bilik qiymətləndirilir, sonra ayrı-ayrı universitetlərə müraciət olunur. Bu gün Azərbaycanda həmin işi TQDK yerinə yetirir.  Abituriyentlər ərizə verəndə hansı universitetlərə getmək istədiklərini göstərir, tələbələr universitetlərə TQDK-nın əmri ilə gəlir. Yaxud TQDK onları əmr verib göndərmədi, həmin abituriyent yığdığı balla Odlar Yurdu Universitetinə, Bakı Dövlət Universitetinə, yaxud başqa ali məktəbə müraciət etdi, yenə də eyni məsələdir. Yerləşdirməni kimin aparmasından asılı olmayaraq biz bu gün qabiliyyəti olanları seçməli, onlara diqqət yetirməliyik”.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2561
avatar

Oxşar yazılar