Ali təhsil müəssisələri: sosial şəbəkələrdə necə fəaliyyət göstərməli
08 yanvar 2013 14:23 (UTC +04:00)

Ali təhsil müəssisələri: sosial şəbəkələrdə necə fəaliyyət göstərməli

Yaşadığımız dövr bütün sahələrdə, o cümlədən ictimai-siyasi, sosial və mədəni həyatın inkişafında informasiya kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyini ortaya qoyur. Məlumat, xəbər və hadisələrin operativ, obyektiv və qərəzsiz işıqlandırılması isə kütləvi informasiya vasitələrinin qarşısında duran vəzifələrin əsasını təşkil edir. KİV-in əsas meyarı olan və jurnalistikanın 3 əsas funksiyalarından birincisi məlumatlandırmaq funksiyası bütün zamanlarda jurnalistlərin həqiqəti yaymaq və peşəkarlığa söykənərək həmin həqiqətləri obyektiv şəkildə yaymaq məsələsi müasir zamanda informasiya texnologiyaları vasitəsilə daha operativ, tez və asan əldə olunur.

 

Amma bu gün nəhəng informasiya maşınından çıxan, xəbərə çevrilən, ictimai-sosial həyata birbaşa təsir edən məlumatların seçimində əsas götürülən meyarlar məhz KİV tərəfindən müəyyənləşir. Cəmiyyətin tələbatı, ictimai rəyin, bəlli bir auditoriyanın zərurət duyduğu xəbər və məlumatların müasir insanın zövqünün, maraqlarının, dəyər və düşüncələrinin təmin olunmasında KİV öz seçimini müxtəlif cür müəyyənləşdirir. Əgər müəyyən bir müşahidə aparsaq, bu gün qəzet və TV-dən çox önə keçmiş informasiya sayt və portallarına nəzər salsaq, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində xəbərlərin monitorinqini aparsaq, hər şey aydın olar. Hansısa təhsil müəssisəsinin xəbəri sayt rəhbərliyi tərəfindən daha az oxucu toplayacağına görə, çox zaman ictimai marağı az olan material kimi qiymətləndirilir. Təəssüf ki, bu cür yanaşma KİV-in maarifləndirmək funksiyasını kölgə altına salaraq, çox zaman məhz əyləncənin üst qata çıxmasına yol açır. Bildiyimiz kimi, jurnalistin, KİV-in ictimai rəyə təsir etmə imkanları çox güclüdür, bunu heç kim dana bilməz. KİV-in, medianın ictimai rəyi təkcə yönəltmək deyil, həm də formalaşdırmaq xüsusiyyətləri var. Ali təhsil müəssisələri üçün isə, onun fəaliyyətinə verilən qiymət, cəmiyyətin mövqeyi, ictimaiyyətin rəyi mühüm bir yer tutur.  Ali məktəbin imicini düzgün formalaşdırmaq, cəmiyyətdə tutduğu mövcud nüfuzunu daha da yüksəltmək mütləq ali təhsil müəssisəsinin media ilə əlaqələrini lazımınca qiymətləndirməyi zəruri edir. Bu da, təbii ki, ali təhsil müəssisələrinin mətbuat xidməti strukturunun KİV-lə əməkdaşlığı sayəsində əldə oluna bilər.   

 

Azərbaycanda ali təhsil müəssisələrinin mətbuat xidməti strukturu ilə geniş mənada KİV-in tanışlığı 2008-ci ildə ADU-da İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin yaranmasından sonraya təsadüf edir. Belə ki, ilk dəfə Azərbaycanda ADU Mətbuat xidməti strukturunun işinin bir qurum olaraq önə çəkilməsi mühüm hadisəyə çevrildi və mətbuatla əlaqənin ali təhsil ocağı üçün nə qədər vacib olduğunu ortaya qoydu. Heç də təsadüfi deyil ki, uzun illər ali təhsil məktəblərində yaradılmış analoji stukturlar və ya məhz bu sahəyə məsul qurumlar KİV-lə əlaqəni lazımınca qiymətləndirməmişdilər və bu sahədə boşluq hökm sürürdü. Məhz ADU mətbuat xidmətinin fəaliyyəti və işi digər ali təhsil müəssisələrinə nümunə olmuş və bizim mətbuat xidmətinin həyata keçirdiyi layihələrin təcrübəsindən qaynaqlanmışlar. Çox sevindirici haldır, çünki ali təhsil müəssisəsi cəmiyyətin bütün zümrələrinin, sosial mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın bu və ya digər formada bağlı olduğu bir müəssisədir. İstər işçi, istər müəllim, istərsə də tələbənin, hər birinin ailə üzvlərindən kimsə mütləq hansısa təhsil müəssisəsi ilə bağlıdır. Ali təhsil müəssisələrinin auditoriyası bu baxımdan çox genişdir. Tələbə kontingentinin maraq dairəsində olan və cəmiyyətin hər zaman əsasını təşkil edən gənc nəslin əsas məkanı məhz ali təhsil müəssisəsidir. Ali məktəblər ictimaiyyətin, cəmiyyətin hər zaman maraq duyduğu yerdir. Ali təhsil müəssisəsinin fəaliyyəti nə qədər ictimaiyyət üçün açıq və cəmiyyət üçün əlçatan olacaqsa, o zaman həmin təhsil ocağı öndə gedəcək. Təbii ki, burada əsas iş və vəzifənin icrası müəssisələrin mətbuat xidmətinin üzərinə düşür.

 

Mətbuat xidməti bütün müəssisə, qurum və təşkilatlarda eyni funksiya daşıyır və ən əsası işini KİV-lə əlaqənin həyata keçirilməsinə yönəldir. Ali təhsil müəssisəsinin mətbuat xidmətini, fikrimcə, bu baxımdan bir qədər səciyyələndirmək olar. Çünki ali məktəb həyatını əks etdirən məlumatlar daha rəngarəng və fərqlidir. Ali məktəblərin mətbuat xidməti əməkdaşları bir gün universitet rəhbərliyinin rəsmi görüşünü yayırsa, o biri gün məhz tələbə gənclərin keçirdiyi hansısa tədbiri işıqlandırmaq istəyir. Gənclərin tərbiyəvi, mənəvi istiqamətdə yetişməsində məhz tələbələrin özünün irəli sürdüyü təşəbbüslərin reallaşması və bu məsələlərin mediada işıqlandırılması ali məktəbin cəmiyyətdə tanınmasına yol açır. Mətbuat xidmətinin işi bütün hallarda ölkə KİV-i ilə əlaqələrdən keçir. KİV-in köməyi ilə mətbuat xidmətinin təmsil etdiyi qurumu təbliğ etməklə, onun fəaliyyətini işıqlandırmaqla öz auditoriyasına ünvanlanır. Ali təhsil müəssisəsinin Mətbuat xidmətinin işi təmsil etdiyi ali təhsil ocağını bir sıra istiqamətlərdə, o cümlədən gənc nəslin tədris, təhsil, tərbiyəvi, ali məktəbin beynəlxalq əlaqələri və universitetin ictimai fəaliyyəti ilə tanış və təbliğ etməkdir.  Ali təhsil müəssisəsinin Mətbuat xidməti olaraq ADU-nun Mətbuat xidməti öz işini vacib olan bu əsas istiqamətlər üzrə qurur.

 

Piar işinin təşkilində rəqabətin meydana çıxması üçün şəraitin olması vacib məsələlərdir. Ali təhsil ocağı, istər universitet, istər elmi tədqiqat institutu, istər kollec və peşə məktəbinin fəaliyyəti cəmiyyətin diqqətinə mütəmadi çatdırılmalıdır. Mətbuatla əlaqə və KİV-in imkanlarına uyğun inkişaf strategiyası həyata keçirən ali təhsil ocaqları bundan bəhrələnməlidirlər, çünki cəmiyyətlə ən yaxşı ünsiyyət, gənc nəslə birbaşa müraciət üsulu media ilə qurulur. Gələcəkdə tələbə cəlb etmək, öz qapılarını savadlı, bacarıqlı və çalışqan gənclərə açmaq istəyən ali təhsil ocağında media ilə iş ön sıralarda durur.

 

Bu gün danılmaz faktdır ki, İKT-ın inkişafı KİV-in sürətli inkişafını qabaqlayır. Artıq KİV-in ən operativ yayımı sayt və portallarla həyata keçirilir. Əgər keçən əsrin sonlarına qədər televiziya daha operativ xəbər daşıyıcısı və yayan KİV heab olunurdusa, hazırda TV kanalların “Xəbərlər” informasiya proqramı gün ərzində saytlarda, portallarda yayımlanan xəbər və məlumatlara əsasən efirə çıxır. Bununla yanaşı, sosial şəbəkələr artıq xəbər paylaşma, xəbər oxuma və bəyənməyə görə öndə gedir, Saytlarda KİV-ə ötürülən xəbər, məlumat, hətta fotolar Facebook, Twitter kimi sosial şəbəkələrdə, müxtəlif səhifələrdə daha tez yayımlanır. Məlumatın ötürülməsi və yayılması, sosial şəbəkələrdə daha operativ və asan olur. Rəy bildirən oxucu mövqeyi, fikirləri  ilə də elə yerindəcə tanış olmaq olar. Əgər saytlar şərh hissəsi vasitəsilə yayımladığı məlumata münasibət öyrənirsə, bu sayt redaktorunun “yoxlama” sından, bəlli bir süzgəcdən keçib yerləşdirilirsə, sosial şəbəkədə xəbərə, məlumata, hadisə və şərhə rəy (“comment”) bir anda öz əksini tapır. Ali təhsil müəssisəsi üçün də bu, çox vacibdir. Sosial şəbəkələr KİV-in özünün fəaliyyətini bir növ idarə edir.  Belə ki, Facebook, Twitter və digər sosial şəbəkələrdə paylaşılan hansısa xəbər linki (xətti) bizi həmin mənbənin (sayt və ya portalın) özünə yönəldir, paylaşmaqla özünə yeni oxucu toplaya bilir.

 

Ali məktəblər içərisində ilk dəfə olaraq ADU-nun Mətbuat xidməti sosial şəbəkələrdə də fəaliyyətini qurmuşdur. Belə ki, ADU Mətbuat xidməti facebookda xüsusi olaraq AUL Press Service (ADU Mətbuat xidməti) səhifəsi yaratmış və burada universitet haqda məlumatlar, tədbirlər, görüşlər, tələbələrin yazıları öz əksini tapır. Gənclərin maraq göstərdiyi və vaxtlarının çox hissəsini keçirdiyi sosial şəbəkələr bu gün hər birimizin həyatına elə daxil olub ki, bu aludəçilikdən “yaxa qurtarmaq” artıq mümkün deyil. AUL Press Service ADU Mətbuat xidməti tərəfindən KİV-ə ünvanlanan, işıqlandırılan materialların linkini paylaşmaqla yanaşı, həmin materialları bütöv şəkildə yerləşdirir, fotoşəkillər paylaşır. Bu gün gənclərə nüfuz etmək, onları anlamaq, duymaq üçün onların aləminə daxil olmaq labüddür. Bu gün onlar sosiallaşaraq şəbəkələrdə birləşirlərsə, demək, biz orada olmalıyıq. Mətbuat xidməti sosial şəbəkədə mütləq şəkildə KİV-lə qarşılıqlı əlaqəyə girə bilir. Media Mətbuat xidmətinin xəbərinə, məlumatına biganə qalmadığı təqdirdə Mətbuat xidmətinin təmsil etdiyi ali təhsil ocağının həm tələbələri, həm müəllimləri, həm işçiləri, həm rəhbərliyi, həm məzunları həmin elektron KİV-in oxucusuna çevrilirlər.

 

Zeynab Kazımova

 

ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri,jurnalist-tərcüməçi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805
avatar

Oxşar yazılar