“Rio-2016”: Azərbaycan idmanında yeni səhifə
30 avqust 2016 12:46 (UTC +04:00)

“Rio-2016”: Azərbaycan idmanında yeni səhifə

İdman tarixən xalqımızın milli-mənəvi dəyərlərindən biri olmuşdur. İstər SSRİ tərkibində, istərsə də müstəqillik dövründə idmançılarımızın uğurlu çıxışları Azərbaycan idmanını dünyaya tanıtmışdır. Xüsusilə müstəqilliyimiz əldə edildikdən sonra idmanımız milli ruhla yoğrularaq daha da inkişaf etmişdir.

Bu gün Azərbaycanda çox yüksək səviyyədə yaradılmış idman infrastrukturu mövcuddur. İdman uğurla, sürətlə inkişaf edir və onun kütləviliyi təmin edilir. Respublikamızda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında bayrağımız dalğalanır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır. Bu da bilavasitə ölkəmizin idman şöhrətinin yüksəlməsinə, Azərbaycanın   dünyada və Avropada idman dövləti kimi tanınmasına imkan yaradır. Təsadüfi deyildir ki, 2015-ci ildə Avropada ilk dəfə olaraq baş tutan və Azərbaycanın ev sahibliyi etdiyi oyunlarda Respublikamız 50 ölkə içərisində ikinci yeri tutmuşdur.

Bu il  avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhəri dünya idmanının  mərkəzinə çevrildi.  Dörd illiyin zirvə yarışı hesab olunan Olimpiya Oyunlarına bu dəfə Rio-de-Janeyro ev sahibliyi etdi. 207 ölkədən idmançıların qatıldığı yarışda 11 mindən artıq atlet birincilik uğrunda mübarizə aparıb. 87 ölkənin idmançılarının medal qazandığı yarışda Azərbaycan komandası 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla, ümumilikdə, 18 medalla Vətənə qayıtdı və bu mötəbər yarışı 39-cu pillədə başa vurdu.

Azərbaycan komandası medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutdu. Bu nəticəyə görə respublikamız islam, türk və Qafqaz ölkələri arasında lider olub. Həmçinin idmançı sayının qazanılan medallar nisbətinə görə Azərbaycan Olimpiadanın lider dövlətləri siyahısında yer aldı. Bu, 25 illik müstəqillik tarixində böyük yol qət etmiş Azərbaycan idmanının qələbəsidir.

Bütün bu nailiyyətlərin əsasında dayanan böyük qüvvə dövlətin idmana qayğısıdır.  Bu il Odlar yurdunda “Formula-1” Avropa Qran-pri yarışları baş tutdu, sentyabrda 42-ci Şahmat Olimpiadası və  2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunları keçiriləcək. 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq. Bütün bunlar tarixi qələbə və böyük uğurdur. Azərbaycan bununla idman ölkəsi statusunu daşımağa qadir olduğunu bir daha sübut edir. Bu isə öz növbəsində Azərbaycanın beynəlxalq arenada tanıtımına xidmət edir.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar