Azərbaycan Afrika İttifaqının yaranmasının 50 illiyi ilə əlaqədar Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilmiş Afrika Zirvə toplantısında təmsil olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 25-də keçirilmiş tədbirdə ölkəmizi Azərbaycanın Misirdəki səfiri və eyni zamanda Afrika İttifaqı yanında Daimi Nümayəndəsi Şahin Abdullayev təmsil edib.
“Pan-Afrikanizm və Afrikanın intibahı” mövzusunda keçirilmiş Zirvə toplantısında Afrikanın gələcək inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. Səfər çərçivəsində Afrika İttifaqının katibliyinin əməkdaşları, Afrika İttifaqına üzv və tərəfdaş dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçirilib.
Qeyd edək ki, Azərbaycan 2011-ci ilin yanvar ayından etibarən Afrika İttifaqı yanında müşahidəçi statusu alıb. Ötən müddət ərzində Azərbaycan Afrika İttifaqının tədbirlərində yaxından iştirak edib. Gənclər siyasəti, elm-təhsil və texnologiya sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi məqsədilə Afrika ölkələrinin aparıcı gənclər təşkilatlarının rəhbərləri Azərbaycanda səfərdə olublar. Səfər zamanı Azərbaycan Gənclər Təşkilatları Milli Şurası ilə Pan-Afrika Gənclər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan Respublikası BMT TŞ-də Afrika ilə əlaqədar aparılmış müzakirələrdə fəal iştirak edib. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi tərəfindən isə bır sıra Afrika ölkələrində humanitar layihələr həyata keçirilib.