Azərbaycan Dillər Universitetində Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əlibəy Hüseynzadənin jurnalistika sahəsindəki fəaliyyətinə həsr olunmuş “Əli bəy Hüseynzadənin jurnalistik fəaliyyəti” mövzusunda seminar keçirilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir prezident İlham Əliyevin Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı 21 yanvar 2014-cü il tarixində imzaladığı Sərəncama uyğun olaraq tədbirlər planı çərçivəsində baş tutub.
Tədbirdə “Şərq qəzeti”nin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlı, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, ADU kitabxanasının Qiraət zalının müdiri Gülzar Əfəndiyeva və fakültənin Jurnalistika ixtisasının I və II kurs tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev açıb. Prorektor deyib ki, Ə.Hüseynzadənin jurnalist fəaliyyətinin öyrənilməsi bugünkü gündə çox vacib və aktual məsələdir. ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin rəhbəri və Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi Zeynab Kazımova çisə çıxışında Əli bəy Hüseynzadənin həm böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olduğunu bildirib. Zeynab Kazımova onun jurnalist kimi fəaliyyətinin həm ictimai və publisistik, həm də jurnalistik irsinin jurnalistika ixtisasında təhsil alan tələbələr tərəfindən öyrənməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-elmi, publisistik əsərləri ilə Azərbaycan jurnalistikasında məktəb yaradan böyük şəxsiyyətin irsi davamlı şəkildə gənc nəslə təbliğ olunmalıdır.
Daha sonra seminar müzakirə və sual-cavabla yekunlaşıb.