Azərbaycan Diplomatik Akademiyasının İxtisasartırma Proqramları “ABŞ Konqresində Lobbiçilik” mövzusunda yeni təlim kursuna başlayıb. ADA-dan APA-ya verilən xəbərə görə, 30 sentyabr – 2 oktyabr tarixlərində keçiriləcək təlimin əsas məqsədi kurs iştirakçılarını lobbiçilik, lobbiçiliyin əsasları və ABŞ siyasətinin formalaşdırılmasında lobbiçiliyin rolu mövzularında məlumatlandırmaqdır.
Təlimin açılışında ADA-nın İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva və ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə təlimin əhəmiyyəti və burada qazanılacaq yeni biliklərin gələcəkdə hansı istiqamətdə istifadə ediləcəyi ətrafında çıxışlar ediblər. “Bu təlim kursu vasitəsilə sizlər ABŞ hökumətinin strukturu, Konqresin iş prinsipi haqqında ətraflı biliklərə yiyələnəcək və gələcəkdə ölkəmizin 907-ci düzəliş kimi problemlərlə yenidən üzləşməməsi üçün bu biliklərdən istifadə etməyi öyrəcəksiniz”, deyə Fariz İsmayılzadə vurğulayıb.
Təlim kursu ABŞ-ın Yaxın Şərq siyasəti, ümumilikdə Yaxın Şərq və ABŞ Konqresinin siyasəti üzrə mütəxəssis Dr. Marvin Feuer tərəfindən tədris edilir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kommunikasiya və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft Şirkəti, Prezident Administrasiyası, Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili – Ombudsman Aparatı, “Earnst&Young” Holdinqi və Azərbaycanın BMT-də fəaliyyət göstərən daimi nümayəndəliyini təmsil edən iştirakçıların sayı 25-dir. Kursun sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.