ABŞ-ın elmi-tədqiqat və muzey mərkəzi olan Smitson İnstitutu Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Gəncə şəhərinin əsasının qoyulmasının 4000 illiyi münasibətilə təbrik edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnstitutun Asiya Mədəniyyəti Tarixi Proqramının direktoru Pol Mayklın adından göndərilən təbrikdə qeyd olunur ki, Gəncə gözəl və qədim tarixi şəhərdir, onun adı xüsusi heyranlıqla yunan və Romanın tarixi mənbələrində, ədəbiyyat və fəlsəfənin tarixi sənədlərində, əsasən də Nizamı Gəncəvinin vətəni olaraq öz yerini tapıb.
Məktubda vurğulanır ki, Gəncə şəhəri tarixi əhəmiyyətini müasir dövrdə də qoruyub saxlaya bilib. Bu şəhər Şərqdə və müsəlman dünyasında ilk Demokratik Respublikanın beşiyi olmaqla əhəmiyyətini bir daha göstərə bilib. Gəncənin 4000 illik tarixini daha qədimlərə söykənən, bəşər insanının ilkin məskunlaşmasını əks etdirən tapıntılar da sübut edir.