Beynəlxalq təhsil proqramları üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan Respublikasının vətəndaşları üçün tədrisi ingilis dilində olan müvafiq ixtisaslara qəbul başlayır.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində beynəlxalq təhsil proqramları (International Baccalaurate, A-level, SABİS və s.) üzrə təhsilini müvəffəqiyyətlə başa vurmuş və müvafiq sənəd almış Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı müsabiqə şərtlərini ödədikləri halda ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan müvafiq ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər:
- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və IELTS imtahanından ən azı 6.0 bal nəticə əldə etdikləri halda;
- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və TOEFL İBT imtahanından ən azı 75 bal nəticə əldə etdikləri halda.
- SAT imtahanından ən azı 1000 bal (riyaziyyat fənni üzrə ən azı 560 bal) və PTE Academic imtahanından ən azı 50 bal nəticə əldə etdikləri halda.
Qeyd olunan şərtləri ödəyən abituriyentlər üçün Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən “Mühasibat uçotu və audit” , “Maliyyə” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə plan yerləri ayrılmışdır.
Qeyd olunan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (22 aprel tarixində keçirilmiş Azərbaycan dili fənni üzrə birinci imtahandan “məqbul” qiymət alan abituriyentlər istisna olmaqla) iyunun 10-da “Azərbaycan dili” fənni üzrə imtahanda iştirak edərək “məqbul” qiymət almalıdırlar. Bunun üçün onlar mayın 29-dək dim.gov.az saytında “Abituriyentin elektron ərizəsi” formasını doldurarkən "test imtahanı verəcəyi dil" bölməsində rus dilini seçməlidirlər. 2017-ci ildə Azərbaycan dili fənni üzrə imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılırlar.