“İki il əvvəl professor Cəmil Həsənliyə dərs vermişdik. Amma o, səhhəti ilə bağlı ştatdan çıxmaq istədiyini bildirdi. Biz də bundan sonra onun bəzi magistrlara və aspirantlara dərs deməsini məsləhət gördük və ştatdan kənar dərs verdik”.
Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru Abel Məhərrəmov deyib. A.Məhərrəmov deyib ki, bu il də C.Həsənliyə ştatdan kənar dərs verilməsi nəzərdə tutulub. Lakin o, dərslərə gəlmədiyi üçün ona verilən dərs ləğv edilib: “Cəmil Həsənli bu il dərslərə gəlmirdi. Bir dərs, iki dərs... Nə qədər gəlməmək olar? Biz də buna görə ona verilən dərsi ləğv etməli olduq. Dərsə gəlməyən birinə necə dərs vermək olar?”.