A.Şərifov: “Sürüşmənin baş verməsinin günahı özümüzdədir”
30 oktyabr 2013 20:05 (UTC +04:00)

A.Şərifov: “Sürüşmənin baş verməsinin günahı özümüzdədir”

“Azərbaycanda baş verən torpaq sürüşmələrinin iqlim şəraiti ilə heç bir əlaqəsi yoxdur, bunun günahkarı özümüzük”. 

 

Lent.az-ın “Media forum”a istinadən məlumatına görə,  baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında belə deyib. Abid Şərifov Ağsu aşırımında baş verən sürüşmənin səbəbini də açıqlayıb: “Mən 60 ildir Ağsu aşırımından gedib-gəlirəm, ildə ən azı on dəfə oradan keçirəm. Ağsu aşırımında heç vaxt sürüşmə olmayıb. Yalnız polis postunun yaxınlığında çox cüzi torpaq tökülərdi. İndi isə Ağsu aşırımı bütövlükdə sürüşür. Niyə? Ona görə ki, orada 50 metrdən bir restoran tikilib. Nə kanalizasiya xətti var, nə də suyun axması üçün başa vasitə. Hərə bir tualet və sair tikib. Amma heç bir axar yolu yoxdur. Sürüşmə ərazisində pillə-pillə nəsə etmək olmaz. Əgər şampolar betonla tikilsəydi və ərazidəki torpaq vaxtaşırı daşınsaydı, heç vaxt sürüşmə olmazdı”.

 

Baş nazirin müavini bildirib ki, Bakının Zığ, Bayıl və Badamdar qəsəbələrindəki sürüşmələr də insanların fəaliyyəti ilə bağlıdır: “Bu sürüşmələr yalnız insanların fəaliyyəti, qanunlara əməl olunmaması nəticəsində yaranır. Bəyəm əvvəllər Azərbaycanda yağış yağmırdı? Yoxsa yağıntılar artıb? Əksinə, keçmiş dövrə nəzər salsaq, indi yağıntıların azaldığını görərik. Ona görə də günahkar özümüzük. Sürüşmə zonalarında ev, restoran, kafe tikənlər, buna icazə verənlər, göz yumanlardır günahkar.

Düzənlikləri çıxmaq şərtiylə, hazırda bütün dağ rayonlarında torpaq sürüşmələri var. Vəziyyəti bu həddə gətirmək nə dərəcədə doğrudur? Bir az insafımız olmalıdır, addım atanda, iş görəndə belə məsələləri düşünməliyik, ölçüb-biçməliyik. Adamda bir insaf olar da”.

 

Abid Şərifovun sözlərinə görə, Zığ qəsəbəsindəki sürüşmə zonasında 92 ev var və onların əksəriyyəti qanunsuz tikilib: “Onlar son qəpik-quruşlarını sərf edib ev tikiblər. Həmin yerə cavabdeh olan insanlar buna imkan verməməlidirlər, deməlidirlər ki, ay oğul, ay qardaş, dayan, bura sürüşmə zonasıdır, eləmə, qoyduğun zəhmətin batacaq. Bəla bundadır ki, bunu heç kim demir. Bu qədər insanın hamısına cəza kəsmək də olmaz. Gərək özümüzdə bir insaf olsun. Əgər restoran sahibiyəmsə, pul qazanıramsa, bilməliyəm ki, zibili yola tökmək olmaz, zəhmət, xərc çəkib, zibili daşıtmalıyam. Bəyəm onlar görmürlər ki, ərazi sürüşür? Bilmirlər ki, sürüşməyə səbəb onların fəaliyyətidir? Təbii ki, bilirlər.

 

Əslində cəza verməkdən asan iş yoxdur. Amma nəticəsi olacaqmı? Hamını cəzalandırmaq da doğru olmaz. Nə qədər xəbərdarlıq etmək olar? Bu gün də Zığda sürüşmə zonasında ev tikirlər. Heç olmasa ətrafa baxsınlar, görmürlər ki, sürüşüb gedir? Əgər bir nəfər olsa gedərsən qapısına, deyərsən ki, ay qardaş, eləmə. Zığ, Əhmədli, Badamdar, Suraxanı – hamısında eyni vəziyyətdir. İstəyirsən başa salasan, xeyri olmur, elə bilirlər burada başqa prinsip var. Yazıram göndərirəm, nümayəndə göndərirəm, nümayəndələr gedib sözlərini deyir, amma heç bir nəticəsi olmur. Sürüşmə zonasında tikinti aparanlar vəziyyəti, bunun qanunsuz olduğunu yaxşı bilirlər. Özümüzü düzəltməliyik”.

 

Abid Şərifov deyib ki, Nazirlər Kabinetinin tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonalarının xəritəsini hazırlayır: “Nazirlik bir ay ərzində xəritəni təqdim etməlidir. Sonra Nazirlər Kabinetinin qərarı olacaq. Həmin qərarla icra başçılarına, bələdiyyə sədrlərinə tapşırıq veriləcək ki, sürüşmə zonalarında tikintiyə icazə verməsinlər, bunun qarşısını alsınlar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017
avatar

Oxşar yazılar