"Payaxtın Yasamal rayonu ərazisində "Sovetski" kimi tanınan ərazidə yerləşən tarixi binaların aqibəti bəlli olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tarixi abidələrin toxunulmazlığının təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinə etdiyi müraciətə müsbət cavab alıb. Məlum olub ki, ərazidə yerləşən dövlət əhəmiyyətli tarixi binalar sökülməyəcək".
Bunu Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Səməd İslamov APA TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, ilin əvvəlindən Yasamal rayonu ərazində olan bütün tarixi memarlıq abidələrinin dislokasiyası aparıb. Məlum olub ki, sökülməsi nəzərdə tutulan ərazidə 168 tarixi memarlıq abidəsi yerləşir: "Bütün tarixi və mədəniyyət binaları araşdırılaraq onların dislokasiyası tərtib edilib. Ümumiyyətlə söküntü ərazisində yerləşən abidələrin sayı 168, ilkin mərhələdə söküntü ərazisinə düşən abidələrin sayı isə 44-dür. Onların toxunulmazlığı ciddi nəzarətə götürülüb və sökülməsinə yol verilə bilməz".
Tarixi abidələr hesab edilən binalarda yaşayan sakinlərin mənzillərindən küçürülüb və ya köçürülməməsinə gəlincə, icra hakimiyyəti nümayəndəsi deyir ki, hazırda bu istiqamətdə müzakirələr aparılır. Həmin abidələrin gələcəkdə hansı təyinat üzrə fəaliyyət göstərməsi müzakirələrdən sonra məlum olacaq.
Xatırladaq ki, hazırda söküntü ərazisində yerləşən ev muzeyləri istisna olmaqla, tarixi binalarda sadə vətəndaşlar yaşayır.