30 noyabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində “AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illlik yubileyləri münasibətilə təntənəli gecə keçirildi. Tədbir fərqli təşkil olunması ilə və bir çox premyeralarla yadda qaldı.
“AtaHolding” ASC-nin Müşahidə Şurasının sədri Ahmet Erentok qonaqları salamlayaraq bildirdi ki, 10 il əvvəl “AtaHolding” yaradılanda eyni ildə “AtaBank”ın 10-cu yubiley ili qeyd edilmişdi: “AtaBank” 2003-cü ildə özünün 10 il yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankının iştirakı və dəstəyi ilə Azərbaycanda 1-ci Beynəlxalq Bankçılıq konfransını təşkil etdi. Həmin vaxtdan ötən 10 il ərzində Azərbaycanda iqtisadiyyat, sosial, mədəniyyət, idman və digər sahələrdə çox böyük işlər görülüb və dünyada iftixarla təqdim oluna biləcək böyük nailiyyətlər və uğurlar əldə edilib. Bu uğurlar bizi, azərbaycanlı iş adamlarını və şirkətlərini qürurlandırır, bununla yanaşı, daha həvəslə çalışmağımıza ürəkləndirir və imkan yaradır”.
“AtaHolding” hər bir layihəsini milli maraqlar çərçivəsində həyata keçirir
Ahmet Erentok bildirib ki, AtaHolding Şirkətlər Qrupu ötən 10 il ərzində vizyonuna, missiyasına və dəyərlərinə əsaslanaraq gördüyü işlərlə fərqlilik yaratmağa və Azərbaycanın rifahına və inkişafına öz töhfəsini verməyə çalışıb: “Biz öz iqtisadi maraqlarımızı dövlətimizin və ölkəmizin iqtisadi maraqları çərçivəsində tutmuş, ona uyğunlaşdıraraq təmin etmişik. Eyni zamanda, üzərimizə düşən məsuliyyəti dərk edərək sosial və ictimai maraqların təmini üçün də zəruri fəaliyyətləri həyata keçirmişik. Bununla da biz “Sinerji, Azərbaycan üçün...” şüarımızı reallaşdırmışıq”.
Holdinqin Müşahidə Şurasının sədri qeyd edib ki, son 10 il ərzində Mərkəzi Bankın apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda bank sektorunun sürətli inkişafı təmin edilib, bu sahədə böyük nailiyyətlər qazanılıb: “AtaBank” da bu inkişafdan bəhrələnib və 20 ildir “Bir addım öndə” şüarını əsas alaraq, yeni texnologiya və üsulları tətbiq edərək müştərilərinə xidmət göstərir və bundan sonra da eyni istiqamətdə çalışmağa davam edəcəkdir”.
Ahmet Erentok çıxışını yekunlaşdıraraq qeyd edib ki, bundan sonra da, “AtaHolding” Şirkətlər qrupu üçün ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin tövsiyyə və fikirləri istiqamətverici olacaqdır: “Biz Azərbaycanın maraqlarını əsas tutmaqla, səhmdarlarına və müştərilərinə layiqli olmaq naminə işləməyə davam edəcəyik”.
VİSA “AtaBank”ı təltif etdi
Tədbirdə “VİSA” şirkəti Azərbaycanda nağdsız hesablaşmaların inkişafına verdiyi töhfəsinə görə, “AtaBank” ASC-ni xüsusi sertifikatla təltif etdi. Yubiley tədbirində “VİSA” şirkətinin nümayəndəsi İrina Kamxadze sertifkatı “AtaBank” ASC-nin İdarə Heyətinin sədri İltifat Ağayevə təqdim etdi.
Bundan başqa, “AtaBank” ASC-nın beynəlxalq səviyyədə qazandığı daha bir uğuru qonaqlara bildirildi. Belə ki, baş ofisi Avropanın maliyyə mərkəzi Londonda yerləşən “GlobalBanking and Finance Review” analitik jurnalı 2013-cü ilin nəticələrinə görə “AtaBank”ı Azərbaycanın ən yaxşı kommersiya bankı mükafatına layiq görüb.
Daha sonra yubiley gecəsi üçün xüsusi olaraq hazırlanmış şoular nümayiş etdirildi və musiqi ifaları səsləndirildi.
Səhnəyə birinci Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının kamera orkestri çıxdı. Onlar dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Milli marş” adlanan əsərini ilk dəfə ifa etdilər və daha bir yenilik - ilk dəfə balabanın ifasında Üzeyir Hacıbəylinin məşhur “Sevgili canan” əsəri canlandırıldı.
Azərbaycanda reklam sahəsində bir ilk
Daha bir ilk addım reklam sahəsində oldu. Gecədə “AtaBank”ın yeni imic reklam çarxı nümayiş etdirildi. Əsas fərqlilik ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq “Kölgələr teatrı”nın iştirakı ilə reklam çarxı çəkildi.
“AtaBank”ın bu layihədə əməkdaşlıq etdiyi Almaniyanın “DieMobiles” teatrı 2012-ci ildə Fransada keçirilən “Inscrutable Talent“ müsabiqəsinin qalibidir və Almaniya telekanallarının müxtəlif şoularının daimi iştirakçısıdır.
“Kölgələr teatrı” insan bədəninin müəyyən hərəkətləri ilə ağ parçaya kölgə salmaqla müxtəlif əşyaların yaradılması deməkdir.
“AtaBank” “DieMobiles” ilə əməkdaşlığını sadəcə reklam çarxının çəkilməsi ilə məhdudlaşdırmayıb. Onlar birlikdə Bakıya aid xüsusi şou hazırlayıblar. Bu şou yubiley tədbiri üçün xüsusi olaraq hazırlanıb və ssenari və istifadə edilmiş musiqi baxımından unikaldır. Üzeyir Hacıbəylinin məşhur “Arazbarı” və “Aşıqsayağı” əsərlərinin sədaları altında canlı nümayiş etdirilən Bakıya aid xüsusi şou qonaqları kölgələrin sehrli və sirli dünyasına apardı.
Yubiley gecəsində respublikamızın əməkdar artisti Sevda Ələkbərzadənin ifasında gözəl musiqi əsərləri də səsləndi.
Məşhur rəssamdan möhtəşəm portret
Yubiley gecəsində Azərbaycanda ilk dəfə məşhur Amerikalı virtuoz rəssam Den Dann çıxış etdi. Onun çıxışının əsas özəlliyi ondan ibarətdir ki, o rəsm əsərini qısa müddət ərzində, 5-6 dəqiqəyə çəkir, bu zaman ancaq tikintilərdə işlədilən adi boyalardan istifadə edir və ən əsası, demək olar ki, son ana qədər onun kimin portretini çəkdiyi məlum olmur.
Den Dannın çıxışının digər fərqli xüsusiyyəti də ondan ibarət idi ki, o, ilk dəfə canlı musiqinin müşayiəti altında çıxış etdi.
Beləliklə, “AtaHolding” və “AtaBank”ın yubiley tədbirində də qonaqlar sona qədər kimin portretinin çəkildiyi intizarla gözlədilər və yekunda bəlli oldu ki, bu dahi sənətkarımız Rəşid Behbudovun portretidir.
Bu rəsm əsəri şəhərin ən gözəl yerlərində quraşdırılmış “Əfsanə qayıdır” şüarının yazıldığı bilbordlardakı rəsm əsəri ilə eyni idi. “AtaHolding” bu rəsm əsərini Rəşid Behbudovun ailəsinə hədiyyə olaraq təqdim etdi.
Əfsanə qayıtdı
Tədbirin sonuna yaxın məlum oldu ki, yubiley tədbirinin Üzeyir Hacıbəylinin ölməz əsərlərinin sədaları altında keçirilməsi təsadüfü deyil. Qonaqlara niyə məhz Rəşid Behbudovun portretinin çəkildiyi və niyə “Əfsanə qayıdır” şüarının istifadə edildiyi də məlum oldu.
“AtaHolding” ASC Müşahidə Şurasının sədri Ahmet Erentokun da qeyd etdiyi kimi, “AtaHolding” fəaliyyətə başladığı ilk gündən etibarən vizyonu, missiyası və dəyərlərinə əsaslanaraq gördüyü işlərlə fərqlilik yaratmağa çalışıb. Buna görə də, “AtaHolding” üçün özünün 10 il yubileyi çərçivəsində də fərqli layihələrinin dəstəklənməsi mühüm əhəmiyyət kəsb edirdi.
Bu baxımdan, Heydər Əliyev Fondu tərəfindən dahi Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş və ağ-qara formatda olan “Arşın mal alan” filminin bərpası və rənglənməsi təşəbbüsü irəli sürüləndə “AtaHolding” öz yubileyi ilə bağlı bundan daha yaxşı layihənin olmayacağına qərar verdi və layihə həyata keçirilməyə başlandı. “Arşın mal alan” filmi dünya kino sənayesinin əsas mərkəzi olan Los-Ancelesdə, yəni “Hollywood”da bərpa edildi və rəngləndi.
Layihə 9 ay ərzində həyata keçirildi. Layihənin üzərində Asiya, Avropa və Amerika qitələrindən olmaqla 157 nəfər çalışdı. Onların arasında 2002-ci ildə Oskar mükafatına layiq görülmüş, vizual effektlər və rənglərin korreksiyası üzrə dünyanın ən aparıcı mütəxəssislərindən biri Prays Pitçel, filmlərin rənglənməsi prosesinin dizaynı üzrə ən peşəkar mütəxəssislərdən sayılan Ceyn Hiks də var idi.
Təbii ki, Azərbaycanın yerli mütəxəssisləri də bu layihəyə cəlb edilmişdilər. Məhz onların köməyi ilə filmdə istifadə edilmiş məkanların, əşyaların və rekvizitlərin dəqiq rəng çalarları müəyyən edilərək qarşı tərəf bildirilmişdi. Tam əminliklə deyə bilərik ki, görəcəyiniz bərpa edilən və rənglənən filmdə hər bir rəng seçiminin arxasında konkret sənəd və sübutlar vardır.
“AtaHolding” üçün bu layihənin həyata keçirilməsinin başqa bir anlamı da ondan ibarət idi ki, AtaHolding hələ 2006-cı ildə Arşın Mal Alan operettasının alman dilinə tərcümə edilməsi və Vyana Opera Teatrının səhnəsində ifa edilməsi layihəsini reallaşdırılmışdı. Hazırkı layihə də həmin görülmüş işin məntiqi ardıcıllığı idi.
“Arşın mal alan” filmi Azərbaycan kino sənətində və ümumiyyətlə Azərbaycan xalqının mədəni yaddaşında çox mühüm yer tutur. Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev kimi dahi sənətkarların rol aldığı filmə heç şübhəsiz ki, ölməz sənətkarımız Rəşid Behbudov öz möhürünü vurmuşdur.
2013-cü ildə həm də “Arşın mal alan” operettasının 100 ili tamam oldu. Hesab edirik ki, eyniadlı filmin bərpası və rənglənməsi tarixi hadisədir və Azərbaycan mədəniyyətinə, gələcək nəsillərə böyük hədiyyədir.
“AtaHolding” bu layihənin həyata keçirilməsində ona dəstək olan bütün təşkilatlara öz dərin təşəkkürünü bildirir.
Eyni zamanda, “AtaHolding” bu işin görülməsini onlara etimad etdikləri üçün Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirir.
Qeyd edək ki, premyerası 10 dekabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində olacaq bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin bir sıra fraqmentləri tədbir zamanı qonaqlara nümayiş etdirildi və bu fraqmentlər qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı. Əfsanə qayıtdı!!!
“AtaHolding” bundan sonra da öz işində milli dəyərlərimizi hər zaman rəhbər tutacaq və Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyə və fikirləri “AtaHolding” üçün hər zaman istiqamətverici ana xətt olacaqdır.