Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının geniş tərkibli iclasında təhsil sahəsində korrupsiya ilə mübarizə məsələsi geniş müzakirə olunub. İclasda təhsil idarəçiliyinə məsul vəzifəli şəxslər iştirak edib.
APA-nın məlumatına görə, iclasda çıxış edən Komissiyanın üzvü, Azərbaycanın baş prokuroru Zakir Qaralov təhsil sahəsində korrupsiya və digər mənfi hallar barədə vətəndaşlar tərəfindən daxil olan müraciətlər və bu sahədə aparılan cinayət işləri barədə məlumat verib. O bildirib ki, 2010-2012-ci illər ərzində Baş Prokurorluq tərəfindən təhsil sahəsində qanun pozuntuları ilə bağlı 536, o cümlədən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 429 müraciətə baxılıb, 72 cinayət işi istintaq olunmaqla, bir sıra hallarda təxirəsalınmaz əməliyyat tədbirləri keçirilərək təqsirli şəxslər cinayət başında yaxalanıblar.
Baş prokuror daxil olmuş müraciətlərin və istintaq edilmiş işlərin ümumiləşdirilməsi əsasında təhsil sahəsindəki mənfi halların qarşısının alınması üzrə bir sıra təkliflər verib.