Oxumaq üçün hər çətinliyə dəyər...
Bunu İsmayıllı rayon, Yenikənd kənd sakini Salatın Hüseynova deyir.
Salatının 13 yaşı var. Yenikənd kəndinə əsası qoyulmuş modul tipli ümumi orta məktəbin 7-ci sinif şagirdidir. Böyüyəndə həkim olmaq istəyir.
Salatınla eyni sinifdə oxuyan 13 yaşlı Tural Abbaszadə isə hələ də böyüyəndə hansı sənəti seçəcəyini dəqiqləşdirə bilməyib. Deyir ki, hələ vaxta var.
Bəs adını qeyd etdiyimiz modul tipli məktəb nədir?
Həmin məktəblərlə əyani tanış olmaq üçün aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına təşkil edilmiş mediatura qoşulduq.
Əvvəlcə modul tipli məktəb haqqında qısa məlumat verim.
Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır. Ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli təhsil müəssisələri ilə əvəz olunması üçün hazırlıq işlərinə başlanılıb.
Qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblər də quraşdırılacaq.
Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində 3 məktəb təhvil verilib.
Bu məktəblərdən biri də İsmayıllı rayonunun Yenikənd kəndində tikilib. 9 şagirdin təhsil aldığı Yenikənd kənd ümumi orta məktəbi 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir.
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Azərbaycanda ümumilikdə 232 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub: “Cari ilin sonuna qədər 100 belə məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub. Yenikənddə salınan bu məktəb ilk modul tipli məktəblərdən biridir. Kəndin əhalisinin sayı çox olmadığı üçün burada belə komplektli modul tipli məktəbin tikintisi məqsədəuyğun sayıldı. İsmayıllının daha iki kəndində belə məktəbin tikintisi nəzərdə tutulur. Bu məktəb kənddə yaşayan insanlar üçün istənilən təhsil mühitinin yaradılmasına xidmət edəcək”.
Təhsil Nazirliyinin Tikinti və Təchizat İdarəsinin müdir müavini Fərhan Əliyev isə deyib ki, modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir: “Məktəbin tikintisi 30 günə başa gəlir. Bu məktəblərin tikintisi rayonlarda, ucqar kəndlərdə yeni iş yerlərinin açılmasına da təkan verir. Məktəbdə istilik sistemi quraşdırılıb. Tikintidə istifadə edilən bütün məhsullarla bağlı FHN-dən sertifikat alınıb və tam etibarlıdır”.
Yenikənd kənd ümumi orta modul tipli məktəbin direktoru Gülağa Abbasov media nümayəndələrinə bildirib ki, əvvəllər kənddə fəaliyyət göstərən məktəb bərbad vəziyyətdə olub və buna görə, kəndin uşaqları qonşu kəndlərdə oxumağa gediblər.
G.Abbasovun sözlərinə görə, kəndin əhalisi 150 nəfərdir: “Artıq gənc ailələr də kəndə geri qayıdaraq təsərrüfatla məşğul olmağa başlayırlar. Kənd dəniz səviyyəsindən min metr hündürlükdə yerləşir. Kəndimizdə yeni məktəbin əsası qoyulmadan əvvəl uçuq bir binada uşaqlara dərs deyilirdi. Köhnə məktəbin binası 1950-ci illərdə tikilib. 1993-94-cü tədris ilindən bina məktəb kimi istifadə edildi. Məktəb şəraiti yaxşı olmasa da belə Yenikənddə oxuyan 6 nəfər respublikanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil alır. Çox şükür ki, bu gün yeni məktəbimiz fəaliyyətdədir. İsmayıllı rayon təhsil şöbəsi tərəfindən məktəb 7 müəllimlə təmin edilib. Müəllim heyəti olaraq da uşaqlara keyfiyyətli tədris vermək və tərbiyəsinin düzgün təşkilinə yardım etməyə çalışırıq”.
Məktəbin ingilis dili müəlliməsi Laçın Məhərrəmova da artıq 13 ildir bu kənddə işləyir: “ Təhsil Nazirliyinin göndərişi ilə bu kəndə gəlmişəm. Əvvəlki məktəb binası bərbad olduğu üçün dərs deməkdə çox çətinlik çəkirdik. Kənddə şəraitsizliyə baxmayaraq, uşaqların təhsil səviyyəsi yüksəkdir. Uşaqlar bu məktəbdə IX sinfə qədər oxuyur, X-XI siniflər isə qonşu Aşıqbayramlı kəndinə, maşını olanlar rayon məktəbində oxumağa gedirlər”.
60 yaşlı kənd sakini Zakir Həkimov bildirib ki, əvvəllər məktəb pis gündə olduğundan uşaqlarını təhsildən yayındıran ailələr də olurdu: “Vəziyyət çox pis idi. Bu məktəbin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirik”.
Daha sonra media nümayəndələri Göyçay rayonunun Yeniarx kənd orta məktəbinin Hacağabəyli kənd sinif komplekti ilə tanış olublar.
4 sinif otağından ibarət olan məktəbin 16 şagirdinin təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur.
Göyçay rayon, Yeniarx kənd orta məktəbinin direktoru Ayaz Babayev həm də rayonun Hacağabəyli kəndində əsası qoyulmuş modul tipli məktəbin idarəçiliyinə nəzarət edir.
Siniflərdə şagirdlərin sayı az olduğundan bütün uşaqlar komplektləşdirilmiş bir sinifdə dərs keçirlər. Təbii ki, hər sinif üzrə dərs proqramı fərqli olduğundan müəllimə 45 dəqiqə ərzində bütün uşaqlara dərsi mənimsətməkdə çətinlik çəkir. Məktəbdə 20 şagird olsa, iki komplektləşdirilmiş sinif yarada bilərik. I və III sinifləri bir, II və IV sinifləri isə bir sinifdə birləşdirə bilərik. Bu haqda rayon təhsil şöbəsi də Təhsil Nazirliyini məlumatlandırıb. Növbəti tədris ilindən icazə verilsə, bura məktəb statusu verilsə, şagird sayı imkan versə iki komplekt sinif yaratmaq olar. Şagirdlər IV sinfə qədər burda oxuyurlar, sonra Yeniarx kənd məktəbinə gedirlər”.
Məktəb direktorunun sözlərinə görə, əvvəl uşaqlara köhnə bir otaqlı kolxoz binasında dərs keçilirdi: “Kənddə 40-50 ailə yaşayır. Əhalinin sayı 200-230 arasıdır. Bu günə qədər şərait imkan vermədiyi üçün uşaqların təhsil səviyyəsi çox da yüksək olmurdu. Bundan təhsilin səviyyəsini yüksəltməyə çalışacağıq”.
Məktəbin II sinif şagirdi Tunar Quliyevin 8 yaşı var. O da oxuyub göz həkimi olmaq istəyir: “ Xalqın sağlamlığının keşiyində duracam”.