Bura gələndə yolboyu yaddaşımı xeyli qurcaladım. Nə vaxtsa küçədə gördüyüm bir heyvanı qovmuşammı, təpikləmişəmmi, daşlamışammı? Görəsən neçə dəfə qabağıma çıxan pişiyi pusub yaxınlaşmış, sonra qəfildən qarnının altından təpik ilişdirmişəm? Neçə itin başına kəndir bağlayıb sürütmə eləmişəm?
Kiçik bir “axtarış”la başımın “hard disk”indən nə qədər yaramaz “fayl” çıxdı, ilahi? Lap özümdən utandım. Yaxşı ki, bu məkana güzarım düşdü - dedim öz-özümə! Tövbə qapısı heç zaman bağlı deyil. Ona görə də kandarına yalaq qoyulmuş bu qapını döyməyə dəyər - Canlı Aləmin Mühafizəsi Alyansının qapısını.
***
Canlı Aləmin Mühafizəsi Alyansı İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə ofis-evinin qapısını özü açıb məni qarşılayır. Həyətə girən kimi üç-dörd it üstümə qaçıb quyruğunu bulayır, yalmanır. Pəncərə altlığında və yandakı tikilinin üstündə (sonra biləcəm ki, bura sığınacaqdı) pişiklər gəzişir, atılıb-düşür.
Evə keçirik. Mənsurə xanım təmir getdiyinə görə üzrxahlıq edir. Pişiklərsə evdə meydan sulayır. Necə deyərlər, ilk baxışdan hiss olunur ki, pişiklər bu məkanın “fırlanan uşaqları”dır. Onların davranışı yazmaqda qələm acizdir. Ona görə belə ümumiləşdirək - kefləri istəyən kimi hərəkət edirlər. Divar dibində isə bir göyərçin qısılıb qalıb.
Yerimi rahatlayıb Mənsurə xanımdan təşkilat barədə soruşuram: “Biz bu təşkilatı 2007-ci ildə yaratmışıq. Qeydiyyatdan keçirilməsi zamanı müəyyən çətinliklərlə qarılaşdım. Əvvəlcə təşkilatın adını “Nuhun gəmisi” qoymaq istəyirdim. Özünüz də gördüyünüz kimi, mənim evim elə Nuhun gəmisi kimi bir şeydir. İçəridə hər cür heyvan var, özü də çox mehriban yaşayırlar. Amma Ədliyyə Nazirliyindən mənə bildirdilər ki, bu dini addır. Olmaz. O zaman Canlı Aləmin Mühafizəsi Alyansı adlandırmaq qərarına gəldim”.
Alyans üzvlərinin arzuları o qədər də böyük deyil. İstəyirlər hamı onlar kimi olsun. İstəyirlər hamı onlar kimi heyvanları sevsin. İstəyirlər hamı heyvanları qorusun: “Hər kəs küçə heyvanlarının bir-ikisinə sahib çıxsa və onların populyasiyasının azalması ilə bağlı işlər görsə yiyəsiz heyvanlar da olmaz”.
Birlik rəhbəri populyasiyanın qarşısının alınması deyəndə dişi heyvanların qısırlaşdırılmasını nəzərdə tutur. Qısırlaşdırma baytarın heyvanı əməliyyat edərək onun balalığının çıxarmasına deyirlər: “Bax mən bu yaxında küçədən pişik götürmüşəm. Onun balalarını saxlayıram. Amma növbəti dəfə bala verib təhlükə yaratmaması üçün sabah onu baytara aparıb qısırlaşdırma əməliyyatı etdirəcəm. Bəzi insanlar baxırsan ki, küçədə heyvan görəndə bir dəfə ayaq saxlayıb başını sığallamır, yem vermirlər, amma bizi bu əməliyyata görə qınayırlar. Bu əməliyyat qaçılmazdır. Onların naməlum taleli heyvan doğmağındansa doğmamağı yaxşıdır. Bununla həm özlərini, həm də gələcək balalarını təhlükədən qurtarmış olurlar. Qısırlaşdırma bütün sivil ölkələrdə tətbiq olunur”.
Alyans da sahibləndirmə ilə məşğul olur. Daha çox internet vasitəsilə sahib axtarırlar. Təbii ki, heyvanlar sahiblərə pul qarşılığında verilmir. Amma, sahib tapanda onların imkanlarını nəzərə alır: “Hər bir heyvanın saxlanması üçünü müəyyən aylıq xərclər olur, tutalım heyvanın mütəmadi baytara göstərilməsi, dərmanlarla təmin edilməsi. Biz bu xərcləri qarşılaya biləcək adamları seçirik.”
Heyvanları azdırmaq məsələsinə gəlincə... “Heyvan azdırmaq onu öldürməyə bərabər sayılır. Gördüyümüz bu heyvanlar əhliləşmiş heyvanlardır. Onlar küçədə yaşaya bilməzlər. Mən əgər onu azdırıb tanımadığı mühitə buraxsam, ikinci gün o xəstələnəcək, üçüncü gün isə öləcək”
Mənsurə xanımın evində hazırda 5 it, 20-30-a yaxın pişik var. Həyətdə heyvanlar üçün sığınacaq mövcuddur. İtlər, pişiklər orda qalırlar. İçəridə iki radiator var; biri elektriklə, digəri su ilə işləyən. Mənsurə xanım ən çox qaz, işıq pulu xərci çıxmağından şikayətlənir. Sığınacaqda xüsusi giriş də qoyulub. Qışın soyuğunda, küləkdə-yağışda küçə pişikləri damın altındakı o girişdən keçib burda daldalanırlar. Hə, evdə göyərçin də var. Onun bura gəlməsinin tarixçəsini isə qoy Mənsurə xanım özü danışsın: “Bir neçə restoran bizi qida ilə təmin edir. Hər axşam gedib o restoranların birindən yemək qalıqları götürürük. Yenə bir gün axşam gedəndə küçədə bu göyərçini gördüm. Hava artıq alatoran idi. O vaxt yerdə quşlar olmur. Bildim ki, ona nəsə olub. Çırpınırdı, məndən qaçmaq istəyirdi. Yaxınlaşdım, gördüm qanın içindədi. Tez qamarladım, bağrıma basdım ki, çırpınıb özünə əziyyət etməsin. Gətirib evdə müalicə elədim. O vaxtdan da bizdə qalır.”
Pişiklər də göyərçinə öyrəşiblər: “Pişikləri tərbiyə edirəm, öyrədirəm ki, hücum eləməsinlər. Pişiklər də anlayıb başa düşürlər.”
Bu vaxt bir pişik oğrun-oğrun göyərçinə doğru gedir. Elə gözdən oğurlanıb quşcığazın üstünə cummaq istəyirdi ki, Mənsurə xanım atılıb pişiyi qucağına alır: “Bu pişiyi təzəlikcə gətirmişəm deyə hələ öyrənməyib. Bilmir ki, göyərçinlərə toxunmaq olmaz. Onu “Sədərək” bazarından tapmışam. “Sədərək” bazarında zibil qutularının yanında yumurta qabıqları yeyirdi. Mən də götürüb gətirdim”.
Mənsurə xanım heyvanların insanlardan fərqli olmadığını düşünür: “Onların elə hərəkəti olur ki, hörmətə layiqdir. Həmişə gözümə baxırlar ki, olar bunu edim, ya eləməyim. Düzdür ərköyünlükləri var, amma həyasızlıqları yoxdur. Heyvanların bizdən fərqi odur ki, görkəmləri başqadır. Hətta yuxuda olanda da səslərini eşidib nə danışdıqlarını bilirəm.”
***
“Heyvanları söymürəm, yox. Çünki söyüşcül deyiləm. Küçədə getdiyiniz yerdə lap zibil qutusunun yanında da bir heyvan görəndə iyrənmədən onu götürüb qucaqlayır, bağrıma basıram. Mən elə bilirəm ki, hər hansı bir heyvanı qucaqlasam, ona sığal çəksəm, tumarlasam özümə vermiş olduğum ziyandan çox xeyir vermiş olaram. Həqiqətən heyvanlar çox məsum varlıqdırlar. Mən heyvanları o vəziyyətdə görəndə həyata nifrətim artır. Həyata nifrətim artırsa daha nəyə görə özümü qorumalıyam; ay əlimi vurmayım, ay mənə xəstəlik keçər, nə bilim nə. Gördüyünüz kimi bu vaxta qədər heyvanlardan heç bir xəstəlik tutmamışam. Özü də bir şey deyim, bizimkilər başqa millətlərə baxanda heyvana qarşı daha mərhəmətlidirlər. Onlarda problem yalnız maariflənmənin olmamasındadır.”
Maariflənmə ilə əlaqədar bəzi elementar biliklər var. Onları hər kəs bilməlidir. Heyvanlar da şəhər biomüxtəlifliyinə daxildir. Təbiətin mövcudluğu üçün heyvanlar olmalıdır. İnsanlarımız başa düşməlidir ki, əgər sağlam mühitdə yaşamaq istəyirsə, deməli, bunları da normal qəbul eləməlidir. İnsan bilməlidir ki, it hürər, pişik miyoldayar...
Canlı Aləmin Mühafizəsi Alyansı mütəmadi olaraq “Bir qab su” adlı aksiya keçirir. Aksiyanın məqsədi şəhərin insanlarına küçə heyvanlarını sevməyi aşılamaqdır. Məqsəd küçə heyvanları üçün bir qab su qoymaqla onları bu işə cəlb etməkdir.
Elə bilərsiz Mənsurə xanım bu davranışına görə özünü müqəddəs insanlara, ətrafında heyvanların, quşların dolaşdığı peyğəmbərlərə bənzədir. Qətiyyən: “Hərdən Bakı küçələrinə çıxıb heyvanları yemləməyə gedəndə elə geyinirəm ki, elə bil desantam”
***
Alyans uşaqların maarifləndirilməsində daha çox iştirak edir. Məktəblərə tez-tez gedir, tədbirlər keçirirlər.
Azərbaycan 2007-ci ildə “Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası”na qoşulub. Bu konvensiyaya görə heyvanların populyasiyası humanist üsullarla təznimlənməlidir.