"Hər gecə qapımın döyülməsini gözləyirəm” - <span style="color:red;">Murad Köhnəqala yazır
01 mart 2017 11:12 (UTC +04:00)

"Hər gecə qapımın döyülməsini gözləyirəm” - Murad Köhnəqala yazır

 

NKVD qulluqçuları 1937-ci il, iyun ayının 4-də gecəyarı görkəmli dramaturq Hüseyn Cavidin evinə soxularaq onu həbs edirlər. Qarşıdakı dustaq həyatından ötrü özünə bəzi şeyləri götürən dramaturq yan otaqda yatan övladlarının üzünə son dəfə baxmaq üçün gecə cəlladlarından icazə alır. Beləcə, qollarına repressiyanın qəfil qandalı vurulan Cavid iki il sərasər Bakı türmələrində cəza çəkdikdən sonra 1939-cu ildə Sibirə sürgün edilir. Bu iki il müddətində Cavidin ailəsi hər an Moskvadan bəraət gözləyir, özlərini dramaturqun səhvən həbs olunmasına inandırmağa çalışırlar. Səhər oyananda atasının yoxa çıxdığını görən 14 yaşlı Turan Cavid düz 45 ildən sonra Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə İrkutsk vilayətindən ölməz dramaturqun nəşi gətirilərkən hava limanında bu kədərli qayıdışı qarşılamışdı.

Sonralar həmin illərin xatirəsini qələmə alan Cavidin həyat yoldaşı Mişginaz xanım Müşfiqi xatırlayarkən təxminən belə yazır: “Cavid həbs edildikdən sonra onun ətrafında dolanan adamların hamısı qorxuya düşmüşdü. Dostlarının heç biri uzun müddət bizim evə gəlmədi. Bu aralarda Müşfiqin də həbs edilməsi haqda tez-tez şaiyələr dolaşırdı. 1937-ci ilin soyuq payız ayı idi, Kommunist küçəsi ilə üzü aşağı düşüb mağazadan çörək almağa gedirdim. Müşfiqi Parapet bağının girəcəyindəki pinəçi budkasının ağzında təsadüfən gördüm. Şair ayaqqabısının bir tayını pinəçiyə yamatdırmağa verdiyinə görə yalın ayağını o biri ayağının üstünə qoyub Hadidən astaca şeir deyirdi. Onu beləcə azadlıqda sağ-salamat gördüyümə çox sevindim. Yaxınlaşıb hal-əhval tutdum. Cavidin gecəynən həbs olunmasından, Dilbər xanımın təlaşlarından danışdıq. Ayrılanda dalğın halda dedi, nə bilim, elə mən də hər gecə qapımın döyülməsini gözləyirəm”.

Müşfiqi bir ildən sonra, 1938-ci ildə apardılar. Bakıda at oynadan erməni komissarları bircə siyahı ilə onlarla seçmə Azərbaycan aydınını türmələrə salır, sürgünə yollaya bilirdilər. Ermənilərin Mərkəzi Komitədə oturan rusun qulağına pıçıldadığı adın sahibi dərhal güllələnə bilirdi...
 

***

Biz orta məktəbdə oxuyanda, bir qayda olaraq, ədəbiyyat kitablarımızda əsərini keçdiyimiz  müəlliflərin həyatı haqda da geniş məlumat yazılırdı. Dərsliklərdə Mikayıl Müşfiqin də şeirlərini keçir, sevə-sevə əzbərləyirdik. Ancaq şairin niyə belə gənckən həyatdan getdiyi haqda heç bir məlumat yazılmırdı. “Şair Mikayıl Müşfiq 30 yaşında vəfat etmişdir”, vəssalam!..
 

***

1975-ci il idi, doqquzuncu sinifdə oxuyurdum. Bir gün ədəbiyyat dərsini bizə, məktəbimizə praktika məzuniyyəti almış Azərbaycan Pedoqoji Universitetinin (o vaxtkı APİ-nin) sonuncu kurs tələbəsi, kəndçimiz Mehman müəllim keçəsi oldu. Bütün dərs boyu Mikayıl Müşfiqin həyat yolundan, repressiyanın nə demək olduğundan, iyirmi dəqiqəyə güllələnmə kəsilən məhkəməsindən, həyat yoldaşı Dilbər xanımın iztirablarından danışdı. Gənc müəllimimiz danışdıqca kövrəlir, cib dəsmalı ilə gözünü silirdi. Biz kitabların yalan yazdığına heyrətlənərək müəllimə qoşulub kövrəlirdik. Hər birimiz çaşqınlıq içərisində şok hisslər yaşadıq. Dərsin sonunda Mehman müəllim Dilbər xanımın “Müşfiqli günlərim” adlı xatirə kitabını bizə verib növbə ilə oxumamızı tövsiyə elədi.

***

Müşfiqlə Dilbər Axundzadə 1931-ci ildə evlənməyə qərar verirlər. Onlar 1931-ci ildən 1937-ci ilədək hər gecə yüngül bir səsə, naməlum taqqıltıya diksinib oyanaraq qorxu içərisində yaşayırlar. Müşfiq qanlı repressiyadan yayınmaq üçün sosializm quruluşunu vəsf edən şeirlər yazır, rus şairlərindən tərcümələrini çap elətdirir. Ancaq ermənilər gözünü bu gözəl şairimizdən yığmır, qanını içməyincə ondan əl çəkmirlər. Nəhayət, 20 dəqiqəlik məhkəmə ona güllələnmə kəsir. 

Deyilənə görə, Müşfiqi güllələmir, şairə güllələnmədən də ağır cəza verirlər. Onu gəmi ilə Nargin adalarına atıb geri qayıdırlar. Şairin heç yerdə qəbrinin olmaması da bu versiyanı möhkəmlətməkdədi.

Tarix yazır ki, Böyük Zirə adası kimi tanınan bu cəhənnən adasının adını I Pyotr Fin körfəzindəki Nayssar adasına bənzədərək Nargin adlandırır. Kraliça Oldenburq 1915-ci ildən adanı əsir düşərgəsi elan edir. Çar Rusiyasından tutmuş II Dünya müharibəsinə qədər Nargin adası rusların əlində cəza məkanı, əsir düşərgəsi, ölüm adası olmuşdu. Qafqaz müharibələrində ruslar tərəfindən əsir götürülmüş on minlərlə türk əsgəri bu adada saxlanılaraq acından və susuzluqdan ölmüşdü. Qayalıqlardan və daima göyə sovrulan qumluqdan ibarət olan adanın bu gün hər tərəfində insan sümükləri ağarmaqdadı. Burada ağac bitməz, günəş şüası adamın beynini deşər. 

Şairimizin sevdiyi xanımla xoşbəxt yaşamasını, yaraşıqlı olmasını, romantik təbini ermənilər həzm edə, bağışlaya bilməmişdi. Kabuslar onun gözəl adını rusların qulağına pıçıldamış, yenicə çağlayan şairin həyatını cəhənnəmə döndərmişlər.

 

***

Bu günlərdə  xəbər yayıldı ki, Müşfiqin büstünü söküblər. İnanıram ki, şairin büstü lap yaxınlarda daha layiqli, daha görkəmli yerdə ucalacaq. Çünki Mikayıl Müşfiq Rusiya inqilablarının başımıza gətirdiyi repressiyalarının canlı tarixi, əbədi simvoludu.

Ey həmvətənlər, Müşfiqin büstü, heykəli nə qədər çox olsa, şəhərimiz, ölkəmiz bir o qədər gözəl görünər!

# 195
avatar

Murad Köhnəqala

Oxşar yazılar