Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası fənlər üzrə test toplularına əlavələr edərək yenidən nəşr edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan Azərbaycan dili, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə test topluları yeni əlavələrlə nəşr olunub.
Təqdim olunan test topluları əsaslı şəkildə yenidən işlənib və toplulara 2014-cü ilin nəşrlərində olmayan, təxminən 23000 yeni test tapşırığı əlavə olunub. Topludakı test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış tapşırıqlardır. Bunlar test bankındakı tapşırıqların bütün modellərini əhatə edir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.
Toplulardakı tapşırıqlar TQDK tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş tapşırıqlardan, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlərdən ibarətdir.
Fənn müəllimləri və metodistlər təlim prosesində bu test variantlarından qiymətləndirilmə vasitəsi kimi istifadə edə biləcəklər. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edəcək.