Şöbə müdiri: Yeni meşə sahələrinin salınmasına böyük ehtiyac var
19 iyun 2019 16:28 (UTC +04:00)

Şöbə müdiri: Yeni meşə sahələrinin salınmasına böyük ehtiyac var

“Azərbaycanın müasir təbii şəraitini araşdırdıq, məlum oldu ki, bizim ərazidə müxtəlif rütubətlənmə şəraitinə malik 42 faiz meşə yarana bilər. Amma hazırda Azərbaycanda 11 faiz meşə örtüyü var”.
 
Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov deyib.
 
O bildirib ki, dünyada qəbul olunmuş meşələrin ekoloji normasına görə, meşə örtüyü 30 faiz olmalıdır: “Biz mövcud normalardan 3 dəfə geri qalırıq. Buna görə də meşəartırma, meşəsalma işlərində çox diqqətli olmalıyıq. Meşə fondu torpaqları 1,2 milyon hektardır, bunun isə cəmi 900 mini meşə ilə örtülüb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən həmin meşəsiz sahələr əhaliyə uzunmüddətli icrayə verilir. Əgər ondan meşənin bərpası üçün istifadə olunsa, bu, yaxşı təşəbbüsdür”.
N. İsmayılov deyib ki, meşə olmayan və meşə salmağa ehtiyacı olan ərazilərimiz var: “Acınohur-Ceyrançöl ərazisində belə yerlər çoxdur. Bu torpaqlar həm erroziyaya məruz qalıb, həm də otarma nəticəsində yarasız hala düşüblər. Orda səhrəlaşma üçün bir nömrəli ocaqlar əmələ gəlib.
 
Meşə yerli ağac cinslərinə uyğun salınmalıdır. Quraqlığa davamlı, kök sistemi yaxşı inkişaf edən ağaclar sürüşmənin də qabağını alır”.
 
Şöbə müdiri meşələrin köklü sürətdə yenidən bərpa olunmasına böyük ehtiyac olduğunu deyib: “Biz yol qırağı gedərkən meşələri yaxşı görürük, amma içəri tərəfdə meşələrdə ciddi problemlər çıxır. Ona görə də, nəinki yeni meşələr salmaq, mövcud meşələri qorumaq hələ problemdir.
 
Amma, axır zamanlar Milli Parklar salınır ki, bunlar unikal meşələrdir”.
 
Meşələrin azalmasını faciə kimi dəyərləndirən M.İsmayılov bildirib ki, bu zaman bulaqlar, çaylar quruyar, səhralaşma olar, erroziya güclənər, sürüşmələr baş verər: “Balakən, Şəki, Zaqtalada meşə çoxdur. Çünki orda dədə-babadan bilirdilər ki, meşələri qırmaq olmaz. Əgər qırılsa, sellər fəallaşacaq, əhali ordan köçməyə məcbur olacaq. Bu gün elm də təsdiq edir ki, bu meşələrə qətiyyən toxunmaq olmaz. Yeni meşə sahələrinin salınmasına böyük ehtiyac var”.
# 568
avatar

Oxşar yazılar