<span style="color:red;">Bakının kirayə bazarı:  <b>qiymətlər niyə qalxır? </b>- <span style="color:red;">ARAŞDIRMA
19 avqust 2014 14:38 (UTC +04:00)

Bakının kirayə bazarı: qiymətlər niyə qalxır? - ARAŞDIRMA

Yeni tədris mövsümünün yaxınlaşması kirayə bazarında qiymətlərin qalxmasına təsir göstərir. Elə biz də bazardakı vəziyyəti öyrənmək üçün “Neftçilər” yaxınlığında yerləşən və Bakıda “Maklerlər bağı” kimi tanınan parka üz tutduq. Hə, bir qədər irəli qaçıaraq deyim ki, gördüyümüz mənzərə  belə oldu: təklif var, tələb yox.

Maklerlərin sözlərinə görə, yay fəslinin olması, qiymətlərin də kifayət qədər artması bazarın zəifləməsinə təsir edib. Kirayə bazarında tələbələrin xüsusi çəkisi olsa da, maklerlər son zamanlar tədris mövsümü ərəfəsi də bazarda durğunluq olduğunu söyləyir.

Həmsöhbətimiz Akif Mustafayev deyir ki, ötən illərlə müqayisədə kirayə bazarında qiymətlərin artmasının başlıca səbəblərindən biri  bəzi yaşayış sahələrindəki evlərin sökülməsidir. Nəticədə tələblərin artması ilə bazarda qıtlığın yarandığını vurğulayan A.Mustafayev alıcılıq qabiliyyətindən şikayətlənmədi:

“Ötən illə müqayisədə kirayə bazarında qiymətlər xeyli qalxıb. Bunun da əsas səbəbi ölkədə gedən söküntü işləridir. Söküntü nəticəsində evsiz-eşiksiz qalan şəxslər kirayə bazarına daxil oldu ki, bu da mövcud icarə qıtlığına gətirib çıxardı. Nəticədə qiymətlər artdı”.

Mustafayevin sözlərinə görə, vaxtiyla ayı 100 manata kirayəyə verilən evin qiyməti 150, 300 manata verilən evin qiyməti isə 400 manat olub.  Bu da onu göstərir ki, ötən illə müqayisədə qiymətlər 30 faiz artıb.

Həmsöhbətimiz kirayə bazarında müştərilərin böyük qisminin tələbələr yox, ev-eşiyi olmayan, evləri sökülən şəxslər olduğunu deyir: “Tələbələrin bazardakı vəziyyətə heç bir dəxli yoxdur, onlar hər zaman kirayə axtaran olub. Bazarda qiymətlərin qalxmasına təsir edən əsas qüvvə evləri sökülən vətəndaşlardır”.

Maklerin sözlərinə görə, bir ailə üçün şəhərin mərkəzindən kənarda kirayə haqqı 300-400 manat təşkil edir. Azərbaycanda orta aylıq əmək haqqının 434,3 manat olduğunu nəzərə alsaq, başqa məsrəfləri  hesablamadan deyə bilərik ki, Bakıda qiymətlər kifayət qədər yüksəkdir. Və bu da aşağı, həmçinin orta təbəqənin cibinin qarşılayacağı qədərdə deyil.

 

Şəhərin mərkəzində qiymətlərin daha yüksək olduğunu deyən digər bir makler təmirli evlərin həm çox baha olduğunu, həm də kirayə verən üçün xeyirdən daha çox zərər gətirdiyini düşünür: “Təmirli evləri kirayəyə vermək isə ümumiyyətlə sərfəli deyil. 20-30 min təmiri üçün pul yatırdığın ev, yeni avadanlıqları kirayədə qalanlar tərəfindən bərbad hala salınır. Qoyduğun məbləğdən daha artıq götürmək əvəzinə ziyana düşürsən. Bu səbəbdən təmirli evi kirayəyə vermək sərfəli deyil. Təmirli evləri kirayə verən şəxslər bunu nəzərə  alaraq qiyməti qaldırır”.

Qarabağ müharibəsi üçün Rusiyadan vətəninə dönən makler Amil Vəliyev isə 21 ildir Bakı küçələrini dolaşdığını deyir. Onu bu vəziyyətə salan isə evsizlikdir. Bir oğul atası olan Amil Vəliyev bu vaxtacan hələ özünə gün ağlaya bilmədiyini deyir:

Şamil Səfərov isə maklerlərin gəlirinin öncəki illərlə müqayisədə azaldığını deyir. “Biz maklerlərin də günü belədir, çayxana, bir də yayın bu istisində günün altında oturub müştəri gözləmək. Neyləməliyik?  Bu gün internetdə daşınmaz əmlak, kirayə verilən, satılan evlərlə bağlı o qədər elan var? Az da olsa internetdən baş çıxaran bura gəlib mənə xeyir verməyəcək ki? Sayta daxil olub lazımlı məlumatı əldə edəcək. Onun nəyinə lazım bir də maklerə pul versin”.

Müştəri axtaran maklerlər hərəsi bir ağızdan təklifdə olan kirayə evlər haqda məlumat verirdi. Əraziyə görə qiymətlər isə belə idi:

- Qara Qarayevdə normal təmirli 1 otaqlı mənzil - 300 AZN

- Bakıxanovda yerləşən həyət evi - 250 AZN 

- Naxçıvanski tərəfdə yerləşən həyət evi - 160 AZN.

 

Elə bu qiymətləri maraqlanırdıq ki, daha bir təklifin bazara daxil olduğunu gördük. 60-65 yaşlı qadın “Axundov” bağı yaxınlığında yerləşən iki otaqlı mənzilinin bir otağını kirayəyə təklif edirdi. Maklerlər dərhal ş başına keçdi. Bazara gələn təklif isə belə idi:

“Axundov bağının yaxınlığında iki otaqlı evin bir otağını kirayəyə verirəm. Suyu, qazı, işığı, təmiri var. Kommunal xərcini özləri verəcək. Otaq 18 kvadratdır. Demək olar ki, hər bir avadanlığı da var. 3 mərtəbəli binanın birinci mərtəbəsidir. Qiyməti 400 manat.

 

 

Bakıda kirayə evlərin qiymətinin artması rayondan şəhərə təhsil almaq üçün gələn tələbələrə də çətinlik yaradır. Ağdaş rayon sakini Aydın Əliağazadə deyir ki, qiymətlər həddindən artıq yüksəkdir: “Birinci kursda oxuyanda “Elmlər Akademiyası”nın yaxınlığında bir ev tutmuşduq. Toyuq hininə oxşayırdı, iki adam üçün belə şəraitli deyildi. İki nəfərə 150 manat ödəyirdik. Ev şəraitsiz olduğu üçün qiyməti nisbətən ucuz idi. O tərəflərdə normal evlərin qiyməti 300-400 manatdı. Bizim üçün də hər ay evə bu qədər pul vermək çətin idi. Daha sonra “Neftçilər” tərəfdə ayı 350 manata evdə qaldıq. Kommunal xidmətlər, internet ödənişi ilə birlikdə 500-ə yaxın pul ödəyirdik. Bu da sərf etmədi.  Keşləyə köçməli olduq. Kirayə haqqı 200 manatdır. İndi də yol uzaqdı. Pulumuzu yollara tökürük”.

Həmsöhbətimiz kirayə qalmağın başqa çətinliklərindən danışdı. Deyir ki, ev sahibləri onların tələbə olmasından istifadə edib bacardıqları qədər daha çox pul qopartmağa çalışırlar. Bəzən qiyməti süni olaraq, hər hansı bəhanə ilə artırır, bəzən də evdə nəyinsə onlar tərəfindən xarab edildiyini söyləyərək pul tələb edir. Ev sahibi ilə birgə qalanda dost-tanışımızı dəvət edə bilmirik. Bir aylıq kirayə üçün pul tapıb ac qalırıq. Bir sözlə Bakı tələbələr üçün sərfəli deyil”.

 

İqtisadçı Vüqar Bayramlı isə kirayə bazarında qiymət artımının əsas səbəblərindən birini rayonlardan Bakıya axının davam etməsində görür. Onun sözlərinə görə, xüsusən də yeni ailə həyatı quran gənclər dolanışıq, iş üçün Bakıda yaşamağa üstünlük verirlər. Belə olanda da bazarda tələb çox olduğu üçün qiymətlər artır: “Hətta belə proqnoz vermək olar ki, bu axın öncəki illərlə müqayisədə artacaq. Bununla yanaşı xaricdən də Bakıya axın artır ki, bu da bazardakı qiymətlərə təsir göstərir”.

Ekspertin sözlərinə görə, bazarda qiymətlərin artmasına təsir edən başqa səbəb isə əhalinin gəlirlərinin artması ilə bağlıdır. Nəticədə əhalinin gəlirlərinə müvafiq olaraq mənzil və kirayə bazarında qiymətlər dəyişir. V. Bayramlı deyir ki, təklifin dəyişməməsi, tələbin artması da bazar qiymətində dəyişiklik yaradır.

Bazarda alıcılıq qabiliyyətinin zəif olmadığını deyən ekspert yeni tədris mövsümü ilə əlaqədar olaraq qiymətlərin yenə də artacağını proqnozlaşdırır.

 “Kirayə bazarında qiymətlərin tənzimlənməsi, süni artımın qarşısını almaq üçün bir çox ölkələrdə fəaliyyət göstərən Sosial Mənzil Fondunun yaradılmasını təklif edirik. Hansı ki, belə bir fond qonşu Rusiyada da fəaliyyət göstərir. Bu fondun yaradılması ilə dövlət kirayə bazarında təkliflərlə çıxış edəcək. Rusiyada dövlətin bu işə qarışması ilə kirayə bazarında evlərin sayı artdı, qiymətlər isə aşağı düşdü. Düşünürəm ki, ölkəmizdə də belə fondun yaradılması zəruridir. Bu həm də süni qiymət artımına təsir edəcək. Lakin indiki halda kirayə bazarında qiymətlərin daha da artacağı proqnozlaşdırılır. Bu il təxminən 15 faizədək qiymət artımı gözlənilir”.

İqtisadçı belə qənaətdədir ki, aya 300-400 kirayə haqqı verməkdənsə, güzəştli şərtlərlə ev almaq daha sərfəlidir. Amma  bu məsələnin də çətin tərəfləri var: “Kirayə real bir şey deyil. Aylarla, illərlə pul tökdüyün evə sahib ola bilməzsən. Əlbəttə, ipoteka krediti ilə mənzil almaq olar. Amma bu da bir o qədər asan iş deyil. Nəzərə alaq ki, kirayədə qalanların böyük əksəriyyətinin rəsmi iş yeri yoxdur, kredit şərtlərində isə iş yerindən arayış tələb olunur ki, bu da həmin şəxslərə problem yaradır. Bundan başqa ilkin olaraq 20 faiz ödəniş də tələb olunur.  Bu çətinliklər qarşısında qalan ailə üçün tək çıxış yolu kirayə ev tutmaqdı”.

Nigar Məhərrəm

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3851

Oxşar yazılar