Fövqəladə Hallar Nazirliyinin idman yarışlarında uğur qazanmış əməkdaşları ilə görüş keçirilib.
FHN-dən Lent.az-a verilən xəbərə görə, 7-9 iyun tarixlərində keçirilmiş Abşeron Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə yunan-Roma güləşi üzrə U15 və sərbəst güləş üzrə U15 və U23 yaş qrupları üzrə “Çempion” kəmər turnirində altı müxtəlif ölkədən (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) 40-dan çox idman cəmiyyəti və klublardan olmaqla 770-ə yaxın idmançı qüvvələrini sınayıb.
Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun uşaq, yeniyetmə və gənclərdən ibarət komandasının üzvləri İdman-sağlamlıq klubunun əməkdaşı baş leytenant Elmir Qəmbərovun rəhbərliyi ilə yüksək nəticələr əldə ediblər. Belə ki, sərbəst güləş üzrə U15 yaş qrupları arasında 21 kq çəki dərəcəsində Səid Abdullayev, 53 kq çəki dərəcəsində isə Bərdan Səfərli bürünc medala layiq görülüblər. Komandanın digər üzvü 48 kq çəki dərəcəsində Rasim İbrahimli bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına və kəmərinə sahib çıxıb.
Qaliblərə Azərbaycan Güləş Federasiyasının təsis etdiyi diplom, medal və kəmər təqdim olunub.
Bundan əlavə, 11 iyun 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə üzrə yarışlara yekun vurulub.
Yarışda altı dövlət qurumundan 30-a yaxın əməkdaş kişilər və qadınlar bir nəfərlik qayıqda (K-1), kişi cütlüklər və qarışıq cütlüklər iki nəfərlik qayıqda (K-2) olmaqla öz qüvvələrini sınayıblar.
Fövqəladə Hallar Nazirliyinin yarışda iştirak edən 5 nəfərdən ibarət komandasının əməkdaşları yüksək nəticələrə imza atıblar. Şəxsi yarışlar üzrə K-1 kateqoriyasında kişilər arasında FHN Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov gümüş, FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov bürünc medalın sahibi olublar. Qadınlar arasında Nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşı leytenant Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın çempionu adını qazanıblar. Komandanın digər üzvü FHN-in Aparatının əməkdaşı Mələkxanım Məmmədova isə bürünc medala yiyələnib. Qarışıq cütlüklər arasında K-2 kateqoriyası üzrə də Rüfət Əhmədov və Leyla Əliyeva mübarizə apararaq yarışın ən yüksək pilləsinə qalxmağı bacarıblar. Kişi cütlüklər arasında keçirilən yarışda isə FHN-in Akademiyasının əməkdaşı baş leytenant Özcan Kərimov və Mülki müdafiə qoşunlarının əməkdaşı baş leytenant Elxan Əsədov yarışı üçüncü yerdə tamamlayıblar.
12 iyun 2025-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış əməkdaşlar və idmançılarla görüşərək, onları qazandıqları nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.