Bakı Ali Neft Məktəbində (BANM) Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib. Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, konfransda BANM-nin rəhbərliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev və tələbələr iştirak ediblər.
Konfransı açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb. O , bütün fəaliyyət sahələri üzrə həmkarlar ittifaqlarının yaradılmasının vacibliyini qeyd edərək bildirib ki, qədim neft diyarı olan Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olub. O, BANM-in professor-müəllim heyətini və tələbələri Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətinə hərtərəfli dəstək verməyə çağırıb və bu əlamətdar hadisə münasibəti ilə onları təbrik edib.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və istiqamətləri barədə məlumat verib. O, neft-qaz sənayesində çalışan işçilərin hüquqlarının müdafiəsinin SOCAR-ın səmərəli fəaliyyəti üçün vacib olduğunu vurğulayaraq, hələ 1904-cü ildə Bakı fəhlələri və neft sahibkarları arasında imzalanmış “Mazut müqaviləsi” ilə başlanmış hərəkatın 1906-cı ildə ilk Həmkarlar İttifaqının yaranması ilə nəticələndiyini xatırladıb.
Sonda BANM-in Həmkarlar İttifaqı Komitəsinin üzvləri seçilib. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.