Bu gün Milli Məclisin plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib.
"APA-Economics" xəbər verir ki, İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilir. Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahədə müsbət dəyişikliyə səbəb olub. Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub. Bu, çox vacib məsələdir. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq ".
Millət vəkili isə Qənirə Paşayeva isə bildirib ki, bu qanunun tətbiq sahəsinə əmək müqavilələrinin yoxlanılması da daxil edilməlidir: “Biz müəyyən sahibkarlar tərəfindən əmək müqaviləsi olmadan işçilərinin çalışması hallarının şahidi oluruq. Yaxud əmək müqaviləsində nəzərdə tutulandan aşağı məvacib verilir. Bu insanların gələcək taleyi necə olacaq. Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırılmalıdır. İnsanların iş yerlərinə ehtiyacı var. Öz hüququnu qoruyan insanlar onların yerinə başqalarının gətirilməsindən ehtiyatlanır. Buna görə də onlar əmək müqaviləsi olmadan çalışmaq məcburiyyətində qalır”.
Vitse-spiker Ziyafət Əsgərov isə qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamaların dairəsini genişləndirilməyə ehtiyac yoxdur.
Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.