Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır.
Bu gün dünyada baş verən qlobal proseslər fonunda, xüsusilə bəzi İslam ölkələrinə qarşı ciddi təhdidlərin olduğu bir dövrdə İslam həmrəyliyinin önəmi olduqca artır. Belə bir dövrdə Prezident İlham Əliyevin 10 yanvar tarixli sərəncamıyla 2017-ci ilin Respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi olduqca humanist və sülhsevər bir təşəbbüsdür. Bununla, Azərbaycan üzərinə çox məsuliyyətli, eyni zamanda şərəfli bir vəzifə götürdü.
Hazırda Azərbaycanda məscidlərin sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. Məhz Heydər məscidi 2016-cı il "Multikulturalizm ili" çərçivəsində 15 yanvar tarixində vəhdət namazına ev sahibliyi etdi. Bu mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.
Bu gün dünyada İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən terror qrupları mövcuddur. Bu terrorun qurbanları da məhz müsəlman dövlətləridir. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan çaxnaşmaların qarşısını almaq üçün yeni yollar axtarıb tapmağa çox ehtiyac vardır. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu, islamın əsas məram və məqsədlərini çatdırmaq lazımdır. Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır.
İnanırıq ki, “İslam Həmrəyliyi İli” təkcə Azərbaycanda deyil, bütün İslam aləmində sülhün, əmin-amanlığın, həmrəyliyin yaranmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.
Nailə Məmmədova
“Azerbaijan Realities”