<b>Lənkəranın “Secret”indən <span style="color:red;">REPORTAJ </b>
15 aprel 2014 15:13 (UTC +04:00)

Lənkəranın “Secret”indən REPORTAJ

“Bir azdan şəhərimizin əsl “book-cafe”si olacaq”.

 

Aprelin 20-də Lənkəran şəhərində kitab yarmarkası olacaq.

Bilənlər bilir, bilməyənlərə də agah olsun deyə, yazıram bunları.

Zatən, Lənkəran kimi bir şəhərin iyirmi ildən artıq bir zaman ərzində kitabsız qalması barədə indiyə kimi yazdığım bütün acılı, şikayətli yazılarımın üzərinə sərin, şirin yaz yağışı kimi yağsın bu yazı, istəyirəm.

Bəli, Lənkəranda artıq “Secret” adlı kitab mağazası var, hətta bir deyil, iki mağazadır, təsəvvür edirsiz?

Bu, mənim arzum idi.

Bu, mənim kimi onlarla, yüzlərlə kitabsevər lənkəranlının arzusu idi.

Və bu, mənim kimi onlarla, yüzlərlə lənkəranlının başlamağa imkanı olmadığı, başladıqdan sonra davam etməyə cəsarəti çatmadığı bir iş idi, əminəm...

 

***

 

Qarşımda sadə, gözəl, şipşirin bir cütlük var.

Cavid və Nuranə.

Onlar bu gün Lənkəranın və lənkəranlıların tarixinə öz imzalarını yazdılar, demək olar.

Tarixçidirlər, Lənkəran Dövlət universitetinin məzunlarıdırlar, elə universitetə də birgə qəbul olunublar, oxuduqları müddət ərzində parta yoldaşı olublar.

Yoldaşlıq, sevgi, əməkdaşlıq deyə birgə addımlamağın nə demək olduğunu bilirlər.

 

***

 

Onları dinlədikcə, nə yazacağımı, necə yazacağımı fikrimdə canlandırmağa çalışıram, amma bəlli bir mənzərə görə bilmirəm.

Çünki, bir cümləni biri başlayır, digəri tamamlayır, bir fikri biri açır, digəri qapayır.

Gülürük, sevinirik, çay içdiyimiz kafenin digər istifadəçilərindən fərqli olaraq, yemək, içmək, ətraf barədə unutmuşuq demək olar ki. Bizi birləşdirən kitab sevgisinin, ədəbiyyat aləmi ovqatının dalğalarına köklənmişik.

Çox doğma iki insanla danışdığımın fərqindəyəm.

 

Nuranə:

 

- Kitab mağazası açmaq çoxdankı arzum idi. Mən bunu hər dəfə deyəndə, “olmaz, alınmaz, çox risklidir, rayon yerində bu işə başlamaq - ziyana düşməyi gözə almaqdır” kimi sözlər eşidirdim ətrafdan. Amma fikrimdən daşınmadım. İnternetdən Azərbaycandakı kitab mağazalarının ünvanlarını tapırdım, onlara məktublar yazırdım, ümidimi itirməyi düşünmək belə istəmirdim. Nəhayət, bir gün yüz  kitab sifariş etməyə qərar verdim, üç yüz manatlıq yəni. Artıq kitabları götürmək üçün Bakıya getməyim qalırdı. Cavid bunu biləndə, həmən bu işdə yanımda olacağını söylədi, hələ ki, başlamışıq.

 

Cavid:

 

- Mən görəndə ki, Nuranə doğrudan da kitab mağazası açmaqda israrlıdır, çox sevindim, amma taktika, yanaşma bir qədər fərqli olmalı idi, aldanmamaq, uduzmamaq üçün, işi əvvəldən daha dəqiq və səliqəli qura bilmək üçün əlimdən gələn köməyi edəcəyəm, dedim. İlk işim, həmin o üç yüz manatlıq sifarişi ləğv etmək oldu, daha sonrakı mərhələdə mən ölkədəki tanınmış nəşriyyatlara müraciət etməyi məsləhət gördüm. Beləcə, başladıq, mağazamızı açanda, əlimizdə beş yüz adda kitabımız vardı artıq.

 

Nəşriyyatlar

 

Məsələn, elə gündəmdə olan “Qanun” nəşriyyatı barədə danışaq.

Bu nəşriyyatla ilkin razılaşma belə olub ki, “Secret”çilər öz istəkləri ilə seçdikləri kitabları alıb, onları satdıqdan sonra, yenidən kitab seçməliymişlər. İlk seçimdə doxsan iki adda kitab götürülübmüş. Amma ikinci dəfə kitab götürməyə getmək vaxtı, “Qanun” indiyə kimi götürülən kitabların satılan və satılmayan qisminin hamısının pulunu tələb edib, yalnız bütün məbləğ veriləndən sonra yenidən kitab götürməyi bildirib. Bundan başqa, “Secret” kitab mağazasına mağazanın özünün seçib götürmək istədiyi kitabları deyil, nəşriyyatın təqdim etdiyi kitabları götürməyi buyurublar.

“Parlaq imzalar” nəşriyyatı “Secret” üçün ayırdığı kitabları sadəcə qaimə ilə, müqaviləsiz verir.

Hal-hazırda altmış üç nəşriyyatla iş birliyi var, hər ay yeni kitablar alınır, bundan əlavə, müştərilərin sifarişi ilə də həmin nəşriyyatlardan kitablar xüsusi olaraq sifariş edilir.

 

Layihələr

 

“Secret” öz işinə yeni başlasa da, nümunə ola biləcək layihələri artıq göz önünə gəlməkdədir.

Məsələn, “Bakı kitab klubu” “Secret” mağazasının “99 qəpik” kampaniyasını özünküləşdirib, “Qoy-götür” adı ilə təqdim edir. Məqsəd, oxuculara ödənişli kitab oxusu şəraitinin yaradılmasıdır. “Secret”də pul ödəyib, şəxsiyyət vəsiqəsini saxlamaqla, istədiyin kitabı oxumaq üçün götürə bilərsən, “Bakı kitab klubunda da 1 manat dəyəri ilə eyni xidmətdən yararlanırsan, amma şəxsiyyət vəsiqəsini deyil, özünlə gətirdiyin başqa bir kitabı müvəqqəti saxlamaqla.

“Secret”çilər bu kampaniyanı bir qədər daha da təkmilləşdirməyə çalışırlar. Belə ki, hər kitab alan “Secret” müştərisinə “99 qəpik” kampaniyasından ilk dəfədə pulsuz kitab oxusu üçün kart təqdim ediləcək, həmin oxucu pullu xidmətdən yalnız ikinci dəfədə yararlanacaq.

Bundan başqa bu ilin mart ayının 21-dən 31-dək  “ 2 + 1 “ layihəsi çərçivəsində “Secret” mağazalarından iki kitab alan hər bir müştəriyə üçüncü kitab hədiyyə olaraq təqdim edilmişdir.

 

Cavid və Nuranə :

 

- Biz bütün kitabsevərləri bu yarmarkada aktiv iştirak etməyə çağırmaq istərdik. Rayonun və respublikanın yazarlarını, tələbələri, şagirdləri, valideynləri, bir sözlə, kitabla yaşayan, nəfəs alan bütün insanları yanımızda görmək arzumuzdur. Bu mağaza sevgidən yaranıb, sevgi üzərində dayanır, pulu düşünmürük, hələ ki, özümüzdən gedənlərdi, mağazanı saxlamağa çalışırıq, oxucularımız üçün, rayon camaatımız üçün xeyirli işimiz olsun, deyə cəhd edirik. Pulu isə, elə mağazanı saxlamaq, inkişaf etdirmək üçün, kafe əlavəmizlə qazanmağı düşünürük. Bir azdan bizim şəhərimizin də əsl “book-cafe”si olacaq, bunu düşünmək belə sevindirir. Baxın, indi bu kafedə yalnız biz kitab barədə danışırıq, yalnız biz kitab istəyi ilə gəlmişik, amma orada hamı belə olacaq, təsəvvür edirsiz?

 

Qəfil müsafir

 

Kafedən çıxıb, küçəni keçirik və mağazanın qarşısında dayanıb vitrindəki kitablara maraqla baxan bir əli portfelli adam görürük.

Yaxınlaşırıq, bizi görcək, tanışlıq verir:

- Mən Astaradan gəlmişəm, şairəm, İlham İlhami! Burada bir müxbir var, onunla görüşməyə gəlmişəm, Kürçaylı Məmmədov, eşitmisiz? Hə, bax, onunla. Amma son vaxtlar qəribə olub bir az, elədir? Tanıyırsız onu? İstədiyi qız başqasına gedib, nədi, bilmirəm, təəssüf, çox pis, çox pis!.. Ancaq bu mağazanı gördüm, çox sevindim, ürəyim açıldı, vallah, möhtəşəm işdir! Gəlin mən sizə apelsin verim, bir də kitab verim, elə-belə, xoşuma gəldiniz. Kürçaylı üçün gətirmişdim bu apelsinləri...

Portfelində kitabların yanına yığdığı yeddi-səkkiz portağaldan üçünü ayırıb bizə bağışlayır, bir şeir kitabını da mənə verir, xeyli şeir oxuyur bizim üçün...uşaq kimi saf bir adam, sadəcə...

 

Müəllifdən:

 

İlk dəfə “Secret” barəsində ötən ilin dekabr ayında facebookda xəbər tutmuşdum.

Həmin anlarda gözlərim yaşarmışdı sevincdən. Buna qədər Bakıdan, Moskvadan, Türkiyədən sifariş etdiyim, alıb mənə yollamaqları üçün dostlara üz tutub narahat etmək, hər ay Lənkəran Mərkəzi Poçtunda kitab bağlamaları alıb, elə oradan da pul köçürmələri etməyim vardı. Mənim kimi onlarla, yüzlərlə adamın problemi idi kitabsızlıq.

İndi, budur, “Lənkəranın öz “Secret”i var, bizə onu qorumaq, ona dəstək olmaq, onu dəyərləndirmək qalır.

Hərdən hansısa kitabları alıb, hansısa kitabları gələn dəfə üçün gözaltı edirəm, amma hər gələndə daha əvvəl gözaltı etdiklərimin satıldığını görüb, xəfif təəssüf hissi keçirməyim, bu kitabların digər lənkəranlılar tərəfindən alınmasına, oxunmasına sevinmək hissimə nə yaxşı ki, yenilə bilir...

# 1709
avatar

Oxşar yazılar