“Ölkədə zəlzələlərin baş verməsinin əsas səbəbi yerdaxili gedən geomdinamik proseslərdir. Avqustun 1-də saat 08:46-da İmişlidəki güclü zəlzələ Kür uzununa və Qəbələ-İmişli dərinlik qırılmasının nəticəsində baş verib”.
APA-nın xəbərinə görə, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli İmişli rayonu ərazisində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib. Q. Yetirmişlii qeyd edib ki, İmişlidəki zəlzələ respublikanın əksər rayonunda, hətta şimal, şimal-qərbdə hiss edilib. Zəlzələ güclü olmasına baxmayaraq, fəsadlarının azlığını vurğulayan baş direktor bildirib ki, bunun əsas səbəbi yeraltı təkanın dərində baş verməsidir: “Zəlzələ 28 km-ə kimi dərinlikdə baş verib. Sarsıntı nə qədər dərində olarsa, daha çox arealda müşahidə edilir, dağıntıları çox olmur. Zəlzələdən sonra bir neçə afterşok qeydə alınıb”.
Q. Yetirmişli əlavə edib ki, Azərbaycan seysmoaktiv bölgədə yerləşir və il ərzində müxtəlif zəlzələlər qeydə alınır: “Avqustun 1-nə kimi 4849 təkan olub. 2300-dən artıq zəlzələ Azərbaycan sərhədlərindən, hüdudlarından kənarda baş verib. Maqnitudası 3 və daha çox olanı zəlzələlərin sayı isə 57-dir. İlin əvvəlindən 10 hiss olunan zəlzələ baş verib”.