Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bu ilin Azərbaycan üçün uğurlu olduğunu, IV İslam Həmrəyliyi Oyunları keçirildiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini nəzərə çatdırıb.
KİVDF tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması ilə bağlı keçirilən tədbirlərdən söz açan V. Səfərli bu ilin həm də jurnalistlər üçün ikinci binanın istifadəyə verilməsi, 255 jurnalistin mənzillə təmin olunması, eyni zamanda jurnalistlər üçün üçüncü binanın təməlinin atıldığını nəzərə çatdırıb. KİVDF icraçı direktoru Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilən son müsabiqəyə də marağın böyük olduğunu vurğulayıb: "Müsabiqəyə 19 istiqamət üzrə 66 KİV-dən 153 yazı təqdim edilib. Hər istiqamət üzrə birinci (1 yer), ikinci (2 yer) və üçüncü yerlər (3 yer) üçün müvafiq olaraq 500, 400 və 300 manat mükafat nəzərdə tutulub".
V. Səfərli Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə jurnalistləri təbrik edib.
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunduğunu qeyd edib: "Bu il islam dövlətləri arasında həmrəyliyi gücləndirmək üçün xaricdə və ölkə daxilində mühüm tədbirlər həyata keçirilib. Bu sırada İslam Həmrəyliyi Oyunlarını xüsusi qeyd etmək istəyirəm".
Azərbaycan prezidentinin köməkçisi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyada azərbaycanlıların həmrəyliyinə nail olunması istiqamətində mühüm bayram olduğunu qeyd edib: "Azərbaycan dövləti xalqla əlaqələrdə mediaya xüsusi önəm verir. Media vasitəsi ilə dövlət siyasətini çatdırır, qarşılıqlı olaraq dövlətlə cəmiyyət arasında körpülər yaradılması üçün media körpüsündən istifadə edirik. 2017-ci il jurnalistika üçün uğurlu olub. Medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması 2018-ci ildə də davam etdiriləcək. Bu il jurnalistlərin bir qismi yeni mənzillərlə təmin olundu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, jurnalistlərə qayğı davam etdiriləcək".
Ə. Həsənov nəzərə çatdırıb ki, 2018-ci ildə KİV-lərlə birlikdə Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın törətdiyi Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilən digər soyqırımları dünya ictimaiyyətinə çatdırılacaq.
Sonra müsabiqə qalibləri mükafatlandırılıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2018-ci ilin Azərbaycanın islam həmrəylinə töhfəsi baxımından mühüm il olduğunu söyləyib: "2018-ci ilin Azərbaycan üçün daha uğurlu il olacağına inanıram. Azərbaycan jurnalistlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm".
Qeyd edək ki, Lent.az-ın əməkdaşı Ləman Mustafaqızı müsabiqədə iştirak edib və birinci yeri tutub.
274