Adətən, cəmiyyətdə tanınmış söz, sənət adamlarının övladlarını tanımaq istəyi yaranır. Onlara elə özlərinin boya-başa çatdırdığı, yetişdirdiyi övladın gözüylə baxmaq istəyirlər. Ancaq yəqin ki, onları boya-başa yetirən insanların özünü də tanımaq maraqlı olardı. Lent.az-ın “Valideyn iclası” layihəsində sizə sevdiyiniz şair, yazıçı, sənətçilərin valideynlərini tanıdacaq, onları bir də ata-analarının dilindən eşidəcək, uşaqlıqlarından, necə övlad olduqlarından agah edəcəyik.
Bu iclaslarımız bir az fərqli, hay-küysüz olacaq, bu iclasda ağız deyəni qulaq eşidəcək. Bu iclasda ancaq bir nəfərdən, bir övladdan – qəhrəmanımızdan danışılacaq. Bu dəfə məhz valideynlər danışacaq, biz dinləyəcəyik, bu dəfə övladlarını öyən də, danlayan da onlar olacaq. Elə isə söz onlarındır – ana və ataların...
Bu dəfə şairə Sevinc Çılğının anası Xatirə Qəmbərova və atası Nazim Qasımov ondan danışacaq.
***
Sevinci valideynlərinin dilindən eşidəcəkdim. Ancaq mən onu yaradan sevgi hekayəsini dinləmək istəyirdim əvvəlcə. Hiss eləyirdim, hiss olunurdu, anasının ilk cümləsi elə bu olacaqdı: Sevinc sevgidən doğulub...
Elə də oldu. Yanılmamışdım, Sevincin gözləri yanıltmamışdı.
– Sevinc sevgidən yoğrulub, sevgidən dünyaya gəlib. Sevincin atasıyla bir-birimizi o qədər sevmişik ki... Hələ də inana bilmirəm, həyatda kimsə bir-birini bu qədər sevə bilərmi, varmı ikinci belə bir sevgi hekayəsi? Biz çox çətinliklə qovuşmuşuq.
Nazim qardaşımın dostuydu. Həm də bir məhəllədə yaşayırdıq. Onda hələ 17 yaşım vardı, onuncu sinfə keçmişdim. İlk baxışdan aşiq olmuşduq. Qəribədir, o da, mən də... Neçə il bir-birimizi uzaqdan sevmişik. Bunu sonralar görüşəndə etiraf etmişdik. Nazim deyir, baxan kimi fikirləşdim ki, görəsən, bu qız kimdir belə? Kaş arada küçəyə çıxaydı, görəydim onu. Mən də demişdim ki, bu, nə gözəl oğlandır belə, kaş məni sevəydi... Həmişə yalvarırdım ki, ay Allah, mən bircə bu oğlana qismət olum, bir qızımız olsun, bu sevgidən yoğrulan bir qız... Başqa heç nə istəmirəm.
Elə də olur. Xatirə xanım arzusuna çatır, qucağına alır o sevgidən doğulan körpə qızı. 7 illik sevgidən sonra onlar evlənirlər.
– Allah səsimi eşitdi. Allahın istədiyi bəndədi Sevinc. O, mənim qızımı seçib yaradıb. Şükür edirəm ki, Sevinc kimi bir övlad şəxsən mənim payıma düşüb, mən böyütmüşəm, mənim ocağımda böyüyüb.
Sevinc qış günündə, dekabrın 26-sı səhər saat 11-ə işləmiş dünyaya gəlib. “Qızın oldu” deyəndə biixtiyar ağlamağa başladım. Həkim soruşdu ki, niyə ağlayırsan, qızın olduğuna görə pis olursan? Dedim, yox, sevincimdən, arzuma çatdığıma görə...
Hə, qəşəng bir qızım oldu. Balaca idi, çox balaca, doğulanda iki kilo yeddi yüz qram idi. Amma balaca canıyla körpəlikdən hissiyyatlı idi.
Atası deyirmiş ki, qızımız olsa, adını Qönçə qoyarıq, oğlumuz olsa, Pənah. Sevinc doğulandan sonra isə ona verilmək üçün çox ad sadalanır.
– O qədər adı oldu ki, Qönçə, Aygün, Aytac, nənəsinin adı... Düz altı aylığında doğum haqqında şəhadətnamə aldıq Sevincə. Anadan olanda xəstəxanadaca qardaşım demişdi ki, uşağın adını Sevinc qoyuram. Sevdiyi qızın adı olub. Mən də dedim, qızımın adı elə Sevinc olacaq. O qardaşımın indi 50 yaşı var, hələ də evlənməyib.
Bunu sonradan atası da danışacaqdı bizə. Sevincin uşaqlığıyla bağlı hər ikisi eyni maraqlı xatirəni bölüşür:
– Sevinc altı aylıq idi. Sübh vaxtıydı, yatmışdıq. O da ikimizin ortasında yatırdı. Qəflətən səsi gəldi: “Amerika”. İkimiz də ayıldıq, təəccüblə bir-birimizə baxdıq. Eşitdiyimizin sözün təsdiqini tapmaq istəyirdik. İnanmaq üçün ikimiz birdən nə eşitdiyimizi dedik, hə, “Amerika” demişdi. Dedik, Allah xeyrə calasın, nə isə olacaq, yəqin.
Körpəlikdən Sevincdə qeyri-adilik vardı, yaşıdlarından çox fərqlənirdi. Özündən balaca uşaqlarla oynamırdı, xoşlamırdı. Elə suallar verirdi ki, məəttəl qalırdım, cavab verə bilmirdim.
Ağlağan uşaq olmayıb, “onu istəyirəm”, “bunu istəmirəm” deməyib. On aylığında yeriyib. Elə o vaxt da danışmağa başladı. Sərbəst danışmırdı, amma sözləri deyirdi, fikrini başa sala bilirdi. Atasını həddindən çox istəyirdi, həddindən çox... Atası evdən bayıra çıxa bilmirdi, əlindən yapışıb buraxmırdı.
Uşaqlığından həyatı qavrayırdı. Ona heç nəyi başa salmaq lazım deyildi. Hətta birinci sinfə təzə getməyə başlamışdı. Evə gəldim ki, əmisi qızlarıyla evcik-evcik oynayır. Acıqlandım ki, sən dərslərini hazırlamısan, gedib oyun oynayırsan? Qaşlarını düyünlədi, dəftər-kitabını açıb, dərslərini elədiyini göstərdi. Dedi, bir də kiminsə yanında mənə elə demə, mən özüm eləyirəm dərslərimi. Ona ən doğmalarımızın da yanında artıq söz deyilməsini xoşlamırdı.
Elə balacalığından özünə baxmağı sevirdi. Geyimlərinə xüsusi diqqət eləyirdi. Birinci nəvə idi, hamı onun üçün qəşəng-qəşəng paltarlar alırdı, geyinib nazlanırdı, hamı da ona baxırdı. Mən də eqoist idim, istəyirdim, həmin paltarlar tək onda olsun. Toya gedərdik, toyxanada bütün uşaqlar bir yerə yığışıb oynayardı. Ömründə onlarla bir yerdə oynamazdı. Dayanardı yanımda, sonra gərək xüsusilə onun üçün mahnı çalınardı. Hamı yerində oturmalıydı, o, tək oynamalıydı, özü də “Aşıq gəncəli dağlar” (“Aşığın arzuları”) mahnısına. Uşaqlıqdan diqqət mərkəzində olmağı sevirdi.
Sevincin məktəbdəki ilk valideyn iclasından danışırıq. Sinif müəllimi ilk olaraq sözü Sevincdən salanda Xatirə xanım həyəcanlanıb, qorxuya düşüb. Amma boşuna...
– Bütün valideynlər, oturmuşduq. İbtidai sinif müəllimi qayıtdı ki, bəs Sevinc Qasımova çox seçilmiş uşaqdı. Mən də baxıram, Ay Allah, indi nə deyəcək? Axı Sevinc oğlan kimiydi, bütün gün oğlan uşaqlarıyla dalaşıb-vuruşurdu. Qızlarla dostluğu sevmirdi.
Deməli, müəllimin bir barmağı yoxuydu, doqquz barmağı vardı. Uşaqlar da say bilmirdi axı. Müəllim bir əlini qaldırıb soruşub:
– Bu əlimdə neçə barmaq var?
Uşaqlar hamısı qışqırıb:
– 5.
– Bəs bu biri əlimdə?
– 5.
– Neçə oldu?
– 10.
Sevinc də əlini qaldırıb ki, müəllim ondan soruşsun:
– Buyur, Qasımova.
– Müəllim, on yox, doqquz eləyir.
– Necə yəni? Bir əldə neçədi?
– 5.
– Bəs o biri əldə?
– O biri əldə də beş olmalıdı, amma sizdə dörddü. Ona görə də cəmi doqquz eləyir.
Müəllimi danışırdı ki, Sevincin diqqəti, bunu sezməyi çox xoşuma gəldi.
O vaxt hamı “Lenin baba, Lenin baba” deyirdi axı. Bir dəfə dərsdə deyiblər ki, Lenin bizim babamızdı-filan. Bu, yenə əlini qaldırıb, ayağa durub deyib ki, bəs Lenin bizim babamız deyil.
– Necə yəni babamız deyil. Lenin hamımızın babasıdı.
– Yox, mənim babam Əlabbasdı.
Müəllim dedi ki, bu uşaqdan nə isə bir şey olacaq, ondan muğayat olun.
Uşaqlar oyuncaqla oynayardı, vurub-sındırardı. O, bir balaca kağız götürüb cızma-qara edərdi. Uşaq vaxtı mağazadan nə isə almağa gedəndə qalıq pulu ona verərdim. O da bu pulları yığıb kitab alardı. Uşaqlıqdan ədəbiyyatı çox sevirdi. 1993-cı ildə üçüncü sinifdə oxuyurdu, vertolyot qəzası olmuşdu. İsmət Qayıbovun həlak olduğu hadisə... Onda onlara şeir həsr eləmişdi, bütün məktəb danışırdı ki, bu şeiri o, özü yaza bilməz. Amma müəllimi inanmışdı, çünki onun daha əvvəl yazdığı şeirləri oxumuşdu, istedadına bələd idi.
Sevinc daha çox xarakteriylə seçilir. Onda daha çox atasının, əmisinin xarakteri formalaşıb. Kişi kimi qızdı, mərddi, ürəklidi, sərtdi. Amma həm də safdı, ürəyiyumşaqdı. Bilə ki, birinin evində çörəyi yoxdu, ya çayı konfetlə yox, qəndlə içirlər, tez özünü yetirib onlar üçün hər şeyi edəcək. Son qəpiyini belə kiməsə xərcləyə bilən insandı.
Qeybətdən uzaqdı. Uşaqlıqdan eşidəndə ki, qohum-əqrəbayla kiminsə haqqında danışırıq, gəlib acıqlanardı: “Öz sözünüzü danışın”. Bir az əsəbi olmağı var, onda da üzünü turşudur, acığını mənim üstümə tökür. Mən də uduram, başa düşürəm, o, mənim gözümün ağı-qarası bircə balamdı... Ürəyimdə qalan nə arzum, yaşamaq istədiyim nə varsa, hamısını onda görmək istəyirəm. Nəyi eləyirsə, onda özümü görürəm, elə bil, mənim gəncliyimdi. Hərdən gəlib yanımda uzanır, bilərəkdən suallar verirəm ki, danışsın. Danışır, elə bilirəm ki, özümü dinləyirəm, öz səsimi eşidirəm...
Çoxumuz Sevincin “Doğma bataqlıq” dediyi “Kubinka”da doğulub-böyüdüyünü bilirik. Bu, onun həyatının əsas xəttidi, bəlkə də. Ki, onun yazılarında, şeirlərində gəlib-keçir, ya da heç keçmir... Söhbətimizin bu yerində biz də yolumuzu “Kubinka”dan “saldıq”.
– “Kubinka”nın adamları, doğrudan da, elə bil, seçilmiş adamlar olub. O məhəllənin adamları o qədər saf, mərd adamlar idilər. Qadınları da kişi kimi olub; ərindən ötrü özünü güllə qabağına verən, əri rəhmətə gedən, həbs olunanlar balalarını başlarına yığıb qoruyublar - qartal kimi. Sevinc də orada böyüyüb. O da uşaqlıqdan çox müşahidəçi olub. Onları görə-görə böyüyüb, hər şeyi sezib, seçib. “Kubinka” onun üçün həyat məktəbi olub. Orda böyüyən adamlara heç nə demək lazım deyil. Necə deyərlər, arifə bir işarə bəsdi. Oxuya bilirik insanları.
Deməli, o vaxt Zahirgil elçi gələndə Sevincin əmisi dedi ki, biz oğlanı tanımırıq, Sevinclə Zahir özləri tanıyıblar bir-birlərini. Amma əgər Sevincin qabağına daş-qaş qoysaydıq, deyərdim ki, uşaqdı, daş-qaş tanıya bilməz. Qızılı-brilyantı tanımaz, amma adamı tanıyar. Əgər Sevinc “hə” deyibsə, biz hamımız “hə” deyirik. Yəni Sevincə o qədər inam olub. Doğrudan da, o məhəllənin Sevincin formalaşmağında böyük təsiri olub. O mühitdə çox şeylər, çox həyatlar görüb.
Xatirə xanım özü də ədəbiyyatı çox sevib, yaxşı qiraət qabiliyyəti olub. Ancaq arzusu həkim olmaq, ağ xalat geyinmək imiş. Buna da atası icazə verməyib. “Kubinka” onun arzusunu ürəyində qoyub.
– Gerçəkləşməyən arzularımı Sevincdə görmək istəmişəm. O, məktəbdə yaxşı oxuyurdu, həkimliyə hazırlaşmağa başladı. Bakıda ən savadlı, ən güclü müəllimləri tapıb, onların yanına hazırlığa göndərdim. Beş-altı ay getdi. Bir gün gəlib gördüm ki, dilxor oturub. Səbəbini soruşanda dedi ki, mən Tibb Universitetinə qəbul olacam, universiteti bitirib diplomla ağ xalatı da sənə bağışlayacam.
– Niyə?
– Sən özün həkim olmaq istəmisən, arzun qalıb ürəyində. İndi ona görə məni həkim kimi görmək istəyirsən. Amma mən ki bunu istəmirəm.
Jurnalistikaya, ədəbiyyata meylli idi, mən də razılaşdım. Bütün səmti dəyişdik. Qafqaz Universitetinin filologiya fakültəsinə qəbul oldu. Atası elə uşaqlıqdan deyirdi ki, görərsən, mənim qızım jurnalist olacaq.
Mən Sevincə heç vaxt “Yox”, “Olmaz” deməmişəm. Nəyi istəyibsə, eləyib. Bu arzusuna da çatdı.
“Kubinka” kimi yerdə şalvar, qısa paltar, şortik geyinirdi. Mən ona inanırdım, o paltarın içində özünü necə aparacağına inanırdım. Tək geyimdə yox, heç bir mənada sərhəd olmayıb onun qarşısında. Bircə demişəm: “Sevinc, təki sən istə. Fikirləşmə ki, anamın pulu yoxdu. Sən “yox” sözü eşitməyəcəksən”. Bir qəpiyim olmayanda da tapıb-tapışdırıb onun istəklərini yerinə yetirmişəm.
Hələ hərdən mənim acıqlandığım olub ona. Amma atası əsla. Bircə dəfə də “Gözün üstdə qaşın var” deməyib. İndi də bir də görürsən, Sevinc işə gedəndə tələsir, hazırlaşıb çıxınca əlli dənə paltar, ayaqqabı dəyişir. Atası əyilib ayaqqabısının tozunu silir ki, belə çıxmasın. O qədər çox istəyir onu, o qədər bağlıdır ona, gecə-gündüz namazlarında Sevinc və balaları üçün dua eləyir...
Söhbətimiz boyu Sevinc də yanımızda idi. Dinləyirdi, susurdu, gülürdü, ağlayırdı... Bircə dəfə dindi. Anasıyla Sevincin xoş günlərindən, anasının qızı üçün sevindiyi günlərdən danışmaq istəyəndə. “Ən xoş günümüzdə belə anamla mənim ağlamaq üçün səbəbimiz olub” dedi. Hə... onların həmişə bir gözləri gülübsə, biri ağlayıb.
– Onun sevindiyi hər şeyə mən də sevinmişəm. Mən desəm ki, Sevincin kitabları mənim stolüstü kitablarımdı, yalan olar. Amma bir tin, bir dayanacaq aşağıda anamgilin evinə gedirəmsə, çantamda onun kitabı olmalıdı. Özü yanımdadı, ürəyimdədi, elə bil.
Bir də... bir şeiri var Sevincin, anasının hər gün, hər saat oxuduğu, Sevincin özünü, anasını, atasını yazdığı şeiri... Deyir, bir-bir düşür yadıma, hamısı gəlir yadıma...
– Biz ana-bala dost olmuşuq. Hər sirrimizi bir-birimizə vermişik. Amma ailə qurandan sonra aramızda bir pərdə yarandı sanki. O, hər gün saat altıda, altının yarısında işdən gəlirdi, küçə qapısından düz məhəllənin başınacan baxırdım. Dərsə də gedəndə evdən çıxıb gözdən itənəcən onun geyiminə, yolda gedişinə həsrətlə baxırdıq, dua edə-edə girirdik evə. Gəlin gedəndən sonra neçə gün özümə gələ bilmədim. Çıxırdım küçəyə ki, indi gələcək. Yadıma düşəndə ki, bizə gəlməyəcək, ağlayırdım.
O, yanımdadısa, mənimçün xoş gündü. Onun əhval-ruhiyyəsi yaxşıdısa, yaxşı oluram, bir az qaşqabaqlı olsa, təzyiqim də qalxır, halım pisləşir.
Toy günü ən xoşbəxt günüm idi. Eləcə də kitab təqdimatları... Onun hər kitabı çıxanda getmişəm təqdimatına, demişəm, ay Allah, sənə çox şükür ki, bu bəndəni mənim bətnimdə yaratmısan, mənim qucağıma vermisən.
Sevinci görünüşcə özümə oxşadıram, amma çox adam deyir ki, atasına oxşayır. Hə, rənginin qaralığında və xasiyyətcə atasına oxşayıb. Atası da sözü birbaşa üzə deyəndi. Amma yaxşı adamdı, din əhlidi, savadlıdı. Nədən desən, səni müəllim kimi başa salacaq.
Sevincin qardaşı olmayıb, atası həmişə yanında ola bilməyib. Mənim də ürəyimdə qalan arzularım olub, amma Sevincin bütün istəklərini həyata keçirmişəm. Həmişə deyirdim, Allah Sevincin qabağına elə oğlan çıxarsın ki, ona heç nədə sərhəd qoymasın.
Deməli, Zahirgil səhər elçi gələcəkdilər Lənkərandan. Sevincin telefonundan Zahirin nömrəsini götürdüm, adını “Qarışqa” deyə qeyd eləmişdi. Zəng vurdum, dedim, Zahir, sən sabah elçilərini göndərmə, bir bəhanə tap, Sevincdən ayrıl. Dedi, niyə axı, Xatirə xanım? Dedim, mən Sevinci min bir əziyyətlə böyütmüşəm, amma o, yenə də “yox” sözü eşitməyib, ərköyün, şıltaq qızdı. Sabah onun nazıyla oynaya bilməzsən, istədiklərini edə bilməzsən. Birdən Sevinc bu “yox”lara dözməz. Mənim gözümün ağı-qarası bircə balam var. Onun ürəyi qırılsa, o gün ölərəm ey mən, o gün ölərəm!
O gecə Zahir mənə kişi kimi söz verdi ki, heç vaxt elə bir şey olmayacaq, Sevinc üçün həmişə hər şeyin yaxşısını edəcək.
O, doğrudan da, kişi adamdı. Mən onunla bir oğul qazanmışam. Mənim adlı-sanlı, yaxşı atam olub, qardaşlarım, qayınlarım olub, amma heç birinə arxamı söykəməmişəm. Amma Zahirə elə söykənmişəm həyatda. Hərdən Zahirə deyirəm ki, onun nazıyla bu qədər oynama. Deyir, o, Sevinc Çılğındı, mən onun bu çılğınlığını sevirəm. Doğrudan da, çılğındı bu qız. Gah istəyir ki, bütün gün yanında oturasan, gah ən sevdiyi adamdan da doyur, tək qalmaq istəyir.
Amma mən övladımdan nigaran deyiləm. Ləyaqətli övladdı. Təkcə mənim balam deyil o. Vətənini sevən övladdı, torpağına bağlı, insanları sevən adamdı. Həmişə ayaq üstdə dayana biləcək o. Düşünürəm ki, Allah onu mənim bətnimdə yaradıbsa, məni də sevib...
Xatirə xanımla müsahibəmiz Bakıda, dəniz kənarında baş tutmuşdu. Əslində, söhbətimiz elə burda da yekunlaşacaqdı. Ancaq yenə də Sevincin çılğınlığı öz sözünü dedi. Dedi, istəyirəm atam da mənim haqqımda danışsın. Beləcə, biz Qəbələyə yola düşdük. Atası Nazim əmi də “gəlin” dedi, Sevinc haqda danışacaq o qədər şey var ki...
Və biz Sevincin atasıyla da görüşdük. Bilmirdim, hansının boynunu qucaqlayım, bilmirdim, Sevinci təbrik edim, yoxsa atasını. O, artıq xəyallarda olmadığı üçün, o, dəmir barmaqlıqları qırıb gəldiyi üçün... Ya da atası eləcə divanda oturub film izləsin... Amma yox, bizim danışacaqlarımız vardı. Sevinc indi məhz bunu istəyirdi, atasının qızından danışmasını...
Nazim əmi qızının dünyaya gəldiyi günü danışır bizə:
– Dekabrın 25-i gecəni səhərəcən xəstəxanada oldum, sonra gördüm yuxum gəlir. Getdim evə ki, bir az yatım. Sübh vaxtı qardaşımın təzə dil açan qızından soruşdum ki, bilmirsən, əminin nəyi olub? Dedi, qızın olub, əmi. Sevindim, durub əl-üzümü yuyub xəstəxanaya getmək istəyirdim ki, qapımız döyüldü. Məndə bir yaxşı bir qış gödəkçəsi vardı, ona müştəri çıxmışdı. Çox yaxşı qiymətə aldılar. Onda bildim ki, Sevincin ayağı düşərlidi. Sevincin dünyaya gəldiyini eşidən kimi, bu yandan da ruzisi gəldi. Pulu da götürüb gəldim Xatirə xanımın yanına. Məni görüb ağladı, “qızımız oldu” dedi. Dedim, lap yaxşı. Sevinci yanımıza gətizdirdik, bapbalaca idi. Dedim, ay Xatirə, bu, lap balacadı ki. Dedi, əşi sən də balacasan, mən də balacayam, necə olmalıydı ki? Gülüşdük. Bir dəfə onda gördüm, yatmışdı. Öpdüm elə burnundan, balaca burnu, balaca ağzı, balaca gözləri vardı.
Yavaş-yavaş böyüdü. Hərdən özümlə aparırdım, gəzdirirdim hər yanı. Xoşlayırdım ki, yaxşı geyindirək, yanıma salım hər yerə aparım onu. Çayxanaya qədər aparırdım. Oğlum kimi... Öyrədirdim, deyirdim, bax, qızım, heç kəsdən qorxma. Hətta bir dəfə müəllim şikayət elədi ki, bəs Sevinc bir oğlanı vurub. Aydınlaşdıranda dedi ki, səni söydüyü üçün vurdum. Hamı deyir, oğlandan əl çəkmirdi ki, sən mənim atamı söymüsən. Mən onda hiss elədim ki, oğlum olmasa da, Sevinc mənim üçün elə həm də oğuldu. Mən elə bilirəm ki, o, mənim qızım yox, oğlumdu. Onu oğlan kimi böyütmüşəm. Amma həm də deyirəm, yaxşı ki, oğlum yoxdu, Sevinc kimi fəxr ediləsi bir qızım var.
Mən bu vaxta qədər ona heç nəyi başa salmamışam ki, ay qızım, sən bunu düz eləmirsən, özünü belə apar, belə ol. Hamısını özü anlayıb, özü dərk eləyib. Ondan həmişə arxayın olmuşam. Sevincdi də, ondan çox danışmaq olar...
Xatirə xanım deyirdi ki, Sevinc atasına çox oxşayır. Haqlıymış.
– Mənə də oşayır, anasına da. Çox adam nəsə mənə oxşadır. Xasiyyətcə mənə oxşarlığı çoxdu, qorxmazdı, arxadan danışan deyil, sözü üzə deyəndi. Dostunu, yaxınını darda qoyan deyil..
– Deyəsən, çılğınlıqda da sizə oxşayıb axı...
– Həə, mən də cavan vaxtlarımda çılğın olmuşam, məndən keçib ona.
– Bəs anasından ona nələr keçib?
– Tez-tez danışmağı, qohum-əqrəba istəməyi, saymağı, istiqanlı olmağı...
– Sevinc nə qədər səs-küylü olsa da, çox kövrəkdi. Kimə çəkib belə?
– Kövrəklikdə də mənə oxşayıb, mən də kövrəyəm. “Hay” deməmiş ağlayıram, gözümdən yaş gəlir. Onda da var o xüsusiyyət. Qıraqdan mənə oxşadığını deyənlər çoxdu, onda çox sevinirəm.
Elə “Çılğın” adı yaraşır ona. Çəkingənliyi, qorxusu yoxdu. Bir az tapmacalıdı. Günü-gündən onda yeni şeylər kəşf edirəm. Açığı, mən Sevinci belə təsəvvür eləmirdim. Deyirdim, nə də olmasa, qız uşağıdı. Amma yaşa dolduqca görürəm ki, necə vətənpərvər, ailəsinə, həyat yoldaşına bağlı bir inşandı. Qürur duyuram onunla.
Ürəyimdə bircə qırıqlıq var ki, mən Sevinc üçün heç nə eləyə bilməmişəm. Çox vaxt onun yanında ola bilməmişəm. Oxumağında, bu yerə gəlib çıxmağında mənim o qədər də əməyim olmayıb. Təki Allah mənə ömür versin, onunla bağlı arzularımı həyata keçirə bilim. Çünki o, buna layiqdi.
Yenə deyirəm, Sevinc tapmaca kimidir ey. Evdə ordan-burdan söhbət eləyirik, savadını, dünyagörüşünü, fikirlərini görüb sevinirəm, şeirlərini oxuyub sevinirəm. Hərdən inana bilmirəm ki, o, mənim övladımdı. Elə bilirəm ki, kiminsə qızıdır, qəşəng-qəşəng danışır...
Mənim də yazı-pozuya böyük həvəsim olub. Elə deyirdim ki, bu qız da yazacaq, jurnalist olacaq. Hərdən mən də nə isə cızma-qara eləyirəm, zarafatla deyirəm, deyəsən, şairlik məndən keçib Sevincə. Özümdə tapmadığımı, sükür Allaha, indi qızımda görürəm. Mən onu çox istəyirəm, lap çox... Sevgimi izah edə, başa sala bilmirəm. Nə bilim...
Məni indi həyata nəvələrim – Yavruyla Sezay bağlayır. Allah Zahir bəyi salamat eləsin. Mənim elə namazım yoxdur ki, onda birinci Sevincə, balalarına, anasına, Zahirə dua eləməyim. Deyirəm, onları müşkülə salma bircə.
Bir də görürsən, Sevincə təpinirəm ki, Zahirlə belə danışma, bunu düz danışmadın, bunu ədalətli eləmədin. Hərdən onunla belə quru-quru danışanda mən narahat oluram, hətta ağlamaq istəyirəm. Zahirə də deyə bilmirəm ki, sən onun belə danışmağına yol vermə. Qızımdı də, deyə bilmirəm axı. Amma bir dəfə dedim. Zahir qayıtdı ki, Nazim kişi, uşaqdı da... Belə görürəm ki, o da elə bilir Sevinc onun qızıdı, uşağıdı, balasıdı. Deyirəm, belədi, qoy belə də olsun.
Nazim əmiylə də Sevinclə bağlı ən xoş günündən danışmaq istədim. Bu dəfə Sevinc yanımızda yox idi. Amma ortada yenə kədər vardı, “kaş ki” vardı...
– Mən Sevincin ən şad günündə yanında ola bilməmişəm. Bunu özümə heç vaxt bağışlamayacam. Aman-zaman bir balan ola, illərlə gözlə, böyüsün, toyunu gör... Bu, mənə nəsib olmadı.
Həmin gün ürəyimdən qara qanlar axırdı. İki-üç gün çörək yeyə bilməmişdim. Mən balama qovuşanda artıq onun da balası vardı...
Nazim əminin də arzuları var, qızıyla, nəvələriylə bağlı: onların canını sağ, üzlərini gülən görmək. Bütün bunları görmək üçün isə ömür, görə bilmədiyi xoş günlər əvəzinə bir azca ömür istəyir. Bir də onlar üçün nə isə, fərqi yoxdu, nə isə etmək üçün çırpınır. Onlar üçün qurmaq, yaratmaq, hətta elə onlar üçün yaşamaq istəyir. O hiss eləyir, bilir ki, məhz o zaman Sevincin qəhqəhələrini göz yaşı bölməyəcək. Bəlkə də, bir gün yenə Sevincin xoş günlərindən danışmaq istəyəcəm onlarla, bəlkə, onda ortada kədər yox, sevinc olacaq...