AMEA prezidenti, akademik Akif Əlizadə Vatikanın bir sıra tarixi məkanlarına səyahət edib. AMEA-dan Lent.az-a verilən məlumata görə, səfər naşir Sandro Teti və prezidenti müşayiət edən Vatikanın Salesian Universitetinin prorektoru, professor Qianfranko Koffel tərəfindən təşkil olunub.
Səfər çərçivəsində AMEA prezidenti Müqqədəs Pyotr Məbədinin tikintisi ilə bağlı XVI əsrə aid bütün sənədlərin saxlanıldığı “Fabrika di San Pietro” Arxivində olub. O, burada saxlanılan arxitektorlar Mikelancelo ve Berninin qədim əlyazmaları ilə yaxından tanış olub.
Akademik A. Əlizadə həmçinin Vatikana səfər edən bütün dövlət başçılarına Papa tərəfindən hədiyyə edilən mozaikaların hazırlandığı Vatikan Mozaika Studiyasına da səfər edib.
AMEA prezidenti İtaliyanın görkəmli geoloqlarından olan, İtaliya Elmlər Akademiyasının üzvü, professor Annibal Mottana və Roma Universitetinin rektoru, professor Mario Panizza ilə də görüşüb. Vatikanda olmaqdan məmnunluğunu ifadə edən A. Əlizadə səfər çərçivəsində keçirilən görüşlərin elmi əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.