«Aclığı dayandırın, qardaşlar»
30 iyul 2013 00:32 (UTC +04:00)

«Aclığı dayandırın, qardaşlar»

Güney Azərbaycan türklərinin Milli haqlarının təmin olunması uğrunda mübarizə apardıqları üçün Tehran hakimiyyətinin hər birini 9 il azadlıqdan məhrum etmiş Yeni GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) fəalları  Lətif Həsəni, Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə iyulun 13-dən məhkəmənin barələrində ədalətsiz hökmünə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Onların sağlamlıq vəziyyəti olduqca ağırdır, ancaq haqlı istəklərinə nail olmaq üçün aclıq aksiyasına davam edirlər.

Yeni GAMOH-çular hazırda Tehranda Evin zindanının 350-ci bölümündə  təkadamlıq kameralarda  saxlanılırlar. Məlumata görə, onlar zəifləyib və qan təzyiqləri aşağı düşüb.

Azərbaycanın müxtəlif şəhərlərində isə rejim tərəfindən qondarma ittihamlarla 45 il həbsə məhkum edilən fəalların azadlığa buraxılması tələbi ilə müxtəlif etiraz bildirişləri yayılır. Məlumata görə Qoşaçayda fəallara azadlıq tələbi yazılan afişalar  şəhərin divarlarına yapışdırılıb. Həmin aksiyalar Təbriz, Mərənd və başqa şəhərlərdə də keçirilib.

Bütöv Azərbaycan Ocaqları (BAO) həbsxanada aclıq aksiyasını davam etdirən Yeni GAMOH fəallarına -Lətif Həsənli , Yürüş Mehrəlibəyli , Mahmud Fəzli ,Behbud Quluzadə və Şəhram Radmehrə aclıq aksiyasını dayandırmaları ilə bağlı müraciət edib.

Həmin müraciətdə deyilir: «Sizin milli haqlarımız uğrunda fars şovinizminə qarşı apardığınız iradəli, əzmkar, qətiyyətli mübarizə milli hərəkat tariximizin ən şanlı səhifələrindən birinə çevrilib.

Biz, Bütöv Azərbaycan Ocaqları olaraq sizin bu mübarizənizi yüksək qiymətləndirir, sizinlə fəxr edirik. Ancaq fars rejimi, sizin həbsxanada aclıq aksiyası ilə etdiyiniz tələbləri yerinə yetirməyə heç bir meyl göstərməməklə öz qəddar, amansız sifətini bir daha nümayiş etdirdi.

Əziz soydaşlarımız! Biz sizin fiziki durumunuzun ağırlaşmasından son dərəcə narahatıq. Sizin kimi fədakar hərəkatçılar hələ gələcək mübarizəmizdə millətimizə çox lazımdır. Haqq uğrunda aparılan mücadilə mütləq qalib gələcək. Gələcək mübarizədə iştirak etmək və həmin qalibiyyəti görmək ən çox sizin haqqınızdır. Bütün bunları və 17 günlük aclıq aksiyanızın artıq beynəlxalq aləmə kifayət qədər səs saldığını və müxtəlif reaksiyalara səbəb olduğunu nəzərə alaraq sizi aclıq aksiyasını dayandırmağa çağırırıq».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763
avatar

Oxşar yazılar