“Xalqın ordu ilə həmrəyliyi bədxahlara ən təsirli cavabdır”
16 iyul 2014 15:44 (UTC +04:00)

“Xalqın ordu ilə həmrəyliyi bədxahlara ən təsirli cavabdır”

Azərbaycanda ordu quruculuğu siyasəti dövlətin müstəsna önəm verdiyi sahələrdəndir. Əlbəttə ki, bu da səbəbsiz deyil. Çünki güclü ordu güclü dövlət deməkdir. Ordunun gücü məhz dövlətin gücü kimi qəbul olunur. Bu səbəbdən də dövlətə münasibət birmənalı olduğu kimi, orduya da münasibət birmənalı olmalıdır. Son illər Azərbaycan Ordusunun durmadan güclənməsi göz önündədir. Ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin apardığı islahatlar bu gün öz bəhrəsini verməkdədir. “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” - söyləyən Ümummilli Lider Heydər Əliyev fəxrlə bildirirdi ki, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin sərhədlərini sudan, qurudan, havadan qorumaq, Ermənistan silahlılarının nəzarət etdiyi torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır. Bu gün bu siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Lakin təəssüflər olsun ki, bu gün orduya iki cür yanaşma mövcuddur. Birinci yanaşma konstruktiv məcrada, müsbət istiqamətdədir, ikinci yanaşma isə adətən qərəzli olur. Müharibə şəraitində yaşayan bir dövlət üçün orduya qərəzli yanaşma əslində düzgün olmayan bir mövqedir. Nəzərə almaq lazımdır ki, indiki şəraitdə düşmən qüvvələr də daim Azərbaycan Ordusu haqqında gedən informasiyaları izləyir. Hər hansı bir yanlış, qərəzli, ordumuzun əleyhinə yazılan informasiyalar ölkəmizə xələl gətirəcək amildir.

Azərbaycan elə bir regionda yerləşir ki, onun müstəqilliyi, ərazi bütövlüyü bəzi dövlətlər tərəfindən qəbul edilmir. Bunun nəticəsində beynəlxalq təşkilatların, beynəlxalq fondların maliyyələşdirdiyi bəzi qurumlar, ayrı-ayrı şəxslər zaman-zaman ordunu gözdən salmaq istəyirlər. Ordu rəhbərliyində kimin olmağından asılı olmayaraq, orduda gedən prosesləri mənfi istiqamətə işıqlandırmaq çox yanlış yanaşmadır. Orduda gedən müsbət dəyişiklikləri görməmək mümkün deyil. Regionda hərbi və nizami hazırlıq baxımından seçilən Silahlı Qüvvələrimizin gücü getdikcə artır. Bu gün Azərbaycan Ordusu ən müasir standartlara uyğunlaşdırılıb. Maddi-texniki bazası genişləndirilib, həmçinin yüksək səviyyədə təlimlər keçirilir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun mütəmadi olaraq cəbhə bölgələrinə səfərləri, son dövrlər orduda aparılan islahatlar, döyüşlərdə iştirak edən, orduda xidmətləri olan böyük nüfuza malik zabitlərin orduya yenidən vəzifələrə dəvət edilərək yüksək postlara təyin edilməsi, düzgün kadr siyasətinin aparılması, təlimlərin yüksəlməsi dövlətin ordu siyasətinin müsbət göstəricisidir.

İnformasiya müharibəsinin mövcud olduğu dövrdə Azərbaycanın ordu və təhlükəsizlik siyasətində təkcə dövlətin deyil, vətəndaş cəmiyyətinin, eləcə də medianın üzərinə də vəzifələr düşür. Media hərbi sahədə əldə olunan nailiyyətləri bəyan etmək, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmaq baxımından ən güclü vasitədir. Bu səbəbdən hər bir media nümayəndəsi ordu ilə bağlı məlumatları dərc etdirərkən Azərbaycan dövlətinin vətəndaşı olduğunu unutmamalı, orduda gedən müsbət irəliləyişləri öz yazılarında qeyd etməlidir. Ordu istiqamətində görülən müsbət tədbirlərin heç birini xatırlamadan, dəfələrlə cəbhə bölgəsində düşmənin diversiya qrupunun məhv edilməsinə, hərbçilərimizin beynəlxalq təlimlərdə çox yaxşı iştirak etməsinə və digər dövlət əhəmiyyətli tədbirlərə xüsusi önəm vermədən, yalnız qərəzli yanaşma, xırda məsələləri şişirtmək, orduda bir neçə generalı, ordu rəhbərliyini hədəfə alaraq bunlar barəsində daimi yazıların yazılmasına üstünlük vermək qəbulolunmazdır. Biz hamımız ordunu müdafiə etməliyik. Unutmaq lazım deyil ki, bu ordu bizim təhlükəsizliyimizin, ərazi bütövlüyümüzün təmin olunmasında daim ayıq-sayıq dayanır. Ordumuz bizi müdafiə edir və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər  bir vətəndaşın, mətbuatın, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin də borcu odur ki, ordunu dəstəkləsin. Təbii ki, tənqid də  olmalıdır. Çatışmazlıqlar varsa, onlar deyilməlidir. Lakin bu, qərəzli formada deyil, dövlətin mənafeyi gözlənilərək, inkişaf əsas götürülərək dilə gətirilməli, yaxud qələmə alınmalıdır. Yaxşı olar ki, ehtiyatda olan zabitlər, hərbi ekspertlər iradlarını Müdafiə Nazirliyinə, aidiyyəti qurumların rəhbərliyinə çatdırsınlar. Əgər tədbir görülməzsə, irəliləyişlər olmazsa, sonradan bununla bağlı diskussiyalar, dəyirmi masalar təşkil etmək olar. Nəinki hardansa sifariş alıb, bəzi çirkli pullarla maliyyələşib ordu rəhbərliyini gözdən salmaqla məşğul olmağa üstünlük vermək. Bu, qətiyyən yolverilməzdir.

Bu gün bizim güclü zabit kadr potensialımız var və hərbçilərimizin bacarığı da gündən-günə artır. Ordumuzun keçirdiyi son təlimlər də onu deməyə əsas verir ki, qarşıya qoyulan hər bir tapşırığı yerinə yetirməyə hazırdır və tezliklə xalqımıza qələbə bayramını bəxş edə bilər.

Bir daha mətbuata müraciət edərək bildirirəm ki, orduyla bağlı yazılara həssaslıqla yanaşsınlar. Yaddan çıxarmaq olmaz ki, bu yazıları bizimlə birgə düşmən də oxuyur. Biz ordumuzun, hərbçilərimizin nüfuzunu qorumalıyıq. Onların peşəsi vətəni müdafiə etməkdən ibarətdir. Bu cür insanlara qara yaxmaq, böhtan atmaq və faktlara söykənmədən ümumi sözlərlə bu insanların fəaliyyətini şübhə altına almaq milli mənafeyə, ümumi işə ziyan vurur. Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı öz ordusunu sevir, dəstəkləyir və onunla həmrəylik nümayiş etdirir. Böhtançı, qərəzli şəxslərə, bədxahlara ən böyük, təsirli cavab xalqın ordu ilə həmrəy olmasıdır. Və bu ordu öz torpaqlarını tezliklə işğaldan azad etməyə qadir bir qüvvədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar