“Simit var” verilişində şok faktlar açıqlandı – ÖZƏL
16 dekabr 2013 16:37 (UTC +04:00)

“Simit var” verilişində şok faktlar açıqlandı – ÖZƏL

“Gecədən xeyli keçmişdi. İşıqları söndürüb yatmışdıq. Bircə qızım oyaq idi. Futbola baxırdı. Arzu hardasa saat 10-da dedi ki, ana, yaman yorulmuşam, mən gedirəm yatam. Başıma xeyir, mən hardan biləydim ki, bunun başqa planı var imiş. Sən demə, o itin qızı ilə danışıb, vədələşibmiş ki, axşam anamgil yatandan sonra gəl, qaçır məni”.

 

Kamandar xala gözlərinin yaşını sel kimi tökərək, təngənəfəs halda danışır. Gecəki hadisənin şokundan çıxa bilməyib hələ də. Ürəyinin çırpıntısının səsi “Kubinka”dan “Sovetski”yə qədər gedir, yalan olmasın. Sağ əlinin üç, sol əlinin 4 barmağının ucunda yanağını cırmaqlayanda dırnağına keçmiş dərilər görünür. Faciəvidir. Ulu tanrı heç bir ailəyə belə bir dəhşət yaşatmasın. Dünən gecə aşağı məhəllədə yaşayan Fikrət adlı qız Kamandar xalanın gözünün ağı-qarası yeganə oğlunu qaçırdıb. Həm də ailənin gözü qarşısında. Arzunun bacısı Ədalət deyir, gecə futbola baxanda qardaşının tualetə getmək adıyla həyətə çıxdığını görüb, bundan sonra isə məlum olub ki, Fikrət elə bu zaman qardaşını “gecə saat 2-də, qırmızı “012”-də, dal qapını açıb, oğlanı götürüb qaçıb”.

 

Bacısının sözlərinə inansaq, Arzu Fikrətə özü qaçıb. Deyir, anası Kamandar xala yeganə oğul övladı olan Arzunu Fikrətə vermək istəmirmiş. Qız hətta bir neçə dəfə onlara elçi göndərmək istədiyi ilə bağlı söz də göndərib. Kamandar xala isə “dedığım dedıx, yedığım, yedıx” deyərək, inadından əl çəkməyib, “mən evi, maşını, normal işi olmayan qıza oğul vermərəm” deyib.

 

Əsəb sarsıntısı keçirdiyi gözlərinə daman qandan hiss edilən Kamandar xala kişiyana söhbət etmək istədiyini deyərək, danışmağa başlayır:

 

“Mən o uşağı 20 ildir nə zülmlə böyütmüşəm, bilirsən sən, ay oğul? İllərdir onun bunun saçını kəsirəm, qaşını gözünü alıram ki, bu iki uşağı halal pulla böyüdüm. Səni inandırıram o bir olan Allaha, hərdən elə olub ki, hansısa itin qızının üzünü də almışam. Hələ qara bığlı qızların bığlarını alanda yaşadığım əzabı demirəm. Sən bilirsən heç bu nə deməkdir? Hardan biləsən axı?! Neçə bığıburma qız bığı almısan ki? Bax, indi sən denən görüm, mən bu əzab-əziyyətlə böyütdüyüm uşağımı tanımadığım, bilmədiyim hansısa itin qızına necə verim, ay oğul? Oğlumun başını yedi o qız. Hər gün zəng edib, iki saat danışırdı. Oyyy, Allah, yanıram mən. Min dəfə Arzuya demişdim ki, bala, səni o it qızına verən deyiləm, danışma onunla. Qulaq asmadı mənə. Uşağımın başını necə bişirdisə...”.

 

Çəkiləsi dərd deyil. Hansı oğul bir qıza görə anasının üzünə bu cür ağ ola bilər axı? Bəs, bizim milli-mentalitetimiz? Bəs adətlərimiz? Bəs “böyüyün sözünə baxmayan böyürə-böyürə qalar” atalar məsəlimiz? Bəs “oğlan qızsa tez sönər, vay o günə qız qıza” söhbəti? Axı bu oğlan sönmədi. Axı dövlət qurumları hara baxır? Bu cür faktların qarşısının alınması üçün niyə heç bir addım atılmır? Zabratda da yollar pis gündədi. Yağış yağanda küçəyə çıxmaq olmur. Gəlmişdilər dəə, 92-93-də gördük, gecə saat 12-dən sonra oğlan da qaçırtmaq olmurdu. Əziz mənim xalqım, yanıram axı mən, belə şeyləri görəndə. Xəzər də ki dəniz deyil, göldür.

 

Bacısı danışır ki, məktəbi bitirəndə qonşulardan biri Arzunu qızına almaq istəyib, amma oğlan deyib, özümü öldürərəm, amma o qıza getmərəm, mən Fikrətdən başqasının ola bilmərəm.

 

“Qardaşım Fikrətlə məktəb vaxtından danışırdı. Fikrət onlardan iki sinif yuxarı oxuyurdu. Yadımdadı, məktəbdə hamı ona Fiko deyirdi. Məktəbi bitirəndən sonra getdi Dubaya işləməyə, 2 il işlədi, qayıtdı gəldi. Arzuya da demişdi ki, məni gözlə, gəlib alacam səni, anan da verməsə, qaçırdacam. Ya mənimsən, ya qara torpağın, bir oğlanı yüz qız istəyər, bir qız alar. Oğlan ağacı, qoz ağacı, hər gələn bir daş atar. Oğlan qızıla dönüb, kül qızların başına. Hə, Fikrət çoxlu atalar sözləri bilir. Elə bu cür sözlərlə qardaşımın başını bişirib, gül kimi uşağı yoldan çıxardı”.

 

Sağ əlinin çeçələ barmağını sol qulağına salaraq eşələyən Ədalət bacı gecə tualet adıyla evdən çıxan qardaşının dalınca həyətə düşmədiyi üçün çox peşmandır. Deyir, qardaşını Fikrətə qoşulub qaçaraq, ailələrinin namusunu məhlədə yerlə-bir etdiyi, onun da kepkasını yerə soxduğu üçün heç vaxt bağışlamayacaq.

 

“İndi o, elə bilir ki, uşağı olanda bunu bağışlayacağıq, amma yanılır. Mənim elə qardaşım yoxdur daha. Dırnaqlarını pilkaladı, bir söz demədim, saçını rənglədi, bir söz demədim, məhlədə şortiklə gəzdi, hətta cırıq şalvar geyindi, bir söz demədim. Amma bu qədərini gözləməzdim”.

 

Qardaşıyla xatirələrindən danışan Ədalətin sözlərinə görə, Arzunu bu yaşına qədər cəmi bir dəfə vurub.

 

“Arzu evin ərköyün oğlu olub. Həmişə onu əlimizin içində böyütmüşük. Yazıq anam həmişə onun dırnaqlarını özü pilkalayardı. Bu yaşıma qədər Arzuyla cəmi bir dəfə dalaşmışıq. Yadımdadı, “Toy gecəsindən sonra” barında qapıda “oxrana” dayanırdım, səhərə yaxın yorğun-arğın evə gəldim. Gördüm ki, yatıb. Oyatmadım. Yıxılıb yatdım mən də. Oyananda bunu görüb, dəli oldum. Sən demə, səhər mən evə gəlib yatandan sonra bu gedib məhlədəkə salona, qaşını aldırıb. Onun qaşlarını elə nazik görəndə özümdən asılı olmadan üzünə bir sillə çəkdim. “Soxdun papağımı yerə” dedim”.

 

“Simit var”ın əməkdaşları uzun axtarışlardan sonra Arzunu qaçdığı qızla bir yerdə Badamdarda yaşadıqları evdə tapdı. Bir otaqlı, çox da böyük olmayan evin həyətində xeyli sayda “ştanqa”lar var. Əməkdaşımız sonradan öyrəndi ki, bu “ştanqa”lar Fikrətə məxsusdur. Həftədə 3 dəfə məşq edir. Sinəyə 55, “triçeps”ə 25, “muskul”a 35 kilo ilə işləyir. Bildiyiniz, “vışıbala”dır.

Ümumiyyətlə, hörmətli tamaşaçı kimi müraciət etdiyimiz oxucular, kədərli taleyini qələmə aldığımız bu ailə belə çox qəribə ailədir. Elə danışırlar ki, belə çox gülməli.

 

“Qaçmışam, özüm bilərəm. Biz xoşbəxtik. Allah bizi bir-birimiz üçün yaradıb. Qoşa qarıyaq, bir yastıqda qocalaq”.

 

Arzunun bizi görən kimi ilk sözləri bu olur. Rahat görünür. Deyir ki, gecə səhərə qədər “Toy gecəsi” serialının köhnə bölümlərinə baxıblar. Qaçan bəyimizin sözlərinə görə, “Toy gecəsi” çox maraqlıdır.

 

“Mən heç belə maraqlı olacağını gözləmirdim. İlk dəfə idi bu hissləri yaşadım. Əvvəl heç vaxt olmamışdı. Fikrətlə heç vaxt yaşamamışdıq bu hissləri. Əvvələr eşitmişdim ki, belə bir şey var, ancaq necə olduğunu bilmirdim. İlk dəfə dünən axşam baxdıq. İlk hissədən çox maraqlı oldu. Çox xoşumuza gəldiyi üçün də səhərə ədər “Toy gecəsi”nin bütün bölümlərinə baxdıq. Baxmayan hər kəsə də məsləhət görərdim ki, bu hissi yaşasın. Burdan Namiq Qaraçuxurlu məllimə də salam göndərirəm. Onun toy gecəsindəki performansını bəyənirik”.

 

Nə demək olar, xoşbəxtdirlər. Fikrət kənarda qalıb. Söhbətlərə çox qarışmaq istəmədiyi aydın görünür. Özünü ağır aparır. Biz Arzu ilə söhbət etdiyimiz zaman o, demək olar ki, heç nə danışmadı. Müsahibə boyu kənarda dayanıb, siqaret çəkdi. Yalnız söhbətimizin sonunda Arzunun anasına üz tutaraq, bir neçə təsirli söz dedi.

 

Ancaq bir dəqiqə! Bizim Arzuya suallarımız var! Milli-mental dəyərlərimizə zidd gedərək, ailə institutuna ağır zərbələr vuran, dövlətin ictimai-əsasını pozaraq, ölkədəki sabitliyi sarsıtmağa cəhd edən, məhlədə şortik, cırıq şalvar geyindiyi bəs deyilmiş kimi, hələ utanmadan qaşlarını da alan bu cavan oğlan bütün bunlara cavab verməlidir! Elə məhz bu sualları cavab alarkən, “Simit var”ın tanınmış aparıcısı, davranışları ilə illərdir cəmiyyətə örnək olan Çatmaqaş Şəlbaxışovla utanmadan xalxın qızına qoşulub qaçan, bütün nəslinin papağını yerə soxan Arzu arasında yaşanan polemikanı olduğu kimi tamaşaçılarımıza təqdim edirik.

 

- Ə, sən nə kişisən? Kişi də qıza qoşulub qaçar? Niyə qoşulub qaçmısan? Normal adam kimi evdən köçə bilmirdin?

 

- Anam məni vermirdi Fikrətə. Mən də Fikrətsiz yaşaya bilmirdim, dedim, gəl məni qaçırt. Dedim, Fikrət, küsmə ay sevimli ceyran, dərdim çox, dözə bilmirəm, sənsiz yaşaya bilmirəm, üz bürüyüb qaçma məndən, mən sənsiz yaşaya bilmirəm, sənsiz yaşaya bilmirəm, sən-siz yaşaya bilmirəm, səənsiz yaşaya bilməm.

Fikrət də gördü, onsuz yaşaya bilmirəm, dedi, “gecə saat 2-də, qırmızı “012”-də, dal qapını açdırım, səni götürüb qaçırdım”. Film gibi yani.

 

- Ə, canımçün cıraram səni. Yanıram, Ay Allah. Hələ bunun qaşına bir bax. Qaşını niyə aldırırsan, əə?  (aparıcını ətrafdakılar güclə sakitləşdirir – red.)

 

- Qaşımı da Fikrət istədi deyə aldırmışam. Fiko dedi qaşların qalındı, sənə belə yaraşmır. Mən onun sözündən çıxa bilmərəm.

 

- Arzu, bax, özün cavan oğlansan dəə. Fikrət xanıma qoşulub qaçmısan. Tamaşaçılarımız sənə baxır. Burdan öz yaşıdlarına nə məsləhət görərdin? Onlar da sənin kimi qoşulub qaçsınlar, yoxsa analarının sözünə qulaq assınlar?

 

- Anam mənim günümü göy əsgiyə bükmüşdü, imkan vermirdi istədiyim kimi yaşayım. Mən burdan cavanlara demək istəyirəm ki, çalışsınlar, özlərini tanısınlar. Mən özüm, ümumiyyətlə özünü tanıyan oğlanam. Hər şey özünü tanımaqdan başlayır.

 

- Nə vaxtdan tanımağa başladın özünü?

 

- İlk dəfə özümü 8 yaşımda tanıdım. Səhər dərsə gedirdim. Evdən çıxanda gözüm aynaya sataşdı, görən kimi özümü tanıdım. Özümü tanıyandan bəri də beləyəm. Ümumiyyətlə, hər adam özünü tanımalıdı. Fikrət də özünü tanıyır. Özümüzü yaxşı tanıdığımız üçün də özünü tanıyan cayıllara hörmət eləyirik. Sən özünü tanıyırsan?

 

Söhbətin bu yerində kənarda dayanan Fikrət xanım əlindəki siqareti divarda söndürərək, bizə yaxınlaşıb, Arzunun anasına bir neçə kəlmə söz demək istədiyi bildirdi.

 

- Bayaqdan qulaq asıram, dözə bilmədim. Arzuya bu qədər təzyiq edirsiniz. Anası onu bezdirmişdi.

Kamandar xala, siz axı niyə Arzunun xoşbəxt olmağını istəmirsiniz? Mən sizə sual verirəm, Kamandar xala, sizin qıdıız var?

 

Kamandar xanımın bir qızının olduğunu Fikrətə xatırladırıq.

 

- Kamandar xala, vaxt gələndə, özüüz peşman olacaxçı. Mən oğlana demişəm, sözümü, vəssəlam.

 

Aparıcımız Çatmaqaş Şəlbaxışov isə Fikrətin bu gözlənilməz reaksiyasına çox kəskin cavab verdi.

 

“Oy, oy, oy, sən çox təhlükəli adamsan, Fikrət, çox təhlükəli adamsan. Kamandar xanım, siz çox gözəl dediniz, bu qız sizin ocağınızda bəy olmağa layiq deyil. Dur çıx, dur, dur, tərbiyəsizzz. Ayıb olsun sənə! Mən şoka düşdüm sənin anayla danışmağına”.

 

Operatorlar aparıcının bu qeyrətli hərəkətini alqışlayırlar. O isə alqışlara “sizin qeyrətinizə qurban olum!” deyərək, qarşılıq verir.

 

Elə bu məqamda Arzu ayağa qalxaraq, “əgər Fikrət gedirsə, mən də gedirəm” deyərək, studiyamızı tərk edir.

 

Gurultulu alqışlarla. Pərdə qapanır.

 

P.S. Bu yazı Lent.az-ın “Anti-şou” adlı layihəsi çərçivəsində yazılmışdır. Bundan sonra bu layihədə Azərbaycan teleməkanında yayımlanan bir sıra verilişlərdə zərər çəkən şəxslərin dərdlərini dinləyəcək, bu proqramların onların həyatlarında necə mənfi izlər buraxdığını sərgiləyəcəyik. Layihədə oxuduğunuz və oxuyacağınız bütün şəxs və qurumlar tamamən xəyal məhsuludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6644
avatar

Anar Gəraylı

Oxşar yazılar