Təhsil Nazirliyində «Səmərəli məktəb» layihəsinin hesabat iclası keçirilib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Təhsil naziri Misir Mərdanov Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Təhsil Nazirliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin (MTTYMİB) reallaşdırdığı «Səmərəli məktəb» layihəsi haqqında ətraflı məlumat verib. Nazir 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihənin əsas məqsədinin məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsindən ibarət olduğunu bildirib.
Layihədə Bakıdan 3, respublikanın digər şəhərlərindən 9 məktəb olmaqla, 12 təhsil müəssisəsinin iştirak etdiyini nəzərə çatdıran M. Mərdanov layihənin 6 komponent üzrə həyata keçirildiyini söyləyib. M. Mərdanov pilot olaraq həyata keçirilən «Səmərəli məktəb» layihəsinin məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib.
Sonda layihənin yekunlarına dair müzakirələr aparılıb, müvafiq təkliflər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.