Yasamal rayonu 20 saylı məktəb-liseydə “2013-2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar növbəti seminar keçirilib. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, həmçinin, Səbail, Yasamal və Qaradağ rayonu ümumtəhsil müəssisələri və peşə liseylərinin əlaqələndiriciləri iştirak ediblər.
Ümumtəhsil məktəblərində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun əməkdaşları təqvim planı üzrə yerinə yetiriləcək işlər və “Şagird-məzun” sistemindən istifadə qaydaları haqqında geniş məlumat veriblər. “Şagird-məzun” sistemində yaradılmış yeni imkanlar seminar iştirakçılarına əyani şəkildə nümayiş etdirilib. İşin gedişində qarşıya çıxan məsələlərlə bağlı müzakirələr aparılmış və tədbir iştirakçılarını maraqlandıran suallara ətraflı cavablar verilib.
Qeyd edək ki, belə bir tədbir Nizami rayonu 220 saylı məktəb-liseydə də keçirilib. Seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, habelə Nərimanov və Nizami rayonu ümumtəhsil müəssisələri və peşə liseylərinin əlaqələndiriciləri iştirak ediblər.