Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” II Respublika müsabiqəsi öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, 2 gün davam edəcək müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Mədəd” təşkilatının birgə təşkilatçılığı ilə keçirilir. Fevralın 9-da Bakı və Sumqayıt məktəbliləri üçün keçiriləcək “Açıq qapı” tədbirində məktəblilər tədqiqat layihələrinin sərgisi ilə tanış ola biləcəklər.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, müsabiqədə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak edir. Nazirin sözlərinə görə, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinə baxış keçirilməsi və ciddi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da hər il keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə - Intel ISEF-ə göndərilməsidir: “Müsabiqədə 73 elmi layihə ilə 116 şagird iştirak edir. Həmin layihələrdən 37-si kollektiv, 36-sı isə fərdi şəkildə hazırlanıb. Keçən ilə nisbətən layihələrin sayı 47-dən 73-ə qədər artıb. Bakıda yerləşən məktəblərdən 34 layihə 52 şagird, Sumqayıt məktəblərindən isə 39 layihə 64 şagird müsabiqəyə buraxılıb”.
Gənclər və idman naziri Azad Rəhimov isə ölkədə belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirib. O bildirib ki, bu müsabiqəyə qoşulan gənclərin sayı ildən-ilə artır.
Müsabiqə iştirakçılarına bir sıra ali məktəblər tərəfindən elmi dəstək veriləcək, şagirdlərə həmin təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək imkanı yaradılacaq. Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Qafqaz Universiteti tərəfindən verilir. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilən 5 şagird isə cari ilin ay ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak edəcək.