“RAHAT” market nazirliyə cavab verdi - YENİLƏNİB
25 fevral 2013 18:44 (UTC +04:00)

“RAHAT” market nazirliyə cavab verdi - YENİLƏNİB

 

Lent.az-a daxil olan müraciətdə bildirilir:

 

“Bu gün İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi ev 15 ünvanında fəaliyyət göstərən “Rahat” mağazasında aparılan yoxlama zamanı guya istehlakçıların qiymətdə aldadıldığının müəyyən edildiyi haqda press-reliz yayımlayıb.

 

Qeyd etmək istərdik ki, adı çəkilən “Rahat” marketdə rəf qiyməti ilə kassa qiyməti arasındakı uyğunsuzluqlar alıcıların aldadılması kimi qələmə verilib. Halbuki, yoxlama zamanı bir sıra məhsulların qiymətinin kassa aparatının yaddaşında rəf qiymətlərindən ucuz olduğu aydın olmuşdu.

 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hadisəni birtərəfli qaydada şərh etməsindən təəssüf hissi keçirdiyimizi qeyd edərək bildirmək istərdik ki, bu məsələ ilə bağlı adı çəkilən qurum hələ ki, şirkətimizdən rəsmi açıqlama tələb etməyib. Yoxlamanın sonunda tərtib olunmuş aktda olan digər müsbət məqamlardan isə yazıda ümumiyyətlə bəhs olunmur. Bir məqamı da qeyd edək ki, işə baxılması 22 fevral 2013-cü il tarixli 03963 saylı Qərardada əsasən 2013-cü il mart ayının 7-si, saat 10:30-a təyin olunub. Faktiki olaraq, bu tarixdən əvvəl mətbuata hər hansı informasiyanın ötürülməsi qanun pozuntusudur.

 

Yazıdan bir hissəni diqqətinizə çatdırırıq: “ ….bununla da malların qiyməti barədə onların üzərində aşağı qiymətlər göstərərək  istehlakçılara guya bu mağazada malların digər mağazalarla müqayisədə ucuz olması barədə məlumat verilməklə, onların qiymətdə aldadılmasına yol verilib”. Sual olunur qurum qeyd olunan məhsulların qiymətlərinin bazar araşdırması aparıbsa, niyə bu informasiyanı yaymır. Və ya bunun mövzuya nə aidiyyəti var.

 

Hadisənin bu yönümlü işıqlandırılmasını “Rahat” marketlər şəbəkəsinin imicinə xələl gətirməsi səbəbindən, “ANC Group” MMC aidiyyəti dövlət qurumlarına şikayət ərizəsi təqdim edəcəkdir.

 

Oxucularımız üçün qeyd edək ki, yoxlama aparılan gündən bir gün əvvəl qeyd olunan mağazada elektrik enerjisinin verilməsində fasilələr yaranmış və qiymətlərin sistemə yüklənməsində problemlər meydana çıxmışdır. Bunun nəticəsi olaraq, müəyyən məhsulların rəf qiyməti ilə kassa qiyməti arasında uyğunsuzluqlar yaranmışdır.

 

Əsas konsepsiyası halallıq, sağlam məhsullar və qənaətli qiymət olan “Rahat” marketlər şəbəkəsi alıcıların rəğbətini qazanmış bir şəbəkədir. Ümidvarıq ki, alıcılarımız bu tip qərəzli yazılara obyektiv münasibət göstərəcəkdir”. 

 

****

15:54

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi ev 15 ünvanında fəaliyyət göstərən “Rahat” mağazasında aparılan yoxlama zamanı istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mağazanın ticarət zalında istehlakçılara təklif olunan malların üzərində göstərilən qiymətlərin nəzarət kassa aparatının (NKA) yaddaşındakı qiymətlərdən aşağı olduğu aşkarlanıb.

 

Yoxlama zamanı malın üzərindəki qiymətlə NKA-nın yaddaşındakı qiyməti müqayisə edilmiş 126 çeşiddə maldan 20-nin NKA-nın yaddaşındakı qiymətlərinin malın üzərindəki qiymətlərdən artıq olduğu, bu malların hər vahidinə görə istehlakçılardan 1-57 qəpik artıq pul alındığı aşkarlanıb. Bununla da malların qiyməti barədə onların üzərində aşağı qiymətlər göstərərək  istehlakçılara guya bu mağazada malların digər mağazalarla müqayisədə ucuz olması barədə məlumat verilməklə, onların qiymətdə aldadılmasına yol verilib.

 

Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar mağazanın məxsus olduğu “ANC GROUP” MMC barəsində qanunvericiliyə müvafiq tədbirlər görülür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6556
avatar

Oxşar yazılar