Azərbaycanın “Qırmızı kitab”ının ikinci nəşri hazırlanıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru İlham Ələkbərov bildirib.
Onun sözlərinə görə, “Qırmızı kitab” ölkə prezidentinin sərəncamı əsasında AMEA-nın Zoologiya və Botanika institutları tərəfindən hazırlanıb. Kitaba Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinə dair məlumatlar və onların areallarının xəritələri daxil edilib. Artıq kitabın siqnal nüsxəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Yaxın vaxtlarda kitabın geniş müzakirəsi keçiriləcək.
İ.Ələkbərov deyib ki, ilk nəşrdən fərqli olaraq “Qırmızı kitab”a daxil edilən heyvan növlərinin sayı artıb. Belə ki, “Qırmızı kitab”ın ilk nəşrinə 108 nəsli kəsilməkdə olan və nadir heyvan növü daxil edilmişdisə, yeni nəşrə 205 növ heyvan daxil edilib. Yeni nəşrə nəsli kəsilməkdə və nadir olan 300 bitki və göbələk növü də salınıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanın “Qırmızı kitab”ı hər 10 ildən bir nəşr olunmalıdır. Lakin kitabın nəşri 24 il gecikib. “Qırmızı kitab”ın ilk nəşri 1989-cu ildə çap olunub.