Tərtərdə “Qarabağdan Anadoluya könül körpüsü” adlı tədbir və böyük konsert proqramı keçirilib. Lent.az-ın məlumatına görə, tədbir “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-in eyni adlı layihəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Günü və Azərbaycan Demokratik Respublikasının qurulmasının 95 illiyi münasibətilə təşkil olunub.
Millət vəkili Qənirə Paşayeva konsertə Türkiyənin tanınmış sənətçisi Mustafa Yıldızdoğanın gəldiyini deyib: "O, bu konserti verməyə mənəvi haqqı olan sənətçidir. Çünki o, İstanbulda, Taksimdə "Xocalıya Ədalət!" şüarı altında keçirilən böyük mitinqə qatılan sənətçilərdən biridir”.
Şəhid, məcburi köçkün, qaçqın ailələri və rayon ictimaiyyəti üçün təşkil olunan konsertdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin rəhbəri Qənirə Paşayeva, millət vəkili Sahib Alıyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, türkiyəli sənətçi Mustafa Yıldızdoğan və “Gövhər” Qrupun rəhbəri Gövhər Həsənzadə iştirak ediblər.
Tədbirdə M. Yıldızdoğana rəssam Sabir Çopurovun neftlə çəkdiyi “Qarabağ xanəndələri" tablosu hədiyyə edilib.