Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatı 7 üzvünə və “Azad” Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı qaldırılmış cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə vəkil Xaliq Bağırov hüquqlarını müdafiə etdiyi İ. Rüstəmzadə barəsindən həbs-qət imkan tədbirinin noyabrın 17-də başa çatdığını bildirdi və onun hazırda həbsdə qanunsuz qalmasına dair vəsatət qaldırdı.
X. Bağırov ittiham olunan şəxslərin dəmir barmaqlılar arasında çıxarılaraq, məhkəmə zalında vəkillərin yanında əyləşdirilmələri ilə bağlı vəsatət qaldırıb. Daha sonra hakim dövlət ittihamçısı Nemət Əvəzova söz verərək, vəkillərin qaldırdıqları vəsatətlərə münasibət bildirməsini istəyib. Dövlət ittihamçısı məhkəmədən vəsatətlərin təmin olunmamasını xahiş edib.
Bundan sonra N. Əvəzov işin məhkəmə baxışına verilməsini hakimdən xahiş edib. Məhkəmənin gedişində işıqlar sönüb və məhkəmə 5 dəqiqə fasilə elan edib. Bundan sonra isə hakimlər vəsatətlərə münasibət bildirmək üçün müşavirəyə gediblər.
Məhkəmənin noyabrın 22-də saat 10-da davam etdiriləcəyi bildirilib.
Onu da qeyd edək ki, hakim iclasda çıxış edən Aslan İsmayılovdan əyləşməyi tələb edib. Vəkil isə onun bu şəkildə məhkəmə aparmasına etiraz bildirib. Bu zaman hakim vəkilin zaldan çıxarılmasını istəyib. A. İsmayılov zaldan çıxıb.