“Nə? Harada? Nə zaman?” oyunu VI Çağırış Kubokunun finalı keçirilib. Lent.az-ın məlumatına görə, yarış Prezident yanında Gənclər Fondunun maliyyə, Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilati dəstəyi və “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasının lisenziyası ilə Azərbaycan Müəllimlər İnstitutu, “İrəli” İctimai Birliyi, “Xəzər” İntellektual Gənclər Klubu və MFX Group-un birgə təşkilatçılığı baş tutub. Yarışda Bakı, Şamaxı, Quba, Lənkəran, Naxçıvan, Salyan, Cəlilabad, Ağcabədi, Beyləqan, Lənkəran, Biləsuvar, Mingəçevir, Şəki, Zaqatala, Gəncə, Qazax və Sumqayıtda 16-27 noyabrda təşkil olunan seçim turları nəticəsində finala qazanan 71 komanda iştirak edib. Kempinski Hotel Badamdarda təşkil olunan finalda açılışı sözü ilə çıxış edən Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov turnirin əhəmiyyəti və görülən işlər barədə danışıb. S.Teymurov bildirib ki, “Nə? Harada? Nə zaman?” oyunu VI Çağırış Kubokuna ümumilikdə 2000-ə yaxın gənc cəlb olunub.
Çıxış edən qonaqlar turnirin əhəmiyyətindən və görülən işlərdən danışıblar. Bundan sonra hərəsində 15 sual olan 4 turdan sonra qaliblər müəyyən olunub. 60 sualdan 37 xalla Avalon komandası birinci yerə yiyiləndi. Diplomat komandası ikinci, BDU United komandası isə üçüncü olub.
Qalib komandanın üzvlərinə hədiyyələr təqdim edilib.