“Nargin” supermarketində pozuntular aşkarlandı
30 iyul 2013 14:52 (UTC +04:00)

“Nargin” supermarketində pozuntular aşkarlandı

 

Müəssisənin istehsal sexində çörəyin və “qat-qat” şərq şirniyyatının istehsalı və satışı qadağan olunub

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu ev 4, məh. 851-852 ünvanında fəaliyyət göstərən fiziki şəxs Anar Əzizzadəyə məxsus “Nargin” supermarketində və müəssisənin istehsal sexində (etibarnamə ilə müəssisəyə rəhbərlik edən şəxs Səttar Əbilovdur) dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, marketdə satılan məhsulların bir neçəsinin, o cümlədən istehsal olunan məhsulların uyğunluq sertifikatları yoxdur, müəssisədə istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.

Şərq şirniyyatları və çörək istehsalı aparılan sexdə sanitariya norma və qaydalarına əməl olunmur, istehsal texnoloji təlimat və resepturalar olmadan aparılır. Bundan başqa, anbarda yerləşən soyuducu kameralarda məhsulların saxlanma rejiminə əməl olunmur, yumurta məhsulunun qəbulu, saxlanması normaları kobud şəkildə pozulur, nəticədə keyfiyyətini itirmiş məhsulun satışı həyata keçirilir. Araşdırma zamanı bitki mənşəli yağların, duru yağların saxlanması, istifadəsinin standartın tələblərinə uyğun həyata keçirilmədiyi müəyyən olunub.  Soyuducu kamerada mənşəyi məlum olmayan xeyli sayda süd məhsulları, ədviyyatlar və qida qatqıları aşkarlanıb.

Bu və digər nöqsanlarla əlaqədar olaraq “Nargin” supermarketində uyğunluq sertifikatı olmayan məhsulların satışının dayandırılması ilə bağlı tələbnamə verilib, İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, inzibati protokol tərtib edilib. Fiziki şəxs Anar Əzizzadəyə məxsus sexdə çörəyin və “qat-qat” şərq şirniyyatının istehsalı və satışı qadağan olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1145
avatar

Oxşar yazılar