Ölkəmiz haqda keçirilən müsabiqənin qalibi olan 9 ölkənin gənci ölkəmizdə səfərdədir.
Lent.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi ilə birgə cari ilin fevral-may aylarında Argentina, Braziliya, Belçika, Cənubi Afrika Respublikası, Estoniya, Vyetnam, Kanada, Macarıstan və Meksikanın gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda aşağıdakı tematik mövzular üzrə esse yazı müsabiqələri keçirib:
- Heydər Əliyev: Azərbaycan xalqının Ümummilli Lideri;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları;
- Azərbaycanın iqtisadi inkişafı;
- Azərbaycanın neft və qaz strategiyası;
- Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti;
- Azərbaycanın əhalisi, dili, adətləri və dini;
- Azərbaycanın beynəlxalq siyasətdəki rolu;
- Azərbaycan və digər ölkələr: tarixi əlaqələr
Müsabiqələrin keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyən etmək, xarici ölkələrin gəncləri arasında Azərbaycan haqqında məlumatlandırmanı artırmaqdır.
Müsabiqənin qalibləri iyul 2-dən etibarən ölkəmizdə səfərdədirlər. İyulunu 14-dək davam edəcək səfər çərçivəsində müsabiqə qaliblərinə Azərbaycanı daha da yaxından tanımalarına və öyrənmələrinə şərait yaradılacaqdır.
Səfər çərçivəsində qaliblər Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və hədiyyələri ilə mükafatlandırılacaqlar. Proqrama əsasən qaliblər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Heydər Əliyev Mərkəzində, Bakıda fəaliyyət göstərən Məscid, Sinaqoq və Kilsədə, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji - Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Azərbaycan Tarix Muzeyində, Nizami Gəncəvi adına Muzeydə, Təsviri Sənət Muzeyində, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyində, İsmayıllının Lahıc kəndində, İsmayıllıda, Qəbələdə, Şəkidə, Gəncədə, Göy-Göldə və s. yerlərdə olub, Aərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olublar.
Qaliblərin mükafatlandırılması mərasimi 11 iyul 2014-cü il tarixdə saat 11.00-də «ADA» Universitetində keçiriləcək.
Qeyd edək ki, tədbir prezident İlham Əlieyin iyulun 7 –i 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının müvafiq yarımbəndinin (xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələrin keçirilməsi) icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.