Bu gün “Kaspi” Təhsil Şirkəti tərəfindən (əvvəlki “Kaspi” Təhsil Mərkəzi) 2013-2014-cü tədris ilinə dair yekun hesabatın verilməsi və gələcək plan, nailiyyətlərdən ictimaiyyəti xəbərdar etmək məqsədi ilə ənənəvi mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən “Kaspi” Təhsil Şirkətinin təsisçisi və İdarə Heyətinin sədri Sona Vəliyeva bildirib ki, 2013-2014-cü tədris ilində “Kaspi” Təhsil mərkəzləri abituriyent hazırlığı üzrə 97 faiz nəticə göstərib.
Onun sözlərinə görə, tələbələrin 10 faizi 600-dən yuxarı, 25%-i 500-600 arası, 35 faizi isə 400-500 arası bal toplayıb: “Üç tələbə isə daha yüksək nəticələr göstərərək Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Tibb Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar. Şirkət fəaliyyət göstərdiyi gündən indiyədək 5 minə yaxın abituriyent ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıb. Bu il Kaspi Təhsil Şirkətinin 150-yə yaxın tələbəsi xaricdə təhsil almağa göndəriləcək. Şirkət hər zaman tələbələrə yüksək səviyyədə təhsil vermək, eyni zamanda, gələcəyə peşəkar kadr hazırlamaq üçün çalışır".
Tədbirdə təhsil ocağının fəaliyyət göstərdiyi 7 il ərzində digər uğurlarından söz açan şirkətin direktoru Elnur Əliyev “Kaspi”nin mərkəz kimi fəaliyyətə başlaması, inkişafı yolunda atılan addımlardan danışıb. E. Əliyev “Kaspi”nin artıq "Şirkət" statusu daşıması barədə də məlumat verib: "Diqqət yetirilən digər mühüm məqam isə “Kaspi” Təhsil Şirkətinin yeni "Kaspi liseyi"nin və bu liseyin nəzdində "Kaspi uşaq bağçası"nın açılışıdır. Bu il həmçinin şirkətin 2 filialı - Nəsimi və Masazır ərazində fəaliyyətə başlayacaq. Yeniliklər bununla kifayətlənmir və gələcəkdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək".
Tədbirin sonunda yüksək nəticə göstərən tələbələrə şirkət tərəfindən hədiyyələr təqdim olunub.