Lənkəranda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər" mövzusunda konfrans keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Tədbirdə Lənkəran iqtisadi rayonuna daxil olan icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.
Çıxış edən Nazirliyin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların simasının günü-gündən dəyişdiyini, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldiyini vurğulayıb. Qeyd edilib ki, son illər bu sahədə bir sıra qanunvericilik aktları qəbul edilmişdir ki, bunlardan biri də yeni Mənzil Məcəlləsidir. Məcəllə vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial-müdafiə mexanizminin yaradılması istiqamətində Nazirlik tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir
Tədbirdə çıxış edən Avropa Komissiyasının "Azərbaycan Respublikasında Mənzil-kommunal sahəsində islahatlara dəstək" layihəsinin rəhbəri, Avropa İttifaqının eksperti Yerji Fişer Azərbaycanın mənzil-kommunal sektorunda islahatlar, bu sahənin yeni Mənzil Məcəlləsinə uyğun olaraq idarə olunması, Avropa ölkələrinin təcrübəsi barədə danışıb.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qəbul edilməsi ilə bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilib.